news Image
2013.08.23
15:14
| A A A
Bahar Muradova: Milli Şura da digər təşkilatlar kimi tarixin arxivinə atılacaq

Azərbaycanda keçiriləcək prezident seçkiləri bitəndən sonra Milli Şura da digər təşkilatlar kimi tarixin arxivinə atılacaq. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin sədr müavini Bahar Muradova Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.

B.Muradova vurğulayıb ki, müxalifət düşərgəsində vəziyyətin acınacaqlı olması göz önündədir: "Bilirsiniz, insan gərək özünə bəzi işləri rəva görməsin. Əgər bu təşkilatdakı insanlar özlərinə seçki imitasiyası ilə məşğul olmağı rəva görürlərsə, burada nə cəmiyyətin, nə də seçkidə iştirak edən digər tərəflərin heç bir günahı yoxdur. Milli Şuranın seçdiyi yol budur. Onların məhz bu istiqamətdə getməsi, reallıqları nəzərə almadan fəaliyyət göstərmələri bugünkü acınacaqlı duruma gətirib çıxarıb".

B.Muradova vurğulayıb ki, Milli Şurada cəmləşən şəxslər özlərini mövcud vəziyyətdən xilas etmək iqtidarında da deyillər: "Müxalifət düşərgəsinə ardıcıl xronoloji tarixi baxış etsək, hər dövrdə bu və buna bənzər situasiyaların şahidi olarıq. Amma bu vəziyyəti hamıya şamil etmək olmaz. Belə bir durum çox məhdud və dar çərçivəni əhatə edir. Yəni, bu, radikal, nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək, iddialarını reallaşdırmaq mövqeyində olan kiçik qrupun düşdüyü durumdur. Bu, sadəcə həmin adamların şəxsi bioqrafiyasıdır ki, öz fəaliyyətləri ilə perspektivlərinin qarşısına böyük sədd çəkiblər. Ona görə də, adını çəkdiyiniz qurum və ona qədərki təşkilatlar hansı taleyi yaşayıblarsa, həmin tale indi də yaşanmaqdadır. Sadəcə, o talenin son günlərinə az bir müddət qalıb, nə qədər seçki prosesi davam edir, bəlkə bu təşkilatın adı bir qədər də çəkiləcək. Radikal düşərgənin mənsubları isə seçkidən sonrakı dönəm üçün yeni adlar üzərində baş sındırmalı olacaqlar".

B.Muradova Milli Şuranın 18 avqust aksiyada Müsavat Partiyasının başqanı İsa Qəmbərin guya hakimiyyətin hələ seçkilərə hansı namizədlə gedəcəyini bilmir iddiasına da münasibət bildirib.

Milli Məclisin sədr müavini qeyd edib ki, belə fikirlər yalnız istehzalı təbəssüm doğura bilər, çünki reallıq tamamilə başqadır: "18 avqust piket-mitinqi, onun iştirakçıları, şüarları ümumilikdə bu düşərgənin iddialarına rəğmən nə qədər imkansız olduğunu göstərdi. Əslində, belə qeyri-ciddi fikirlərə əhəmiyyət vermək lazım deyil. Bu, onların müəyyən qədər reklamı da ola bilər. Onlar özləri də nə danışdıqlarının fərqində deyillər. Yaxşı olar ki, mətbuatımız belə məsələlərə vaxt ayırmaqdansa, ölkəmizin nailiyyətləri, beynəlxalq müstəvidə artan rolu, eləcə də, dünyadakı mövcud problemlərə, çağırışlara və təhdidlərə qarşı tutduğu önəmli mövqeyinə daha çox yer versinlər".

B.Muradova qeyd edib ki, İ.Qəmbərin və digərlərinin mitinqdə söylədikləri fikirlər isə elə həmin aksiyada da qalır və onun çərçivəsindən kənara çıxmır: "Bayaq söylədiyim kimi belə fikirlər reallığı düzgün qiymətləndirən insanlarda yalnız gülüş və təbəssüm doğurur. Bu insanlar prezident və parlament seçkiləri ilə bağlı, eləcə də, ölkənin gələcək taleyində özlərinin hansısa roluna dair illuziyalarını kənara qoymalıdırlar. Bunu həm 18 avqust aksiyası, həm də Milli Şuranın indiyə qədərki fəaliyyəti, apardığı müzakirələr, namizəd məsələsindəki ortaya qoyulan mövqelər və s. amillər sübut etdi. Biz isə öz işimizə davam etməliyik, Azərbaycan xalqının və dövlətinin maraqlarını ifadə edə biləcək şəxsə seçkilərdə öz münasibətimizi ifadə etmək üçün qanunun yaratdığı imkanlardan və vaxtdan səmərəli istifadə etməliyik".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs