news Image
2013.08.20
12:59
| A A A
M.Qurbanlı: "Onlar hər dəfə eyni sözləri təkrar edirlər"

Azərbaycanın hakim partiyasından Milli Şuranın sessiyasına reaksiya gəldi

Milli Şuranın vahid namizəd adı altında apardığı müzakirələr yalnız və yalnız imitasiyadan başqa bir şey deyil. Bu barədə Trend-ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı Milli Şuranın avqustun 19-da keçirdiyi sessiyanın nəticələrini şərh edərkən deyib.

M.Qurbanlı qeyd edib ki, əslində Milli Şurada hansısa ciddi müzakirənin getdiyini söyləmək doğru olmazdı: "Onlar hər dəfə toplaşaraq yenə də eyni sözləri təkrar edirlər. Onların namizədinin seçkiyə qatılıb-qatılmaması seçki prosesinə, seçkinin nəticələrinə heç bir təsir göstərmir. Azərbaycanda müxtəlif siyasi partiyaların nümayəndələri seçkilərə qatılıblar, seçkilər azad, ədalətli və demokratik seçkilər kimi tariximizə daxil olacaq və belə bir şəraitdə cüzi azlıqda qalan bir qrupun nümayəndəsinin seçkiyə qatılıb-qatılmaması əhəmiyyət kəsb etmir".

M.Qurbanlı əlavə edib ki, ona görə də, həmin qrumun toplaşaraq hay-küy yaratması, qara piar kampaniyası aparması, namizədin müəyyənləşdirməsi adı altında imitasiya etməsi onların yalnız və yalnız məğlubiyyətinin göstəricisidir: "İndiki şəraitdə yenə də namizəd müəyyənləşdirməsini növbəti mərhələyə saxlayıblar. Buyursunlar, bu, onların öz işidir. Rüstəm İbrahimbəyovun pasport məsələsi düzələnə qədər gözləsinlər. Qərar onlarındır. Onların seçkidə kimin və hansı şəxsin simasında qatılacağı da bizim üçün o qədər də böyük əhəmiyyət kəsb etmir".

M.Qurbanlı əlavə edib ki, Milli Şura deyilən qurum süni yaradılmış bir qrumdur və ora yığışanlar radikal müxalifətin nümayəndələridir: "Bütövlükdə götürdükdə radikal müxalifət Azərbaycanda heç bir sosial dayağa malik deyil və bunların ayın 18-də keçirmək istədikləri mitinq radikal müxalifətin siyasi ideoloji baxımdan iflası demək idi".

Milli Şurada yaşanan gərginliklə bağlı məsələyə münasibət bildirən YAP rəsmisi qeyd edib ki, Milli Şurada radikal qrupları təmsil edən iki əsas partiya, Xalq Cəbhəsi və Müsavat partiyaları arasında əvvələr də ziddiyyət var idi, bu gün də var: "Məhdud sayda elektorat üzərində özünün üstünlüyünü göstərmək üçün bu iki qrup arasında dartışma həmişə mövcud olub və indi Milli Şura deyilən qrumda da bu dartışma davam edir. Amma Milli Şurada onlardan başqa da radikal yönümlülər, o cümlədən özlərini müstəqil sayan adamlar var. Onlar da bu iki qrup arasında manevr etmək ilə məşğuldular".

M.Qurbanlının sözlərinə görə, proqnozlar onu göstərir ki, mənəvi və siyasi cəhətdən məğlubiyyətə uğramış bu qrup prezident seçkilərində iştirak adı altında suyun üstündə qalmaq istəyir: "Onların heç bir perspektivi yoxdur və kimin üzərində dayanaraq namizədliyini irəli sürəcəkləri də cəmiyyəti narahat etmir, çünki onlar cəmiyyətin maraq dairəsində deyil".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs