Əlaqə Arxiv
news Image
2014.01.25
10:10
| A A A
Hərb sahəsində daha bir mühüm yenilik
Üzeyir Cəfərov: “Bu, bizim hərbi hava və hərbi hava hücumundan müdafiə qoşunları üçün son dərəcədə vacib bir sistemdir” Emin Həsənli: “Eyni regionda yaşadığımızdan və aşağı-yuxarı təhlükələrin eyni mərkəzdən olduğundan hərbi əlaqələrimiz genişlənir”

Yaxın perspektivdə Azərbaycan və Türkiyə arasında aviasiyası və hava hücumundan müdafiə sistemində vahid "dost-düşmən tanıma" sisteminin qurulması gözlənir. Sistem hər iki ölkənin hava hücumundan müdafiə sistemini avtomatik rejimdə öz təyyarələrini və digər ölkələrə aid olan uçuş aparatlarını təyin etməyə imkan verəcək. Hazırda bu məsələnin iki ölkənin müvafiq qurumları arasında müzakirə olunduğu bildirilir. Xatırladaq ki, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun ötən ilin dekabrında Türkiyəyə səfərində də bu məsələ gündəmdə olub. Dövlətlər arasında razılaşmadan sonra Azərbaycan və Türkiyənin bütün uçuş vasitələrində ASELSAN şirkətinin hazırladığı "dost-düşmən tanıma" sistemi (İFF) qurulacaq. Xəbər barədə rəsmi açıqlama hələlik olmasa da, ekspertlər bu sistemin qurula biləcəyini istisna etmirlər. Eyni zamanda bu sistemin hər iki ölkənin hərbi hava qüvvələri üçün böyük əhəmiyyətə malik olacağını göstərirlər.

Hərbçi ekspert Üzeyir Cəfərov bildirir ki, bu, bizim hərbi hava və hərbi hava hücumundan müdafiə qoşunları üçün son dərəcədə vacib bir sistemdir: "Çünki, əvvəla o sistem tək hərbi sahədə yox, mülki sahədə də istifadə olunur. Hərbi sahədə onun istifadəsi bizim hərəkət imkanlarımızı bir az da genişləndirəcək. Çünki, Azərbaycanın hava məkanından gün ərzində yüzlərlə hava nəqliyyatı keçir. Burada müxtəlif təyinatlı, müxtəlif dövlətlərə məxsus hava gəmilərindən istifadə olunur. Həmin tanıtma nişanları hərbi hava nəqliyyatı ilə bağlı bütün taxtiki-texniki xarakterikası barədə məlumat almağa imkan verəcək. Bundan da başqa onların icazəsinin olub-olmamasını müəyənləşdirə biləcək. Bu məsələlərin asanlaşdırılması üçün nəzərdə tutulan bir sistemdir. Hətta bizdə o sitemdən bir neçə il qabaq Müdafiə Nazirliyi əldə etmişdi. Yəqin ki, indi Azərbaycanda həmin sistemin istifadəsi daha geniş formada nəzərdə tutulur. Azərbaycan hava məkananın etibarlı mühafizəsi üçün əvəzsiz sistemdir. Bir növ, vaxtı ilə ölkəmizdə Qəbələ RLS-ində quraşdırılmış sistemin funksiyasını yerinə yetirir. Bu sistem bizə imkan verəcək ki, hava məkanızımzda, Xəzər dənizində, quru sərhədlərimizdə qanun pozuntusuna yol verəcək istənilən avadanlığı xəbərdarlıqlardan sonra məcburi enişə sövq edə bilək".

Digər hərbçi ekspert Emin Həsənli bildirir ki, Türkiyə Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətdir: "Hər zaman da ölkəmizlə ikitərəfli əməkdaşlığı olub. Bizim iqtisadi maraqlarımız da bunu diqtə edir. Beynəlxalq siyasətdə bir-birimizə dəstək veririk. Hərbi siyasətdə də əlaqələrimiz genişdir. Ona görə də eyni regionda yaşadığımızdan və aşağı-yuxarı təhlükələrin eyni mərkəzdən olduğundan hərbi əlaqələrimiz genişlənir. Bizim 1996-cı ildən Türkiyə ilə hərbi əməkdaşlıq sahəsində müqaviləmiz var. Təbii ki, vahid hava məkanında da əməkdaşlıq məsələsi strateji əhəmiyyətə malikdir. Hər iki ölkənin dövlət maraqlarına cavab verir. Ortaq düşmənimiz var. Terror məsələsi də daim gündəmdədir. Ümumilikdə Ermənistan bölgədə sülhə təhlükəsizliyə qarşı təhdiddir. Ona görə də biz bu əməkdaşlığı dərinləşdirməkdə maraqlıyıq. Gələcəkdə bu əməkdaşlıq daha da dərinləşəcək".

Qeyd edək ki, ASELSAN tərəfindən hazırlanmış NATO-nun STANAG 4193 səviyyəsinə uyğun gələn bu sistem İFF cavablayıcı cihazı ilə uçuş vasitələrin kimliyi, yüksəklik bilgiləri və s. barədə məlumatları hava hücumundan müdafiə sistemlərindəki İFF sorğulayıcılarına ötürür.

Sizin Reklam Yeriniz