news Image
2013.08.28
11:39
| A A A
ABŞ kimyəvi silah tətbiqi ilə bağlı Suriya rəsmiləri arasında telefon danışıqlarını ələ keçirib

Suriya hökumət qoşunlarının kimyəvi silah tətbiq etməsinin əsas dəlili Suriya rəhbərliyinin ələ keçirilmiş telefon danışıqlarıdır.


Mövqe.az-ın məlumatına görə, bu barədə ABŞ-ın "Foreign Policy" jurnalının "Cable" bloqunda yazılıb.

 Ötən həftə bir sıra kütləvi informasiya vasitələri Suriya hökumət qoşunlarının Dəməşq yaxınlığında geniş miqyaslı kimyəvi silah tətbiq etməsi barədə xəbər yayıb. İlkin məlumata görə, 600 nəfərdən çox insan kimyəvi silah hücumunun qurbanı olub. Suriya müxalifəti bu rəqəmin 1300-dən çox olduğunu iddia edir. Hakimiyyət və hərbi komandanlıq bu iddiaları rədd edir.

 "Cable" ABŞ xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən bildirir ki, Vaşinqton kimyəvi hücum baş verən gün Suriya Müdafiə Nazirliyinin rəsmisi ilə kimyəvi hücum birləşmələrinin komandiri arasında telefon danışığını ələ keçirib. Danışıqlarda nazirliyin rəsmisi hərbçidən kimyəvi hücum məsələsi ilə bağlı izahat tələb edir. Bu danışıqlar Vaşinqtonda kimyəvi hücumun arxasında məhz hökumətin dayandığına dair şübhələr oyadıb.

 Məqalədə qeyd olunur ki, bu fakt kimyəvi hücuma görə kimin məsuliyyət daşıdığına dair yeni suallar yaradır. Birləşmə komandirinin kimyəvi hücumla bağlı qərarı müstəqil şəkildə verdiyi ehtimal olunur. "Cable" qeyd edir ki, bütün bunlara rəğmən, kimyəvi hücum tətbiq olunduğu şübhə doğurmur və həm telefon danışıqları, həm yerli həkimlərin verdiyi ifadələr, həm də hücum qurbanlarının videoçəkilişləri bunu isbatlayır.

 

Kütləvi informasiya vasitələri artıq sabah Suriyaya qarşı hərbi əməliyyatın başlaya biləcəyini iddia edirlər. Sabah Britaniya parlamentində və Brüsseldə bu məsələ müzakirə olunacaq. Moskva hesab edir ki, Qərb Suriyaya hərbi müdaxilə üçün süni əsas yaratmaq istəyir.

 Dünən axşam ABŞ prezidentinin Suriyaya hərbi zərbələr endirmək barədə qərar qəbul etmədiyi məlum olub. Pentaqon rəsmiləri münaqişənin nizamlanmasının bir neçə ssenarisi, o cümlədən güc tətbiqi ssenarisi üzərində işlədiklərini gizlətmirlər. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs