news Image
2012.06.04
21:01
| A A A
Rusiyadan Azərbaycana gələn böhran təhlükəsi
Şimal qonşumuzun iqtisadi durumunun pisləşməsi ölkəmizə də təsirsiz ötüşməyəcək

Qərb ölkələrinin üzləşdiyi böhran tədricən Asiyada, eləcə də MDB məkanında da özünü göstərməkdədir. Hələlik isə əsas problem qərb dövlətlərindədir. Belə ki, Birləşmiş Ştatlarda işsizliyin səviyyəsi son iki ayda daha da artıb. Ölkənin əmək statistikası bürosunun verdiyi son açıqlamaya görə, bu göstərici may ayında 8.2 faizə çatıb.

Bu isə Barak Obama hakimiyyəti dövründə müşahidə olunan ən yüksək göstəricidir. Son iki ayda cəmi 69 min yeni iş yeri açılıb. 150 mindən artıq insan isə işsiz statusu alıb. Hər ay orta hesabla işsizliyin səviyyəsi 0.3 faiz artır. İqtisadi geriləmə qiymətlərə də təsir edib. Qızılın qiyməti son bir ayda rekord həddə çatıb. Avropa birjalarında isə səhmlərin qiyməti kəskin şəkildə aşağı düşüb. Xüsusən iri sənayə şirkətlərinin səhmlərində ucuzlaşma müşahidə olunur. Bu, özünü əsasən İspaniya, Yunanıstan və Almaniya birjalarında daha qabarıq formada göstərir. Ekspertlər son günlərdə valyuta məzənnələrində önə çıxan qeyri-sabitliyi İspaniya və Yunanıstanın bank idarəçilik sistemində problemlərin ortaya çıxması və iqtisadi geriləmənin dərinləşməsi ilə əlaqələndirirlər. Bununla əlaqədar "Moodys" Reytinq Xidməti Yunanıstanın kredit reytinqini bir qədər də aşağı salıb. Bu arada avro da dəyərini itirməkdədir. Böhran dalğası Rusiyaya da çatıb. Rubl ucuzlaşır. Bu gün 1 dollar təxminən 33, 5 rubla dəyişdirilir. Bu, bir həftə əvvələ nisbətdə 0.7 faiz, ötən ayın əvvəllərinə nisbətdə isə 14 faiz ucuzlaşma deməkdir. Rublun dəyərsizləşməsi prosesinin yaxın bir həftə də davam edəcəyi gözlənilir.

Rusiya birjalarında səhmlərin və indekslərin aşağı düşməsinin müşahidə edildiyini vurğulanır. Proseslər belə deməyə əsas verir ki, böhranın Qərbdən sonra ikinci mərhələdə vuracağı ölkə Rusiya olacaq. Nəticədə bu ölkədən Azərbaycana daxil olan vəsaitlər azalacaq. Hətta böhranın ikinci mərhələsinin azərbaycanlıların Rusiyadakı biznesi üçün ciddi təhlükələr yaradacağı güman edilir. Yeri gəlmişkən, Rusiya mətbuatının hesablamalarına əsasən, il ərzində Azərbaycana 3 milyard dollara yaxın vəsait göndərilir. Həmin vəsaitlər regionlarda yaşayan əhali üçün sosial baxımdan böyük dəstəkdir. Bunları nəzərə alsaq, Rusiyadakı böhranın Azərbaycana təsiri qaçılmazdır.

Beləliklə, dünyada qeydə alınan maliyyə böhranı MDB ölkələrindən daha çox soydaşlarımızın iş üçün üz tutduğu Rusiyada özünü qabarıq göstərir. Qeyd edək ki, bu ölkədə banklar yalnız kredit əməliyyatları ilə məşğul deyil, həm də qiymətli kağızlarla əməliyyatlar həyata keçirirlər. Burada investisiya bankları da var. Ona görə də Rusiya banklarının riski Azərbaycan bankları ilə müqayisədə qat-qat çoxdur, çünki onlar sırf investisiya banklarıdır və onların qiymətli kağızları fond birjalarında satılır. Ekspertlər hesab edir ki, Rusiyadakı belə banklar dünya bazarındakı neqativ proseslərin təsirindən daha pis vəziyyətə düşməkdədirlər. Rusiya banklarının əksəriyyəti fond birjaları ilə işləyir və Rusiya şirkətlərinin, banklarının səhmləri yüksək sürətlə düşür. Korporativ müəssisələrin səhmlərinin ucuzlaşma prosesi bank sektoruna da təsir göstərir. Yəni bankla işləyən hansısa müəssisənin səhmləri ucuzlaşıbsa, bu, o deməkdir ki, bunun ziyanı banklara da birbaşa təsir göstərir, çünki həmin müəssisələr banklardan müəyyən məbləğlərdə kreditlər alır və bu kreditlərin qaytarılmasında böyük problemlər yaranır. Eyni zamanda bankların da verdiyi kreditləri geri almaq qabiliyyəti yaranır. Yəni kredit portfelinin riski artır. Ona görə də Rusiyada ən əvvəl investisiya banklarında əmanət saxlayanların problemləri daha çoxdur. Rusiya banklarında əmanət saxlayan soydaşlarımızın statistikasının aparılmadığını deyən ekspertlər bildirir ki, maliyyə böhranı Rusiyadakı həmvətənlərimizin maliyyə vəziyyətinə mənfi təsir göstərdikcə, bu təsir Azərbaycanda da əks olunacaq. İqtisadçı-ekspertlər hesab edir ki, hazırda dünyanın maliyyə sektorunda hökm sürən böhran aradan qaldırılmayınca ən əsası Rusiyada və xarici ölkə banklarında əmanət saxlayan soydaşlarımız ehtiyatlı olmalıdır. Bu səbəbdən də "Tələb olunanadək" adlı hesablarda olan pulları götürmək məsləhətdir. Depozitlərin müddəti başa çatırsa, onların vaxtının uzadılması hələ ki, məqsədəuyğun deyil.

Əsgər CAVADOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs