Əlaqə Arxiv
news Image
2012.05.21
13:14
| A A A
Terrorçuların izinə kirayə evlərdən düşüləcək
Şəmsəddin Əliyev: “Kirayə evlərin rəsmiləşdirilməsilə neqativ hadisələrin qarşısını almaq üçün qabaqlayıcı addımlar atmaq mümkündür” Əliməmməd Nuriyev: “Belədə mənzili icarəyə kimlərin götürdüyünü müəyyənləşdirmək mümkün olur”

Adətən terror əməliyyatı və başqa cinayətləri həyata keçirən qruplar bu zaman çirkin əməllərini həyata keçirmək üçün kirayə evlərdən "bəhrələnirlər". Bu yolla iz azdırmağı düşünürlər. Azərbaycanda da son zamanlar keçirilən müxtəlif anti-terror əməliyyatları zamanı terror qruplarının kirayə evlərdə yaşadıqları bəlli olub. Bildiyimiz kimi, Azərbaycanda mənzillərin kirayə verilməsi zamanı, demək olar ki, heç bir halda hüquqi prosedurlara əməl olunmur.

Yəni mənzilini kirayəyə verən şəxs onu kirayəyə götürənlə notariusda təsdiqlənməklə hər hansı bir müqavilə imzalamır. Belə bir hal ölkədə geniş yayılıb. Mənzil kirayəsi zamanı hüquqi prosedurların olmaması isə bir tərəfdən onu kirayə edən şəxsin vergidən yayınmasıdırsa, digər tərəfdən də bu amil cinayətkar ünsürlərin, terrorçuların maskalanmaları üçün də "əlverişli" situasiyadır. Başqa bir tərəfdən, ölkəmizdə baş tutacaq "Eurovision" müsabiqəsi ərəfəsi Bakıya çoxsaylı xarici qonaqlar gəlir. Onların da arasında müxtəlif çirkin məqsədlər güdə bilənlər olar. Həmin xaricilərin bir hissəsinin kirayə evlərdə qalacağı gözlənilir. Amma mənzilin kirayəyə verilməsinin rəsmiləşdirilməməsi şəraitində həmin xarici vətəndaşlara da nəzarət etmək bir qədər çətinlik yarada bilər. Görəsən, mənzillərin kirayəyə verilməsi prosesində hüquqi prosedurların tətbiqi zamanı cinayətkarları nəzarətə götürmək mümkündürmü?

"Polisə dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev sözügedən halın tətbiqilə cinayətkarların nəzarətə götürülməsinin daha asan olduğu qənaətindədir: "Ölkədə baş verən son terrora cəhd olaylarını gözümüzün qarşısına gətirsək və Bakı şəhərində əhalinin artımının kifayət qədər çox olduğunu nəzərə alsaq görərik ki, burada terror və təxribat halları üçün kifayət qədər "şərait" vardır. Hazırda Bakı şəhəri "Eurovision" kimi mötəbər tədbirə hazırlaşır. Ona görə də şəhərə insanların axını daha da artıb. Bu şəraitdə mənzillərin kirayə verilməsi prosesi də artır. Belə bir halda mənzillər kirayəyə verilərkən hüquqi prosedurlar tətbiq olunmalıdır ki, kirayəyə verilən evdə kimlərin yaşadığı müvafiq orqanlara bəlli olsun. Hüquqi cəhətdən prosesin rəsmiləşdirilməsilə kirayə mənzildə yaşayan istər-istəməz qeydiyyata düşür. Belədə şübhəli insanların fəaliyyəti, davranışı, hərəkətlərini, telefon danışıqlarını vaxtında nəzarətə götürmək mümkün olar. Yəni mənzillərin kirayəyə verilməsinin qanunvericilik baxımından tənzimlənməsi terror təhlükəsindən vaxtında yaxa qurtarmaq üçün digər insanların təhlükəsizliyi üçün də vacibdir. Ona görə də düşünürəm ki, insanların qeyri-leqal şəkildə kirayədə yaşaması təbii ki, ictimai təhlükəsizlik, konstitusion quruluş üçün ciddi təhlükə mənbəyi sayıla bilər. Burada təkcə kirayədə qalmaq istəyənlər yox, daha çox mənzillərini kirayəyə verənlər narahat olmalıdır. Ona görə də mənzillərin kirayəyə verilməsi prosesi rəsmiləşdirilməlidir. Belə olanda neqativ hadisələrin qarşısını almaq üçün qabaqlayıcı addımlar atmaq mümkündür. Əks təqdirdə, acı təəssüf doğuran nəticələrlə rastlaşa bilərik. Digər tərəfdən ölkəyə bu ərəfədə çoxsaylı xarici turistlər gəlir. Onların da bir hissəsi ola bilsin qalmaq üçün kirayə mənzilləri seçsin. Amma kirayələnmə prosesi qeydiyyata alınmadığından həmin gələn əcnəbiləri də tam nəzarətdə saxlamaq bir qədər çətin olur. Ona görə də ilk növbədə, təhlükəsizliyin təmini baxımından kirayə evlərin rəsmiləşdirilməsi mütləqdir".

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev də bildirdi ki, mənzillərin kirayəsi zamanı rəsmiləşmənin həyata keçirilməsilə cinayətkarları daha asan şəkildə nəzarət altında saxlamaq olar: "Evlərin icarə müqavilələrinin rəsmiləşdirilməsi kirayənişin müvafiq qaydada qeydiyyatda olmasına imkan verir və belədə mənzili icarəyə kimlərin götürdüyünü müəyyənləşdirmək mümkün olur. Çünki müqavilə bağlandıqda tərəflər bunu şəxsiyyəti təsdiq edən sənədlər vasitəsilə həyata keçirirlər. Belədə lazım olan şəxsi müəyyənləşdirmək daha asandır. Amma deməzdim ki, cinayətkarlar ancaq kirayə götürdükləri evlərdən cinayət məqsədləri üçün istifadə edir. Ev sənədləşmədən artıq kirayəyə götürülürsə də, cinayətkarı müəyyənləşdirmək o qədər də çətin olmayacaq. Müəyyən çətinliklər var, amma geniş miqyaslı çətinlik yaratmayacaq. Çünki hazırda şəhərdə çoxsaylı təhlükəsizlik tədbirlərinin görülməsi, video təhlükəsizlik kameralarının quraşdırılması prosesləri lazımi səviyyədə nəzarət altına almağa imkan verir. Ümumiyyətlə, şəxs cinayət törətməyi qarşısına məqsəd qoyubsa, maksimum dərəcədə çalışacaq ki, bu zaman onu müəyyənləşdirməyin mümkün olmadığı vasitələrindən istifadə etsin. Əslində kirayə evlər rəsmiləşdirilməsə də belə, oradan istifadə edən cinayətkarı müəyynləşdirmək imkanı olur. Amma şübhəsiz mənzillərin kirayəsilə bağlı müəyyən rəsmiləşdirmə olmalıdır. Bu həm də mənzili kirayəyə verənin də təhlükəsizliyi baxımından xeyrinədir. Rəsmiləşmədiyi halda kirayə evdən qeyri-qanuni vasitələr üçün istifadə olunması mülkiyyət sahibinə də ciddi problemlər yaradar. Bu baxımdan prosesin rəsmiləşdirilməsi mülkiyyət sahibinin xeyrinədir. Çünki bu zaman orada kirayədə qalanın etdiyi cinayət əməlinə görə onun məsuliyyəti bütövlükdə məhz kirayənişin üzərinə düşür".

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz