news Image
2012.05.31
19:28
| A A A
Qanunsuz aksiya iştirakçıları zorla özlərini polislərə sürtürlər
“İlana ağu verən kərtənkələlər üzə çıxaraq bütün imkanlarını ortaya qoydular ki, ölkəmizin nüfuzuna zərbə vursunlar” Qanunsuz aksiya iştirakçıları zorla özlərini polislərə sürtürlər. Bu fikirləri Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov hakim partiyanın saytına müsahibəsində bildirib. Deputat Avropa Parlamentinin Azərbaycanda İnsan Haqlarına Dair qəbul etdiyi qətnaməni pisləyərək onu qərəzli hesab etdiyini bildirib. Xüsusən də, Azərbaycanda sərbəst toplaşmaq azadlığının pozulmasını pisləyən qətnaməni kəsinliklə qəbul etmədiyini deyən S.Novruzov bu məsələdə müxalifəti günahlandırıb. "Amma biz heç nədən narahat deyilik. Biz görürük ki, Avropanın özündə də qanunsuz mitinqlərin qarşısını necə alırlar. Almaniyada, İngiltərədə və digər ölkələrdə belə aksiyaları atlarla, itlərlə, su şırnaqları ilə, gözyaşardıcı qazla dağıdırlar. Azərbaycanda isə qanunsuz mitinq iştirakçıları zorla özlərini polislərə sürtürdülər ki, fiziki güc tətbiq edilsin. Polis də insandır axı, onun da psixoloji durumu var. Amma bizim polislər çox sağ olsunlar ki, təmkinli olaraq heç kimə xətər toxundurmadan qanunsuz aksiyaların qarşısını alır". Deputat söz azadlığı məsələsinə toxunaraq ölkəmizdə bu istiqamətdə problem olmadığını bildirib: "Söz azadlığına gəlincə, ölkəmizdə belə bir probblem yoxdur. Bütün KİV-lər, o cümlədən müxalifət qəzetləri istədiklərini yazırlar. Avropa parlamentariləri nümunə kimi yaxşı olar ki, "Azadlıq" və "Yeni Müsavat" qəzetlərinə baxsınlar. Bu qəzetlərdə hakimiyyət nəinki tənqid olunur, hətta təhqir, böhtan baş alıb gedir. Həmin təşkilat "Azadlıq" qəzetinin bir aylıq nəşrlərinin monitorinqini aparıb görsün ki, hakimiyyət haqqında nə qədər şər-böhtan yazır, amma buna qarşı dözümlülük nümayiş etdirilir. Əgər söz, mətbuat azadlığı olmasaydı, bu yazılar yazıla bilərdimi?" Millət vəkili daha sonra "Eurovision" yarışması ilə bağlı səslənən fikirlərə münasibət bildirib. "Eurovision" mahnı müsabiqəsini biz yüksək səviyyədə keçirdik. Amma burada bir vacib məsələ ortaya çıxdı. Keçmişdə satqınlar olurdu ki, müdafiə qalasının zəif yerini düşmənə göstərirdilər və yaxud gecə vaxtları qapını açıb düşməni içəri buraxırdılar. Məsələn, Dədə Qorqud dastanında olan yalıncıqlar, Babəki düşmənə satan səhl ibn sumbatlar kimi xarakteri olan insanların hamısı bu ərəfədə üzə çıxdı. Bu prosesin gözəl nəticələrindən biri də odur ki, xalqımız bu tipli adamların kim olduğunu gördü. Bu adamlar Azərbaycan siyasətində özlərini tamamilə biabır etdilər. Əgər onların arasında əsil ziyalı var idisə, müxalifətə müraciət etməli idi ki, "Eurovision" ərəfəsində bu prosesləri dayandırmalıyıq. Azərbaycan xalqı da onların ziyalı olduğunu qəbul edib alqışlayardı. Amma əksinə, bu ərəfədə ilana ağu verən kərtənkələlər üzə çıxaraq bütün imkanlarını ortaya qoydular ki, ölkəmizin nüfuzuna zərbə vursunlar", - deyə S.Novruzov vurğulayıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs