news Image
2013.08.22
12:43
| A A A
Çaldıran savaşında qalib olmadı

Avqustun 23-ü iki böyük türk hökmdarı Şah İsmayıl Xətayi ilə Sultan Səlim arasında baş vermiş dəhşətli Çaldıran fəlakətinin (1514-cü il) 499-cu ildönümüdür.

XVI əsrin başlanğıcında ciddi, dayanıqlı güc olan iki türk imperiyasının varlığı Avropanı qorxutmağa başlamışdı. Türkü sevməyənlər nə olur-olsun, onları bir-biri ilə vuruşdurmağa, zəiflətməyə çalışırdılar.

***

Nəhayət, Şah İsmayılla Sultan Səlimin arasını vura bildilər. Şər türklərin zəif damarını tapdı, babalarımızın bir-birini sevməməsindən ustalıqla yararlandı. İki türk cahangiri öncə sözlə döyüşdülər, sonra isə Çaldıranda.

***

Çaldıranla yeni fəlakətimizin özülü qoyuldu. Bu savaşda qalib olmadı. Əslində hər iki tərəf yenik idi. Ona görə ki, "Türk türklə döyüşəndə həmişə məğlub olub" (İnam Ata (Asif Ata)).

Nə Şah İsmayılın, nə də ki, Sultan Səlimin inamı özününkü deyildi: onları birləşdirən vahid türk inamı yox idi. İslama tapınırdılar və bir-birlərini də elə ən çox bu yöndən qəbul etmirdilər. Şah İsmayıl şiəliyi, Sultan Səlim isə sünniliyi qoruyur, yayırdı. Hər ikisinin türklüyün yayılması ilə bağlı gözəl istəkləri də vardı. İsmayıl yeni Turan yaratmaq, Səlim isə Avropanı türkləşdirmək istəyirdi.

***

Türklər fəlakətlərindən dərs ala biliblərmi? Hər sayaq özgə hadisələr (dini, siyasi) az qala hər kəsin ağlında, ürəyində kitablaşdığı dərəcədə niyə fəlakətlərimiz demək olar, yada salınmır? Başqa yandan da fəlakətli tarixi hadisələrimiz daha çox tarix kimi araşdırılır, xəlqi-mənəvi itkilərin nədən ibarət olduğu bilinmir.

O zaman Osmanlı imperiyası Azərbaycan Səfəvilər dövləti ilə vuruşurdu. Sonradan isə Səfəvi hökmdarı Şah Abbas babası Şah İsmayılın gördüyü bütün böyük işləri yox etdi, Azərbaycanı İranlaşdırdı.

***

İndi də dünya türklərin birliyini istəmir, əlindən gələni edir ki, nə olur-olsun, türklər birləşməsinlər. Unutmayaq: siyasi dünya bizi bizdən yaxşı tanıyır.

Buradaca bir doğma ərkimi də çatdırmaq istəyirəm. Qoy Türkiyə türkləri bizi "azəri" deyə çağırmasınlar. Dünyada "azəri" adında türk soyu yoxdur. Bizim bir adımız var – türk! Azərbaycan isə yaşadığımız bölgənin, yurdun adıdır.

***

Çaldırandan qabaq Azərbaycanın Midiyanın çöküşü, Babəkin qətli kimi böyük, sarsıdıcı faciələri olmuşdu. Xalq olaraq fəlakətlərimizi anlaya bilmədik. Əksinə, Çaldırandan sonra yeni-yeni fəlakətlərimiz (Türkmənçay faciəsi, Azərbaycan Xalq Cümhuriyyətinin çöküşü, 20 Yanvar, Xocalı) baş verdi. Çaldıran fəlakəti – bütün türklər üçün böyük dərsdir.

***

Sonda yenə İnam Ataya üz tuturam: "Türk Türklə birləşsəydi, dünyada bu dərəcədə, bu səviyyədə təklənməzdi; "şiə-sünni" türkləri yaranmazdı, vüqarlı Türk qoltuğa alışmazdı. Türk Türklə özgə dilində danışmazdı, miskin yağılar azğınlaşmazdı".

Türklər hər cür yadlıqların, özgəliklərin asılılığından qurtulmaq üçün çaba göstərməlidirlər. Faciədən çıxmalıyıq. Ən azı türklər üçün çıxış yolu – İnam Atanın (Asif Atanın) yaratdığı Mütləqə İnam dünyabaxışıdır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs