Əlaqə Arxiv
news Image
2020.09.28
14:50
| A A A
Ermənistan üçün yeni mümkün variantlar
Erməniliyin növbəti məğlubiyyəti bu ölkəyə nə vəd edir

 

Ötən ildən etibarən dünya liderləri tez-tez dünyada hərbi-siyasi düzənin yenidən qurulması barədə anonslar verirdilər. Bu ona görə idi ki, artıq beynəlxalq səviyyədə, necə deyərlər,  hamının canını boğazına yığan bir sürü problemlər yığılıb qalaraq inkişafı ləngidirdi. Bunlardan biri də Ermənistanın Azərbaycan torpaqlarını işğal edərək oraqda qondarma ikinci erməni respublikasını yaratmaq arzusu idi. Bunun nəticəsində 30 ildir ki, Cənubi Qafqaz hər an partlamağa hazır olan barıt çəlləyini xatırladırdı. Azərbaycanın dəfələrlə etdiyi xəbərdarlıqlara, dinc yolla sülh variantlarına ermənilər məhəl qoymur, dünya birliyinin ermənipərəst qüvvələri isə bu çağırışlara laqeydlik göstərirdi. Düzdür, guya diplomatik yolla nəyəsə nail olmaq üçün imitasiyalar vardı, amma məsələni təcavüzkarın arzusuna doğru həll etməkdən başqa ortaya yeni heç nə qoymurdu. Halbuki, bu yol nəinki regionda, dünyanın digər qaynar nöqtələrində də işğalçılıq müharibələrinin alovlanmasına yaşıl işıq yandırırdı. Azərbaycan əraqzi bütövlüyünün bərpası üçün bi gün ayağa qalxmalı idi və bu an məhz indi yetişib. Biz haqlıyıq və azadlıq müharobəsi aparırıq.

27 sentyabr 2020-ci il tarixində, səhər saatlarında təcavüzkar Ermənistanın silahlı qüvvələrinin bütün cəbhə xətti boyu ordumuzun mövqelərinə və yaşayış məntəqələrinə hücumundan sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz düşməni susdurmaq və ölkəmizə qarşı təcavüzə son qoymaq üçün  bütün cəbhə boyu irimiqyaslı əks hücuma keçmək əmri verib. Nəticədə düşmən ordusu canlı qüvvə və texnika sarıdan ağır itkilərə məruz qalıb. Erməni mənbələrində artıq itkilər barədə ilkin məlumatlar, öldürülən zabit və əsgərlərin fotoları, adları yayılıb.

Azərbaycan Müdafiə Nazirliyi ordumuzun Qarabağ cəbhəsində apardığı döyüş əməliyyatlarının gedişi barədə vaxtaşırı məlumat yayır. Artıq Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəklikləri, habelə ilk həmlədə 7 yaşayış məntəqəsini azad edib. Döyüşlər davam edir, raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər.

Təbii ki, dünya liderləri, ölkələrin xarici siyasət idarələri Qarabağda müharibənin alovlanmasına münasibət bildirir və tərəfləri atəşi dərhal kəsməyə çağırırlar. Bunlar bir növ protokol qaydaları sayılır və normal qarşılanır. Xüsusilə, Qarabağın işğalı barədə bütün siyasilər və dövlət başçıları bilirlər ki, Azərbaycan ərazilərinin böyük bir hissəsi işğal edilib və beynəlxalq hüquqa görə Azərbaycanın öz torpaqlarını bütün vasitələrlə azad etmək hüququ var.

Müharibənin Azərbaycan üçün uğurlu sonluqla bitəcəyi də bəri başdan gözlənilir. Çünki, müharibənin bütün parametrləri üzrə ölkəmiz düşmən Ermənistanı üstələyir. Təsadüfi deyil ki, bəzi politoloqlar və siyasi ekspertlər artıq məğlub Ermənistan və onun hökumətinin baş naziri üçün müvafiq ssenarilər də cızırlar. Məsələn, “Vestnik Kavkaza” saytına müsahibəsində rusiyalı politoloq Sergey Markov deyib ki, Dağlıq Qarabağda yeni döyüş fəaliyyətləri qaçılmaz idi, ona görə ki, İrəvan tam olaraq sülh yoluyla həlli bloklayırdı: “Döyüş fəaliyyətləri danışıqlar prosesi dondurulduğu üçün yenilənib. Bunun ilk növbədə günahkarı Azərbaycanla danışıqlara çıxmaqdan qorxan və istəməyən Baş nazir Nikol Paşinyandır. Mən gözləyirəm ki, Azərbaycan kifayət qədər sürətli şəkildə Dağlıq Qarabağdakı və digər rayonlardakı ərazilərini nəzarət altına ala biləcək. Bundan sonra yəqin ki, danışıqlar ilk növbədə Rusiyanın vasitəçiliyi ilə yenilənəcək. Döyüş fəaliyyətlərinin bir həftə davam edəcəyini proqnozlaşdırmaq olar. Bu dövr ərzində Azərbaycan bu və ya digər həcmdə öz ərazilərini azad edəcək, daha sonra atəşkəs bərpa ediləcək və danışıqlar başlayacaq. O isə böyük ehtimalla Kazan formulu əsasında konfliktin həlli razılaşmasının imzalanması ilə bitəcək”. Markov bu hadisələrin bitməsindən sonra Paşinyanın hakimiyyətini itirəcəyini deyib.

Bəzi bəndləri çıxmaq şərtilə rus politoloqu ilə razılaşmamaq mümkün deyil. Qalibiyyət şəksizdir. Danışıqlarda təkcə Rusiyanın vasitəçiliyi, yalnız ehtimaldır. Çünki, Rusiya Qarabağa sülhməramlı qoşunlarının gətirmək istəyir, Azərbaycan və eyni zamanda Qərb və Türkiyə bunun əleyhinədir. Çünki, bu ölkənin Ermənistanda iki hərbi bazası mövcuddur və onun əli nəinki regionun, hətta Yaxın Şərqin hər bir bucağına çatır. Buna görə də vasitəçilik missiyasında Türkiyə amilini nəzərdən qaçırmaq olmaz və nəzərə almaq lazımdır ki, Azərbaycan öz ərazisində yalnız Türkiyənin hərbi baza yaratmasına razılıq verər. Bu, tarazlığı qorumaq üçün ən məqbul variantdır.

Kazan formulu da mübahisəlidir. Çünki, Dağlıq Qarabağ ətrafındakı cəmi 5 rayonun azad edilməsini nəzərdə tutur. Digər tərəfdən, bu, Rusiyanın variantıdır və Ermənistanın arzularına istiqamətlənib. Bir neçə il əvvəl bu varian Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov tərəfindən irəli sürüləndə Azərbaycan qeyri-müəyyən şəkildə bunu qəbul etməkdən danışırdı, amma əslində qəbul etmirdi. İndiki şəraitdə isə açıq şəkildə belə variantların əleyhinədir. Çünki, daha zaman o zaman deyil.

Ən sülhpərvər variant isə Azərbaycanın öz ərazisi üzərində tam nəzarətinin bərpası və Qarabağın dağlıq hissəsinə geniş muxtariyyət verilməsidir. Bunu dünya birliyi də dəstəkləyəcək və ən əsası, Ermənistanın blokadadan azad olunmasına və regiondakı digər fundamental layihələrə qoşulmasıdır. Azərbaycan və Türkiyənin hesabına bu ölkə həm iqtisadiyyatını düzəldəcək, həm də  müstəqilliyini möhkəmləndirəcək. Qeyd etmək lazımdır ki, baş nazir Paşinyan bu variantı dəstəkləyir. “News.am” erməni saytı yazır ki, sentyabrın 27-də müharibənin qızışması ilə əlaqədar parlamentdəki çıxışında Nikol Paşinyan vəziyyətin ağır olduğunu bildirərərk deputatlara müraciətlə bildirib ki, elə bu dəqiqiə vəziyyəti düzəltmək, qırğından qaçmaq olar. Bunun üçün Dağlıq Qarabağın Azərbaycan sərhədləri daxilində geniş muxtariyyətə malik olmasına razılıq verməliyik. Lakin hələki başları daşnak ideyaları ilə çirklənmiş deputatlar onun bu təklifinə “yox” cavabı veriblər. Güman etmək olar ki, bir neçə gündən sonra Paşinyan deputatların yox, xalqın razılığını ala biləcək və münaqişə təcavüzə son qoyulmaqla ermənilərin inkişafı xeyrinə həll olunacaq. Azərbaycan da ərazi bütövlüyünü bərpa edəcək. Əgər belə bir ssenari baş tutarsa, onda bəlkə də bir müddət ermənilər və onların havadarları Paşinyanı lənətləyəcəklər, amma nəticə olaraq ermənilər xoş günə çıxacaqları üçün ona “sağ ol” deyəcəklər.

Hələlik isə hərbi əks-hücum əməliyyatları davam edir və Azərbaycan ordusu bütün cəbhə boyu irəliləyir.

N.NOVRUZ

Sizin Reklam Yeriniz