Əlaqə Arxiv
news Image
2020.10.05
11:14
| A A A
İlham Əliyev: “Münaqişə indi həll olunmalıdır, daha 30 il gözləməyə vaxtımız yoxdur

Bütün dünyanın gündəmini zəbt edən “Dağlıq Qarabağ” münaqişəsi bir gündə alovlanan hadisə deyil. Belə ki, 30 ildir  Azərbaycan xalqı bu problemin ədalətli həll olunacağına ümid bəsləmişdir. Lakin son hadisələr, Ermənistan hökumətinin ardı arası kəsilməyən təxribatları münaqişənin sülh yolu ilə həllinin mümkünsüzlüyünü ortaya qoyur. 
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib. Müsahibənin əsas müzakirə mövzusu “Dağlıq Qarabağ” münaqişəsi olub. Prezident İlham Əliyev jurnalistin münaqişənin sülh yolu ilə həll olunmasının bu qədər uzun çəkməsinin səbəbinin nə olması ilə bağlı sualına cavab verərək qeyd etmişdir ki: “ - Əsas səbəb odur ki, Ermənistan sülh istəmir. Onlar bizim torpaqları həmişəlik işğal altında saxlamaq istəyirlər. Onlar status-kvonu dəyişmək istəmirlər və bu da münaqişənin bu qədər uzun çəkməsinin səbəbidir”. Cənab Prezident çıxışında bildirmişdir ki, beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərar və qətnamələri baxımından bizim çox geniş dəstəyimiz var və beynəlxalq ali orqan olan BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın qoşunlarının geri çəkilməsini tələb edən qətnamələr qəbul etmişdir. Lakin Ermənistan hökuməti bu qətnamələrin heç birinə məhəl qoymayaraq təcavüzkar siyasətini dava etdirir. 
Əslində Ermənistan hökuməti təxribata əl atmaqla sonradan bütün günahı Azərbaycan hökumətinin üstünə atmaq niyyətindədir. Eyni zamanda xalqın diqqətini ölkə daxilində baş verən siyasi gərginlikdən Qarabağ bölgəsinə yönəltməklə öz mənfur siyasətlərini həyata keçirtmək fikrindədir. Ölkə başçısı müsahibəsində bu məsələyə də toxunaraq qeyd etmişdi: “ - Birincisi, hesab edirəm ki, onlar danışıqlar prosesini tamamilə məhv etmək istəyirdilər. Sonra onlar etdikləri kimi, buna görə bizi günahlandırmaq və “baxın, Azərbaycanla danışıqlar aparmaq mümkün deyil” söyləmək istəyirdilər. Hesab edirəm ki, səbəblərdən biri də onların daxili çətinlikləri ola bilər. Çünki biz indi Ermənistanda baş verənləri bilirik. Onlar çox ciddi siyasi böhrandan əziyyət çəkirlər”. 
Prezidenti İlham Əliyev müsahibəsində "Münaqişə nə vaxtsa regional ola bilərmi?” sualını cavablandırarkən "Döyüş meydanında çox ciddi məğlubiyyətlə üzləşdikləri bir vaxtda, Ermənistanın əsas hədəfi bu münaqişəni regional münaqişəyə çevirməkdir” fikrini səsləndirmişdir. 
Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycanın mövqeyi müharibəyə deyil, sülhə istiqamətləndirilmiş mövqedir:

"Biz "bunu dayandırın, biz işləyəcəyik, danışıqlar aparacağıq, yardım edəcəyik” kimi bəyanatlara qulaq asmaq mövqeyində deyilik. Biz bunu dəfələrlə eşitmişik. Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur. Münaqişə indi həll olunmalıdır. Ermənistana kömək etmək istəyənlər onların, belə demək mümkünsə, yaxın tərəfdaşları qoy onlara kömək etmək üçün desinlər ki, əraziləri tərk edin, iradənizi nümayiş etdirin, atəşi dayandırın, deyin ki, bu gün, ya sabah, bir həftəyə mən Ağdamı tərk edəcəyəm, növbəti dəfə, növbəti həftə Füzulini tərk edəcəyəm, növbəti həftə Kəlbəcəri tərk edəcəyəm və s. və biz dayanarıq. Bu, çox ədalətli mövqedir. Bu, müharibəyə deyil, sülhə istiqamətlənmiş mövqedir”.

 

Fərruxzadə Xatirə Qurban qızı

Sizin Reklam Yeriniz