news Image
2014.01.23
08:00
| A A A
PREZİDENT İLHAM ƏLİYEV: "ƏGƏR BİZ GÜCLÜ İQTİSADİYYAT YARATMASAYDIQ,NƏ BEYNƏLXALQ ALƏMDƏ, NƏ DƏ REGİONDA BU UĞURLARA NAİL OLA BİLMƏZDİK..."

Məlum oıduğu kimi yanvarın 9-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Prezident İlham Əliyev 2013-cü ildə də Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafını davam etdirdiyini və beynəlxalq imicinin möhkəmləndiyini vurğulayıb. Dövlət başçısı BMT Təhlükəsizlik Şurasında iki illik fəaliyyəti dövründə respublikamızın beynəlxalq hüququ və ədaləti əsas götürərək daim prinsipial mövqe tutduğunu, ölkəmizin beynəlxalq nüfuzunun ötən müddətdə daha da artdığını qeyd edib.

Prezident İlham Əliyev 2013-cü ilin əvvəlində Avropa Şurası Parlament Assambleyasında antiazərbaycan qüvvələrin ölkəmizə qarşı təşkil etdiyi kampaniyanın iflasa uğradığını bildirib.

Dövlət başçısı söyləmişdir ki, 2013-cü ilin əvvəlində Avropa Şurası Parlament Assambleyasında da əlamətdar hadisə baş vermişdir. Yanvar ayında sessiyada Azərbaycana qarşı əsassız, qərəzli, ikili standartlar əsasında təşkil edilmiş hücum fiaskoya uğramışdır. Assambleyada böyük əksəriyyət antiazərbaycan kampaniyasına qoşulmamışdır, bu, kampaniyanın təşəbbüskarlarını, o cümlədən pərdəarxası təşəbbüskarlarını məyus etmişdir və Azərbaycanın haqlı mövqeyini müdafiə etmişdir. Siyasi amillərlə şərtlənən qətnamənin layihəsi keçmədi, Azərbaycanın mövqeyi üstünlük təşkil etdi. Beləliklə, Azərbaycan beynəlxalq arenada növbəti qələbə qazanmışdır.

Bu hadisə bir də onu göstərmişdir ki, haqq-ədalət həmişə zəfər çalmalıdır. Azərbaycan öz prinsipial, ədalətli mövqeyini nümayiş etdirdi və Assambleyanın qərarı antiazərbaycan qüvvələrinə vurulan ən böyük zərbələrdən biridir. Hesab edirəm ki, bundan sonra onlar və onların arxasında dayanan antiazərbaycan qruplaşmalar özləri üçün nəticə çıxaracaqlar.

Dövlət başçısı ötən il Azərbaycanda çoxlu sayda mötəbər beynəlxalq tədbirin keçirildiyini, müxtəlif ölkələrlə ikitərəfli münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsi üçün hərtərəfli iş aparıldığını deyib.

Ermənistan-Azərbaycan, Dağliq Qarabağ münaqişəsinin həlli məqsədilə aparılan danışıqlarda Ermənistanın qeyri-konstruktiv mövqe tutması nəticəsində heç bir irəliləyişə nail olunmadığını vurğulayan Prezident İlham Əliyev ötən ilin sonunda bu prosesdə müəyyən canlanmanın müşahidə edildiyini bildirib:

"Xarici siyasətimizin əsas məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində, əfsuslar ki, heç bir irəliləyiş olmamışdır. Ermənistan tərəfi il ərzində danışıqlar prosesini yenə də müxtəlif bəhanələrlə uzatmaq taktikasını seçmişdir. Demək olar ki, il ərzində danışıqlar prosesində heç bir irəliləyiş olmamışdır, durğunluq hökm sürmüşdür. Sadəcə olaraq ilin sonunda müəyyən canlanma müşahidə edilib. Görərik, əgər Ermənistan məsələnin həlli ilə bağlı konstruktiv mövqe nümayiş etdirərsə, qısa müddət ərzində razılaşmaya gəlmək mümkün olacaqdır. Müəyyən ümidlər, müəyyən nikbin məqamlar vardır, ancaq 2014-cü ildə biz bunları araşdıracağıq. Hər halda 2014-cü ildə Ermənistanın həqiqi niyyəti tam bəlli olacaqdır. Sözün düzü, keçən dövr nikbinliyə o qədər də əsas vermir. Çünki Ermənistan bütün danışıqlar prosesi zamanı qeyri-konstruktiv mövqe sərgiləmişdir, vaxtı uzatmaq taktikasını seçmiş və beləliklə, danışıqlar prosesini iflic vəziyyətə salmışdır.

Ancaq əgər Ermənistanda realist yanaşmalar üstünlük təşkil edərsə, hesab edirəm ki, qısa müddət ərzində münaqişə ilə bağlı irəliləyiş ola bilər. Realist yanaşma isə gerçəyə, real güclər nisbətinə söykənməlidir. Azərbaycanın artan gücü də burada öz rolunu oynayır və oynayacaqdır. Bu gün Ermənistan ilə Azərbaycan arasında müqayisə apardıqda bizim üstünlüyümüz hər bir sahədə açıq-aydın özünü büruzə verir. Bizim dövlət büdcəmiz Ermənistanın dövlət büdcəsindən 10 dəfə böyükdür. Ümumi daxili məhsul 8 dəfə, əhali 6 dəfə çoxdur. Bizim bütün potensialımız güclənir, böyüyür, artır, Ermənistanda isə həm çox ağır iqtisadi, həm də demoqrafik vəziyyət yaşanır. Deyə bilərəm ki, demoqrafik fəlakət yaşanır və bunu Ermənistanın rəsmi orqanları da təsdiq edir. Ona görə əgər Ermənistan rəhbərliyi məsələyə ciddi yanaşarsa və Ermənistan dövlətinin maraqlarını üstün tutarsa, açıq-aydın anlayar ki, Azərbaycan ilə bundan sonra rəqabət aparmaq üçün onlarda nə imkanlar var, nə də ki, potensial..."

Azərbaycan heç vaxt öz tarixi torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və həll ediləcəkdir. Mən buna şübhə etmirəm və buna nail olmaq üçün biz hələ ki, danışıqları davam etdirəcəyik, ancaq öz gücümüzü də artıracağıq.

O cümlədən hərbi gücümüz də artır. 2013-cü ildə ordu quruculuğu ilə bağlı önəmli addımlar atılmışdır. Biz çox ciddi islahatlara başladıq. Bu islahatlar öz nəticəsini verməkdədir. Bizim döyüş qabiliyyətimiz artır, 2014-cü ildə böyük dərəcədə artacaqdır. Qeyd etməliyəm ki, bizim hərbi potensialımız, orduda aparılan islahatlar, yeni prinsiplər, döyüş taktikası ilə bağlı yeni yanaşmalar tamamilə yeni bir situasiyanın yaranmasına gətirib çıxarır. Nəzərə alsaq ki, son illərdə Azərbaycan böyük həcmdə silah-sursat, texnika almışdır, - ən müasir texnikadır, - bizim döyüş qabiliyyətimiz böyük dərəcədə artacaq, artır və bu, danışıqlar prosesinə ancaq müsbət təsir göstərəcəkdir.

Bəzi hallarda bu məsələ ilə əlaqəsi olmayan qurumlar, yaxud da, Ermənistanın dəyirmanına su tökən siyasətçilər bizi tənqid etməyə çalışırlar ki, nə üçün Azərbaycan hərbi büdcəsini artırır. O ölkələrin nümayəndələri bunu deyir ki, onların hərbi büdcəsi göylərə qalxıbdır. Bizim təbii hüququmuzdur, biz öz hərbi potensialımızı artırırıq, artıracağıq. Dağlıq Qarabağ məsələsinin ədalətli, beynəlxalq normalara uyğun şəkildə həll edilməsi üçün bizim hərbi gücümüz həlledici rol oynayacaqdır. Biz bu gün güclü ordu yaradırıq. Bizim ordumuz dünyanın ən güclü orduları sırasındadır. Əlbəttə ki, ordu quruculuğu işi davam etdiriləcəkdir.

Erməni işğalından əziyyət çəkən soydaşlarımızın problemləri də keçən il həll olunmuşdur, 20 min köçkün yeni evlərə, mənzillərə köçürülmüşdür. Bu il də ən azı 20 min köçkünün yeni evlərə köçürülməsi nəzərdə tutulur. Faktiki olaraq, biz il ərzində bir şəhər yaradırıq və bu siyasəti davam etdirəcəyik. Çünki hələ ki, məktəblərdə, uşaq bağçalarında, hərbi hissələrin ərazilərində, yataqxanalarda ağır vəziyyətdə yaşayan köçkünlər kifayət qədərdir. Artıq bu proses də başlamışdır və davam etdiriləcəkdir.- deyə dövlət başcısı söhbətinə davam etmişdir.

Azərbaycanın dövlət büdcəsinin Ermənistanın dövlət büdcəsini 8 dəfə, ölkəmizin əhalisinin işğalçı dövlətin əhalisini 6 dəfə üstələməsi, Ermənistanın ağır sosial-iqtisadi vəziyyətdə olması faktlarına əsaslanan dövlətimizin başçısı bütün sahələrdə güclər nisbətinin respublikamızın xeyrinə olduğunu vurğulayıb. Dövlət başçısı ötən il 20 min məcburi köçkünün hərtərəfli şəraitə malik olan mənzillərlə təmin edildiyini, bu ildə təxminən bir o qədər məcburi köçkün üçün yeni mənzillərin inşa ediləcəyini deyib.

Prezident İlham Əliyev 2013-cü ildə respublikamızda Ümumi Daxili Məhsulun təxminən 6%, qeyri-neft sektorunun 9,8%, əhalinin pul gəlirlərinin 8% artdığını və inflyasiyanın 2,4% təşkil etdiyini bildirib. Ötən il Azərbaycan iqtisadiyyatına rekord miqdarda - 28 milyard dollar investisiya qoyulduğunu deyən dövlət başçısı Azərbaycanın strateji valyuta ehtiyatının 50 milyard dollara çatdığını vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, 2013-cü ildə ölkəmizdə 80 mini daimi olmaqla 110 min yeni iş yeri yaradılıb və işsizlik bir qədər də aşağı salınaraq 5% təşkil edib. Respublikamızda yoxsulluğun 5,3% səviyyəsində olduğunu deyən dövlət başçısı Azərbaycanın xarici dövlət borcunun Ümumi Daxili Məhsula nisbətdə cəmi 8% təşkil etdiyini və bunun dünya miqyasında ən yaxşı göstəricilərdən biri olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Forumunun son açıqlamasına əsasən rəqabət qabiliyyətliliyinə görə dünyada 39-cu yerdə olan ölkəmizin bundan sonra da uğurlu sosial-iqtisadi inkişafını davam etdirəcəyini deyib. Dövlət başçısı 2013-cü ildə maaş və pensiyaların artırıldığını, MDB məkanında məhz Azərbaycanda Sovet dövründən qalan əmanətlərin kompensasiyasının ən qısa müddətdə və ən yüksək əmsalla reallaşdırıldığını vurğulayıb.

"İKT ili" elan edilən 2013-cü ildə Azərbaycanın ilk kosmik peykinin orbitə buraxılmasını tarixi nailiyyət kimi dəyərələndirən Prezident İlham Əliyev respublikamızda turizm və nəqliyyat sektorlarının inkişafı üçün də böyük işlər görüldüyünü bildirib. Dövlət başçısı inşası uğurla davam etdirilən Bakı-Tbilis-Qars dəmiryolunun 2015-ci ildə istismara veriləcəyinə ümidvar olduğunu qeyd edib. 2013-cü ildə TAP və "Şahdəniz-2" layihələri çərçivəsində əldə olunan uğurlara toxunan Prezident İlham Əliyev qlobal səviyyəli bu layihələrin reallaşmasında Azərbaycanın rolunu xüsusi vurğulayıb.

Prezident İlham Əliyev real siyasətə və görülən işlərə qiymət verərək ötən il onu yenidən dövlət başçısı seçən xalqımıza minnətdarlığını bildirib, bütün mötəbər qurumların seçkilərin azad, şəffaf və ədalətli şəraitdə keçdiyini rəsmi qaydada təsdiqlədiklərini bildirib.

Dövlət başçısı bu il qəbul ediləcək növbəti regional inkişaf və Bakı və ətraf qəsəbələrin inkişaf proqramlarının icrası ilə bağlı qarşıda yeni vəzifələrin durduğunu bildirib. Ölkənin əsas ərzaq məhsullarına olan tələbatının daxili imkanlar hesabına ödənilməsinin əsas məqsədlərdən biri olduğunu söyləyən Prezident İlham Əliyev bunun üçün meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi, iri fermer təsərrüfatlarının yaradılması və kənd təsərrüfatı üçün yeni texniki vasitələrin alınması üçün vəsait ayrılması prosesinin davam etdirilməsi, torpaq fondunun uçotunun başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlarını verib.

Prezident İlham Əliyev 2014-cü ildə ölkə əhalisinin təbii qazla davamlı təchizatı, içməli su və kanalizasiya, həmçinin kənd yollarının inşası layihələrinin icrası ilə bağlı qarşıda duran vəzifələrdən danışıb.

Dövlət başçısı korrupsiyaya qarşı kompleks mübarizə tədbirlərinin 2014-cü ildə də davam etdiriləcəyini, bu sahədə öz səmərəliliyini artıq təsdiq etmiş "ASAN xidmət" şəbəkələrinin genişlənəcəyini vurğulayıb.

Prezident İlham Əliyev 2014-cü ili həm də 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqda həlledici il kimi səciyyələndirib.

Göründüyü kimi, Azərbaycan hökuməti ölkədə qeyri-neft sektorunun mühüm bölməsi olan sənayenin inkişafına xüsusi əhəmiyyət verir. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyev qeyri-neft sektorunun gələcək illərdə də inkişafını təmin etmək üçün hazırda ciddi proqramların icra edildiyini, həmçinin, növbəti illərdə də bu prosesin davam etdiriləcəyini vurğulayaraq 2014-cü ilin "Sənaye ili" olacağını olacağını bildirib.

Bəli, müvafiq Sərəncam 10 yanvar 2014-cü ildə imzalanqı. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi 2014-cü ilin Azərbaycan Respublikasında "Sənaye ili" elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək .

Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Onu da vurğulamaq yerinə düşər ki, Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışı zamanı sənaye istehsalının artırılması ilə bağlı texnoparkların fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını deyən dövlətimizin başçısı 2014-cü ildə metallurgiya sənayesinin inkişafı ilə bağlı ciddi addımların atılmalı olduğunu da vurğulayıb: "Bu, çox perspektivli bir sahədir. Xüsusilə nəzərə alsaq ki, metallurgiya sənayesinin inkişafı üçün bizdə kifayət qədər yerli xammal, təbii resurslar vardır..."

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs