Əlaqə Arxiv
news Image
2020.09.30
13:28
| A A A
Ermənistan dünyada təklənir
Azər Həsrət: “Azərbaycan öz fəaliyyətilə dünyanı fakt qarşısında qoyub ki, onun da müəllifi Ali Baş Komandan, Prezident İlham Əliyevdir” Aydın Quliyev: “Bu birmənalı şəkildə Azərbaycan diplomatiyasının uğurunun nəticəsidir”

 

Sentyabrın 27-dən başlanan və Ermənistanın ağır məğlubiyyəti ilə davam edən döyüşlər fonunda beynəlxalq ictimaiyyətin Ermənistana dəstək vermədiyi müşahidə edilir.  Əvvəlki illərdə, beynəlxalq aləm, xüsusən də Rusiya İrəvana daha ciddi dəstək göstərirdi. Hətta Qarabağ münaqişəsinin ilk dövrlərində elə vəziyyət yaranmışdı ki, beynəlxalq aləm az qala işğalçını haqlı tərəf hesab edirdi.  Lakin sonrakı dövrlərdə Azərbaycan tərəfinin göstərdiyi səylər nəticəsində dünya birliyində münaqişə ilə bağlı müəyyən doğru yanaşmalar özünü büruzə verməyə başladı. Lakin bununla belə, indi başlanan hərbi əməliyyatlara qədər  beynəlxalq ictimaiyyət ümumən götürəndə əsasən İrəvanın yanında dayanırdı.  Məhz bunun nəticəsi idi ki, İrəvan bu günə qədər sülh danışıqlarında obyektiv mövqe tutmayıb.  Ancaq indi görünür vəziyyət 360 dərəcə dəyişib. Belə ki,  başlanan hərbi əməliyyatlar fonunda dünyanın İrəvana dəstək vermədiyi göz önündədir.  Hətta hər zaman Ermənistanın yanında olan Rusiya belə prosesi kənardan izləməyə üstünlük verib. Digər dünya güzləri də sadəcə olaraq sakit tərzdə gedişaatı izləməklə məşğuldur. Hətta dünya ölkələrində bu istiqamətdə ermənilərə hər hansı bir ciddi dəstək aksiyaları da demək olar ki, keçirilmir.

Bütün bunlar beynəlxalq aləmdə İrəvanın təklənməsinin göstəricisi sayıla bilər.

Beynəlxalq ictimaiyyətin Ermənistana dəstək verməməsini Azərbaycan diplomatiyasının uğuru kimi dəyərləndirmək olarmı?

Siyasi şərhçi Azər Həsrətin fikrincə,  indiki vəziyyətdə dünyanın İrəvana dəstək verməməsinin, ondan demək olar ki, üz döbdərmələrinin əsasında Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət dayanır: “Başlanan hərbi əməliyyatlar fonunda beynəlxalq ictimaiyyətin Ermənistana dəstək verməməsinin kökündə hər şeydən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinin, apardığı siyasətin həqiqətən də effektiv olması dayanır. Bu ilk növbədə məhz bu amllə bağlıdır. Beynəlxalq tribunalarda Azərbaycan Prezidentinin yetərincə əsaslandırılmış, inandırıcı  çıxışlarının dəfələrlə şahidi olmuşuq.  Eyni zamanda, onun yüksək səviyyəli dünya birliyi nümayəndələrilə görüşlərdə məsələni əsaslandırılmış şəkildə onların diqqətinə çatdırdığının da şahidiyik. Yəni bir növ Azərbaycan öz fəaliyyətilə dünyanı fakt qarşısında qoyub. 

Bunun da müəllifi Ali Baş Komandan,  Prezident İlham Əliyevdir. O baxımdan düşünürəm ki, belə vəziyyətin yaranmasında hər şeydən öncə cənab Prezidentin fəliyyəti, gördüyü işlər qeyd edilməlidir. Digər tərəfdən, Azərbaycan diplomatiyası, diplomatiya sahəsində çalışanlar da boş oturmayıb. Habelə diaspor nümayəndələrimiz, Azərbaycan mediası, ictimai fəal insanlarımız da boş dayanmayıb.  Xüsusən də sosial media fəallarımız da burada aktiv iştirak edib. Nəticədə bir növ dünyanı fakt qarşısında qoymuşuq, gerçəklikləri tam anlada bilmişik.  Ona görə də dünənə qədər Ermənistanın yanında olan Rusiya kimi dövlət belə açıq şəkildə İrəvana dəstək verməkdən çəkinir.  Bu baxımdan da beynəlxalq ictimaiyyətin düşmənə dəstək verməməsi Azərbaycan diplomatiyasının mühüm uğurudur. Hansı ki, onun da başında Ali Baş Komandan, Prezident İlham Əliyev dayanır”.

Politoloq Aydın Quliyev qeyd etdi ki, beynəlxalq ictimaiyyətin İrəvana dəstək olmaması birmənalı şəkildə Azərbaycan diplomatiyasının uğurunun nəticəsidir: “Nəzərə alaq ki, 15-20 il əvvələ qədər Qarabağ problemilə bağlı Ermənistan və Azərbaycanın dünyadakı mövqeləri indiki nisbətdə deyildi. O zamanlar, dünya ictimaiyyəti, hətta diplomatik rəsmi dairələr Qarabağ probleminin mahiyyəti barədə ciddi şəkildə məlumatlı olmadıqlarından Azərbaycanın haqlı, Ermənistanın isə haqsız olmasına fərq qoya bilmirdilər. Amma ötən illərdə məhz Azərbaycan diplomatiyasının apardığı iş sayəsində Qarabağ probleminin mahiyyəti dünyaya tanıdıldı.  Nəticədə bu gün Ermənistan Azərbaycanla müqayisədə zəif  beynəlxalq duruma düşüb”.

Həmsöhbətimiz qeyd etdi ki, digər tərəfdən, Ermənistanın təcavüzkar dövlət obrazının yaradılması istiqamətində də uğurlu iş apara bilmişik:  “Nəticədə dünya Ermənistanın, rəsmən adlandırmasa da, artıq təcavüzkar dövlət olduğunu başa düşməyə başlayıb. Ermənistanın humanirat sahədə törötdiyi cinayətlər, tarix-mədəniyyət abidələrini dağıtması, dinc əhalini qətlə yetirməsi, törətdiyi genosid aktları sözsüz ki, dünyada ona münasibətin dəyişməsinə səbəb olan amillərdən biridir”.

 Belə şəraitdə A. Quliyevə görə, görünən parlaq proseslərdən biri ondan ibarətdir ki, Azərbaycanın dünyada tərəfdarları, müttəfiqləri, pərəstişkarları artdığı halda, Ermənistan hətta müttəfiqlərini belə itirməyə başlayıb: “Onun yeni müttəfiq və tərəfdar əldə etmək perspektivi isə ümumiyyətlə yoxdur. Bu da sözsüz ki, İrəvanın Bakı ilə müqayisədə dünyada mövqeyinin zəifləyən xətt üzrə getdiyini göstərən amillərdəndir. Ermənistanın müttəfiqləri belə artıq görür ki, münaqişə uzandıqca İrəvanın təcavüzkar obrazı, Qarabağ probleminin mahiyyəti daha çılpaqlığı ilə üzə çıxır. Belə olan halda hətta müttəfiqlər üçün İrəvanı dəstəkləmək imkanları xeyli dərəcədə çətinləşir. Azərbaycanın haqlı və güclü arqumentləri qarşısında Ermənistan kimi təcavüzkar ölkənin sonadək müttəfiqi olmaq indiki halda dünya ölkələri üçün zor işə çevrilib.  Müəyyən geosiyasi reallıqlardan doğan proseslər olmasaydı, Ermənistan dünyada tam şəkildə təklənərdi. Bunun həlli fonunda isə İrəvan tam olaraq təklənəcək. Nəticədə İrəvan regionda və dünyadakı olan-qalan sonuncu müttəfiqlərini də tam olaraq itərə bilər”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz