Əlaqə Arxiv
news Image
2020.09.28
14:38
| A A A
Dünya Azərbaycanı dəstəklədiyi halda Ermənistan tək qaldı
Gözünü məsləhətləşmələrə dikən düşmən nə edəcəyini bilmir

 

Müharibə yenidən başlayıb. Erməniliyin Qafqazda tanımadığı hüdudlar onun başına dar edilir. Ermənistan qoşunlarının növbəti təxribatşı hücumuna geniş əks-hücumla cavab verən Azərbaycan ordusunun yarı yolda dayanmaq niyyəti yoxdur. Geniş əks hücumla bağlı Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində qeyd edib ki, bizim istəyimiz olsaydı, hərbi döyüşləri Ermənistan ərazisinə keçirə bilərdik, ancaq bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur: “Ermənistan bu təxribatı törətməklə hansı məqsədi güdürdü? İlk növbədə, Azərbaycan torpaqlarının işğalı onların planındadır və onlar bunu gizlətmirlər. Onların hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə çalışırdı, yeni ərazilər uğrunda yeni işğal siyasəti. Budur, bu gün Ermənistan hərbi-siyasi rəhbərliyinin siyasəti. Digər səbəb Ermənistanda mövcud olan çox ciddi sosial, iqtisadi və siyasi məsələlərdən ölkə əhalisinin fikrini yayındırmaq və Azərbaycandan düşmən obrazı yaratmaqdır. Daha bir səbəb isə ondan ibarətdir ki, Ermənistan hər vəchlə çalışır ki, danışıqlar prosesi pozulsun və deyə bilərəm ki, buna nail olub. Məhz Ermənistanın riyakar, qeyri-konstruktiv və yalançı siyasəti nəticəsində hazırda danışıqlar faktiki olaraq dayanıbdır”.

Dağlıq Qarabağın azərbaycanlı icması cəbhədə yaranmış vəziyyət, Ermənistan ordusunun hücumu barədə verdioyi bəyanatda deyilir: “Biz, işğalın və etnik təmizləmənin qurbanı olan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq Ermənistanın bu hücumunu və törətməkdə davam etdiyi müharibə cinayətlərini ən kəskin formada pisləyirik. Biz, təcavüzkar Ermənistan qoşunlarının bütün işğal etdiyi ərazilərimizdən dərhal çıxarılmasını tələb edirik. Yetər 30 ildir gözlədik, artıq evlərimizə qayıtmaq istəyirik. Keçən illər göstərdi ki, təcavüzkar Ermənistan, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini və digər beynəlxalq təşkilatların sənədlərini ayaq altına ataraq, tapdalanmış hüquqlarımızın bərpasına imkan vermədi”. 

Bu fikirlər çılpaq həqiqətdir və dünya birliyi bunu dəqiq bilir. Buna görədir ki, ermənilərin dinc əhalini atəşə tutub qətl törətmələrinə görə Azərbaycan ordusunun hücumu haqlı sayıldığına görə dünya ictimaiyyəti atəşin dayandırılması üçün siyasi qaydalar çərçivəsində çağırışlar edir. Təbii ki, beynəlxalq siyasətin aparıcı qüvvəsi olan dövlətlərin rəhbərləri döyüşlərin gedişini diqqətlə izləyirlər. Burada söhbət təkcə təcavüzkara qarşı zərərdidin cavabı izlənilmir, kimin hansı şəkildə müharibəyə yanaşması əsas şərtdir. Çünki, Qafqazda gözü olan dövlətlər çoxdur. Onlar regiona nüfuz etmək üçün girəvə gəzirlər. Ermənistanın işğalçı siyasəti bunun üçün münbit şərait yaradır. Lakin Rusiyanın Ermənistanı qoltuğuna alması digərlərinə əl-qol açmağa imkan vermir. Müstəqil Azərbaycanın özü və dostları Rusiyanın ölkəmizdə hərbi qüvvə saxlamaq istəyinə göz yummurlar. Vəziyyətin necə olduğunu ermənilər də anlamamış deyillər.

Sentyabrın 27-də keçirilən Ermənistan parlamentinin təcili iclasında “Maariflənən Ermənistan” partiyasının deputat fraksiyasının lideri Edmon Marukyan baş nazir Paşinyandan tələb edib ki, beynəlxalq ictimaiyyətin rəyləri və çağırışları heç nəyi dəyişmir, biz özümüz məsələni birdəfəlik həll etməliyik, Ali Baş Komandan dərhal hücuma keçmək əmri verməlidir: “Uzun illər ərzində Qarabağ ətrafında danışıqları gözləməklə sürüşkən sülh vəziyyəti yaranıb. Ancaq indi hamı başqa dünyada-güc dünyasında yaşayır. Heç kim gəlib kimin haqlı, kimin haqsız olmasını mühakimə etməyəcək, hamı gözləyəcək ki, kim cəbhədə hara qədər irəliləyəcək. Buna görə də bu məsələni biz özümüz həll etməli, sonrakı nəsillərə saxlamamalıyıq”. Fraksiya rəhbəri sözlərinə onu da əlavə edib ki, 2016-ci ilin aprelində olduğu kimi indi-2020-ci ilin payızında deputatlar səhər tezdən dünyanın müxtəlif guşələrinə məktublar göndərirlər, ancaq ölənlər və yaralananlar heç kimin vecinə deyil.

Beləcə, Ermənistanın dünyada təkləndiyini ermənilər özləri də etiraf edirlər. Çünki, haqsızdırlar və təcavüzkardırlar. Üstəlik, həmişə başqalarının yardımı ilə meydana atılırlar., öz güclərinə qalsa heç indiki forpost dövlətlərini də yarada bilməzdilər. Bunlara görə Nikol Paşinya cürət edib “hücum” əmri verə bilməz. Bir də hücuma keçmək üçün əvvəlcə qarşısıalınmaz hücumu dəf etmək lazımdır, bu da Ermənistan silahlı qüvvələrinin imkanı xaricindədir. Artıq Azərbayca ordusunun rəhbərliyi çox qan tökülməməsi üçün bir neçə dəfə erməni komandirlərə təslimolmağı təklif edib. Hətta əsrlərlə beynəlxalq konvensiyalar çərçivəsində rəftar ediləcəyini də vurğulayıblar. Lakin həddən ziyadə qan tökmüş, azərbaycanlıların soyqırımını törətmiş müharibə caniləri hələ ki qorxularından təslim olmaq istəmirlər. Çünki, onları qarşıda ədalər məhkəməsi gözləyir.

Türkiyə hökuməti, prezident Rəcəb Tayyip Ərdoğan, Xarici işlər naziri, müdafiə naziri digər rəsmi şəxslər, habelə müxalifət partiyaları Azərbaycan ordusunun əks-hücumunu dəstəkləyən bəyanatlar verib, daim Azərbaycanın yanında olduqlarını bildiriblər. Hələ ki, Ermənistanın yanında olduğunu bildirən dövlət üzə çıxmayıb. Üstəlik, verilən bəyanatlarda “Ermənistan-Azərbaycan” arasında atəşkəsdən danışılır. Yəni, Ermənistan hücum edir, Azərbaycan isə cavab verir düşüncəsi bütün bəyanatlarda əks olunur.

Azərbaycan haqq yolundadır və şübhəsiz ki, ölkəmizin ərazi bütövlüyünü bildirən üçrəngli bayrağımız Qarabağ bölgəsi üzərində vüqarla dalğalanacaq.

N.NOVRUZ   

Sizin Reklam Yeriniz