Əlaqə Arxiv
news Image
2020.09.26
08:45
| A A A
Qarabağ münaqişəsinin həllində Türkiyənin rolu qaçılmazdır
Münaqişənin həllində dayaq nöqtəsinin koordinatları dəyişir


Qarabağın azadlığını kim istəyir, kim bunun üçün çalışır, kim Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcək? Az-çox savadı təfəkkürü olan hər bir kəs, təbii ki, birmənalı olaraq bu suallara “Azərbaycan” deyə cavab verər. Amma bir qərinəyə yaxındır ki, münaqişə başlanılıb, həmişə kənar dövlətlər gah əl altdan müharibəni qızışdırıb, hətta idarə edib, gah məsləhət verib, hədə qorxu-gəlib, gah da münaqişə üzərində özünün geostrateji maraqlarını həll edib.
Artıq situasiya elə bir dərəcəyə çatıb ki, itirilən hər gün böyük bəlalara səbəb olacaq sonluğa doğru gedir. Fəlakətin miqyasını azaltmaq üçün indi Türkiyə faktoru dövriyyəyə daxil olub və Azərbaycanın tərəfindən Qarabağın azad edilməsi ilə Cənubi Qafqazda sülhün və asayişin bərpa olunması üçün çalışır. Bu fakt Ermənistan-Azərbaycan qarşıdurmasında tərəflər arasında tarazlığın nisbətən bərpasına səbəb olub. Buna baxmayaraq düşmən məkrli niyyətlərindən əl çəkməyib və işğala son qoymaq fikrindən uzaqdır.
Bu gün münaqişə üzərində vəziyyət tamamilə dəyişib. Azərbaycan bütün parametrlər üzrə düşməni üstələyib və əgər kənar müdaxilələr, xüsusilə də Kremlin birtərəfli mövqeyi olmasa, hər an Azərbaycan hərbi-siyasi gücü və nüfuzu ilə ərazi bütövlüyünü bərpa edə bilər. Ən azından daha Azərbaycan tək deyil və Türkiyənin ölkəmizi birmənalı olaraq müdafiə etməsi münaqişənin həlli prosesinə yeni müsbət çalarlar gətirib. Artıq beynəlxalq ekspertlər də bu dəyişikliyi görür və qeyd edirlər. Vaxtilə həmsədrlərdən biri olmuş, ABŞ-ın Azərbaycandakı səfiri işləmiş Metyu Brayza uzun illərdir ki, münaqişə ətrafında baş verənləri izləyir və fikirlərini ictimaiyəətləı bölüşür.
Bir neçə il əvvəl o yazırdı ki, ABŞ və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə öz töhfələrini verməyincə, mən münaqişənin həllində irəliləyiş gözləmirəm. O bildirirdi ki, ABŞ və Rusiya bu məsələni ikitərəfli əlaqələrin gündəliyinə daxil etməlidir: “İndi bu ölkələr arasında demək olar ki, əlaqə yoxdur. Həmsədrlər gələcək, həll yolları axtaracaq, danışıqlar aparacaqlar. Amma qeyd etdiyim məsələ olmasa, irəliləyiş olmayacaq”.
Bir neçə ay əvvəl isə amerikalı ekspert münaqişəyə görə Ermənistanın KTMT-yə arxayınlığı barədə deyirdi: “Fikrimcə, KTMT Ermənistan hücuma məruz qalmadığı təqdirdə heç bir ssenaridə hər hansı bir rol oynamayacaq. Çünki KTMT müdafiə xarakterli hərbi alyansdır, burada hər bir üzv dövlət hücuma məruz qalan istənilən üzv dövlətin köməyinə gəlmək öhdəliyi daşıyır. Əgər Ermənistan hər hansı hərbi əməliyyatlara başlasa, KTMT bu məsələyə qatılmayacaq. Rusiya da KTMT-nin digər üzvləri kimi Ermənistanın və ya hər hansı bir digər dövlətin təxribatçı fəaliyyətini dəstəkləmir. Ermənistan tək və dəstəksizdir”. M.Brayza qeyd edirdi ki, Ermənistan hökuməti təkcə “Qarabağ Ermənistandır” kimi fikirlər deyil, həm də Azərbaycana qarşı mümkün hərbi əməliyyatlar barədə də çox təxribatçı bəyanatlar səsləndirir: “Bu, əlbəttə ki, Ermənistanın ATƏT Minsk qrupu çərçivəsində beynəlxalq səviyyədə qəbul olunmuş öhdəliklərinə ziddir. Bu, sadəcə Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən hansısa ümidsizliyi əks etdirir. Paşinyanın təxribatçı bəyanatlarına senytabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyev çox kəskin cavab verdi. Rusiya KİV-ləri Prezident İlham Əliyevin açıqlamalarını yayımlayıb, amma Ermənistan tərəfinin cavabını dərc etməyib ki, bu da qeyri-adi haldır. Hesab edirəm ki, Rusiya Ermənistanın addımlarının qəbuledilməz olduğu və bu gün danışıqlar çərçivəsindən çıxdığı ilə razılaşır”.
Bu gün Metyu Brayza fikrini dəyişib və o proqnozlaşdırır ki, Qarabağ münaqişəsinin həlli kənar oyunçulardan artıq Rusiya və Türkiyədən asılıdır. Onun belə bir nəticəyə gəlməsi Türkiyə-Azərbaycan əlaqələrinin son dərəcə-strateji müttəfiqlik səviyyəsində möhkəmlənməsi və Ermənistan-Rusiya münasibətlərinin xeyli dərəcədə pisləşməsinə görədir. Artıq Türkiyə hərbi-siyasi nüfuzu ilə Cənubi Qafqaza daxil olub. Onu buradan uzaqlaşdırmaq və Azərbaycandan aralamaq mümkün deyil. Rusiya isə Qafqazdakı mövqeyini itirsə, bütünlüklə dünyadakı hökmranlıq ambisiyaları olduqca zəifləyəcək. Buna görə də Qarabağ münaqişəsi üzərindən Ermənistan və Azərbaycana təsir imkanlarını əldən vermək fikrində deyil. Bu da o deməkdir ki, Qarabağın azadlığı uğrunda Türkiyə Azərbaycan qədər, Qarabağda ermənilərin hökmran olması üçün Rusiya Ermənistan qədər səy göstərir. İndi əsas mübarizə bu dörlük arasında gedir. Ancaq Türkiyənin bir üstünlüyü var ki, o, Azərbaycanla bərabər səviyyəli ittifaq daxilində çalışırsa, Rusiya Ermənistana öz forpostu, Ermənistan isə Rusiyaya onu buxovda saxlayan monopolist münasibəti sərgiləyir. Yəni, Azərbaycanın mövqeyi daha şəffaf və birmənalıdır ki, mübarizədə bu amilin böyük üstünlüyü diqqəti cəlb edir. Güman etmək olar ki, hadisələrin bundan sonrakı inkişafında Türkiyənin oynaya biləcəyi rol daha da genişlənəcək və Qarabağın azadlığı prosesi müsbət məcrada və ədalətli əsasda sürətlənəcək.
N.NOVRUZ

 

Sizin Reklam Yeriniz