news Image
2012.05.24
11:47
| A A A
İranın Azərbaycana qarşı məkrli planının şok təfərrüatları
Müsəlman İranı xristian Ermənistanına kömək üçün İslam dindaşı ilə münasibətlərini bilərəkdən zədələyir

Cənub qonşumuzun Azərbaycana qarşı son dövrlər aqressiv siyasət yürütməyə çalışması və ən müxtəlif sahədə daha açıq formada nümayiş etdirməsinin daha bir ilginc səbəbi üzə çıxıb. Söhbət Azərbaycanın işğalçı Ermənistana qarşı artan təzyiqlərinin bir qədər azalması məqsədilə İranın bilərəkdən ölkəmizlə münasibətlərini gərginləşdirmək niyyətindən gedir.

Belə fikirlər səslənir ki, fars-erməni qardaşlığını əldə rəhbər tutan İran Azərbaycanın diqqətini müəyyən qədər Ermənistandan yayındırmağa çalışır. Çünki Azərbaycan həm diplomatik, həm iqtisadi, həm hərbi sferada Ermənistana təzyiqlərini daha da artırıb. Buna isə Ermənistanın uzun müddət tab gətirməsi mümkünsüzdür. Elə bu səbəbdən Tehran Azərbaycanla münasibətlərini gərginləşdirmək hesabına olsa belə Ermənistana yardım etməyə başlayıb. Ekspertlər isə qeyd edir ki, İranın Azərbaycanla münasibətlərdə yaratdığı süni gərginlik bu ölkənin öz maraqlarına ziddir. Qərbin hədəfində olan İslam ölkəsinin aqressiv xarici siaysəti anti-İran blokunda Tehran əleyhinə toplaşan qüvvələrin artmasına rəvac vermiş olur. Son vaxtlar Tehranla Bakı arasında yaşanan siyasi durum İranın hər dəfə Azərbaycanla münsibətlərdə gərginilk yaratmaq üçün bəhanə axtarır təəssüratı yaradır. Ekspert Cümşüd Nuriyev hesab edir ki, rəsmi Tehran din faktorunu əldə alət edərək, Azərbaycana qarşı ermənilərin maraqlarından çıxış edir və Böyük Qafqaz oyununda əsas gücə çevrilmək və rəsmi Bakının diqqətini Dağlıq Qarabağ münaqişəsindən yayındırmaq niyyəti güdür. İran Qərbin sərt siyasətindən müdafiə olunmaq üçün hər tərəfdən özünə qarşı təhlükə xofu hiss edir və rəsmi Bakının Qərblə sıx əməkdaşlığı Tehranı daha çox təşvişə salır. Amma İslam ölkəsinin şübhələri və bundan doğan aqressiv siyasət bu ölkənin özü üçün ciddi problemlər vəd edir. Millət vəkili Zahid Oruc hesab edir ki, İran rəsmi Bakıya aqressiyasını davam etdirdiyi müddətcə Azərbaycan öz xarici siyasətinə yenidən baxmalıdır. Vəziyyət belə davam edərsə, Azərbaycanın Qərbin anti-İran blokuna qoşulması qaçılmaz olacaq. İranla münasibətlərin korlanması əslində Azərbaycan üçün o qədər böyük əhəmiyyət kəsb etmir. Regionun lider ölkəsi olan Azərbaycanın heç bir ölkədən, o cümələdən İrandan hansısa bir sahədə asılılığı yoxdur. Azərbaycan xarici siyasəti yalnız milli maraqlara söykənir.

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı da bu xüsusda qeyd edir: "Biz İranda müəyyən dairələrin "Eurovision" müsabiqəsi ilə əlaqədar yanlış fikirlər söylədiyini və bu yarışmaya mane olmaq üçün müxtəlif cəhdlər etdiyini görürük. İndi çox qəribə vəziyyət yaranıb". O deyib ki, qərbdə erməni lobbisinin təsiri altında olan mətbu orqanlarda Azərbaycan əleyhinə yazıların getdiyi bir vaxtda, İranda da buna oxşar hərəkətlər edilir: "Bütün bunlar onu göstərir ki, erməni lobbisi ilə İrandakı dairələr arasında sinxron əlaqə var və bu fəaliyyət bir mərkəzdən idarə olunur. Yəni İranda olan müəyyən dairələr və rejimin müəyyən qrupları, əslində, erməni lobbisinin hərəkətlərini təkrar etməkdə və yaxud sifarişlərini yerinə yetirməkdədir. Buna misal olaraq, Təbrizdə Azərbaycan əleyhinə mitinqlərin təşkil olunmasını göstərə bilərik. Bu aksiyalarda səslənən fikirlər xarici mətbuatda erməni lobbisinin yazdırdığı yazılarla eyniyyət təşkil edir. Təbrizdəki aksiyaları təşkil edənlər o şəxslərdir ki, erməni lobbisi ilə bağlıdır, eyni zamanda, Azərbaycanın inkişafına qarşı olan, bölgədə ölkəmizin rolunun artmasından əndişələnən dairələrdir".

Siyasi şərhçi Sədrəddin Soltan hesab edir ki, iki ölkə arasında gərginliyin kökü mahnı yarışmasından çox-çox əvvəllərə, Azərbaycanın müstəqillik əldə etdiyi dövrə təsadüf edir. Onun fikrincə, İran müstəqil Azərbaycan dövlətini çətin qəbul edir: "İran narahatdır ki, Azərbaycan dövləti bu ölkədə yaşayan azərbaycanlıları hər an himayə edə bilər. Bu baxımdan da İran hakimiyyəti Azərbaycan Respublikasında öz nəzarəti altında olan bir rejimin mövcudluğunda maraqlıdır". Sədrəddin Soltan deyir ki, əslində İran Azərbaycanın İsrail və Amerika ilə münasibətlərindən razı deyil. Azərbaycan da öz növbəsində İranın Ermənistanla münasibətlərindən narazıdır və bunu dəfələrlə qarşı tərəfin diqqətinə çatdırıb. Şərhçi hesab edir ki, bu kimi iradların qarşılığında İran hakimiyyəti müxtəlif bəhanələrlə oyunlar qurur: "Misal üçün, bir ara iranyönlü təşkilatlar hicab məsələsini qabartmağa çalışdılar. Hətta bəziləri bu məsələdə konstitusiya dəyişikliyi tələb edirdilər". Onun sözlərinə görə, iki ölkə arasında gərginlik yalnız İranda yaşayan azərbaycanlıların milli haqlarının tanınmasından və orada hakimiyyət dəyişməsindən sonra aradan qalxa bilər. İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani iki ölkə arasında münasibətlərin yaxın zamanlarda normallaşacağına o qədər də inanmır: "Gözlənilmir ki, bu tezliklə mövcud problemlər həll olunsun. Haradasa güclü diplomatiya başlansa, ardıcıl olaraq bir neçə məsələ həll oluna bilər. Amma bu da o demək deyil ki, bununla da bütün problemlər həll olunar. Çünki bu məsələdə beynəlxalq səviyyədə başqa ölkələrin də təsiri var".

Əsgər CAVADOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs