news Image
2012.06.06
18:42
| A A A
Qarabağda yeni müharibə başlanır
Okeanın o tayında hesab olunur ki, Minsk qrupunun fəaliyyətinin nəticəsizliyi müharibəni qaçılmaz edir

Cəbhə xəttində vəziyyətin gərgin olması və bunun hər an genişmiqyaslı müharibənin başlaması üçün bir qığılcıma çevrilə biləcəyi beynəlxalq miqyasda da ciddi narahatlıq predmetinə çevrilib. Bu xüsusda isə Vaşinqtonda mənzillənən Amerika Xarici Əlaqələr Şurasının baş elmi işçisi, 26 il xarici siyasət və Müdafiə Departamentlərində çalışmış Ueyn Merri olduqca maraqlı fikirlər səsləndirir:

"Təmas xəttində bu il mütəmadi rast gəlinən toqquşmaların Birləşmiş Ştatların dövlət katibi Hillari Klintonun Azərbaycan və Ermənistan səfəri zamanı təkrarlanması düşündürücüdür. Son iki atışmanın təsadüfi olmadığını da ehtimal etmək olar, belə ki, hər iki tərəf çox güman qonşularına, eləcə də, ola bilsin amerikalılara xəbərdarlıq etmək istəyidi. Belədirsə, dövlət katibi baş verənlərə reaksiya verəcək və silahlı diplomatiyanın səbəblərini araşdıracaq ki, bu hallar təkrarlanmasın".

Bu yaxınlarda Dağlıq Qarabağa səfər etmiş Merriyə görə, hazırda baş verənlər postmüharibə deyil, müharibə ərəfəsi mərhələni xatırladır: "Çox təəssüf ki, bu gedişlə yeni müharibə qaçılmazdır". Onun fikrincə, sülh danışıqlarında vasitəçilik mexanizmi artıq iflasa uğrayıb, Minsk Qrupu belədə mandatını dəyişib, arbitraj rolunu oynamalıdır: "Əks halda tərəflər nəticə əldə edə bilməyəcəklər. Yeni müharibə isə əvvəlkindən daha dağıdıcı və dəhşətli olacaq. Nəinki regional, həm də qlobal oyunçuları özünə cəlb edəcək". Yeri gəlmişkən onu da qeyd edək ki, Vaşinqtonda yerləşən nüfuzlu Vudru Vilson adına Beynəlxalq Mərkəzin Kennan İnstitutu "Dağlıq Qarabağ: Dondurulmuş münaqişə qaynara çevriləcəkmi?" mövzusunda müzakirələr keçirib.

Mövzu ilə bağlı çıxış edənlər arasında "Qara Bağ" kitabının müəllifi Tomas De Vaal diqqətə çatdırıb ki, münaqişədəki məsələlər təkcə ərazi bütövlüyü və ya öz müqəddəratını həll etmə ilə məhdudlaşmır, Dağlıq Qarabağ hər iki tərəf üçün milli mənlik və təhlükəsizlik baxımından da əhəmiyyət kəsb edir. Onun fikrincə, beynəlxalq icma xüsusilə təhlükəsizlik amilinin təmin olunması üzrə daha intensiv şəkildə iş aparmalıdır. Bununla xarici qüvvələr münaqişə tərəflərinə həll yolunun tapılmasında nə qədər ciddi olduqlarını nümayiş etdirər və Ermənistan ilə Azərbaycanı qarşılıqlı güzəştlərə həvəsləndirərlər. Onun fikrincə, iş o yerə çatıb ki, vasitəçiləri indi sülhün əldə olunmasından daha çox, təhlükəsizliyin bərpası düşündürür: "Silahların susmadığı vəziyyətdə münaqişə tərəflərinin danışıqlar masasına cəlbi çətin görünür. Bu, xanım Klintonun regiona səfəri kimi tarixi imkanın əhəmiyyətini azaldır".

Corctaun Universitetinin professoru Çarlz Kinq isə son prosesləri nəzərə alaraq bildirib ki, hazırda münaqişə üzrə müzakirələr həll yolunun tapılmasından daha çox, yeni müharibənin qarşısının alınması üzərində qurulur. Hərbi əməliyyatlar başlayacağı təqdirdə, ilk mərhələdən fərqli olaraq müharibəni yalnız Dağlıq Qarabağ və ətrafdakı Azərbaycan bölgələrində məhdudlaşdırmaq mümkün olmayacaq - yeni müharibə daha geniş ərazini əhatə edəcək.

Cənab Merri Türkiyənin beynəlxalq səhnədə və bölgədə möhkəmlənən mövqeyini nəzərə alaraq Ankaranı Dağlıq Qarabağ üzrə danışıqlar prosesinə daha geniş şəkildə cəlb etməyi təklif etmişdir.

Ekspert etiraf edib ki, Ermənistan meyilli mövqe nümayiş etdirən Minsk qrupunun həmsədrləri ilə yanaşı, Azərbaycanı dəstəkləyən Türkiyənin rolu mövcud səmərəsiz tarazlığı dəyişə bilər. Brukinqs İnstitutunda ABŞ və Avropa Mərkəzinin direktoru Fiona Hill 1990-cı illərlə müqayisədə Azərbaycanın və Ermənistanın beynəlxalq icmanın daha fəal üzvləri olduğunu diqqətə çatdırıb, xüsusilə də Azərbaycanın BMT Təhlükəsizlik Şurasında üzvlüyünü nəzərə alaraq tərəflərin beynəlxalq sülhün bərqərar olması üzrə daha çox məsuliyyət paylaşdığını bildirib. Xanım Hill xatırladıb ki, bu gün sülhpərvər və sabit hesab olunan Avropa bölgəsi əsrlər boyu qanlı münaqişələrdən keçərək, xalqlar biri-biri ilə sülh şəraitində yaşamağı öyrənib. Onun sözlərinə görə, BMT TŞ üzvü olaraq beynəlxalq aləmdəki münaqişələrlə daha yaxından tanış olan Azərbaycan hərbi həll yolunun hansı nəticələrə gətirib çıxardığını yaxşı başa düşür.

Amerikalı ekspertlər hesab edirlər ki, Avrasiya bölgəsinin ən uzunmüddətli münaqişəsi olan Dağlıq Qarabağ üzrə sülh danışıqlarında heç bir irəliləyişin olmamasını nəzərə alaraq, mövcud boşluğun təmas xəttindən gələn son həyəcanlı xəbərlərlə dolacağını ehtimal etmək olar. Ermənistan-Azərbaycan sərhədi Avrasiyanın ən hərbiləşmiş xətti olsa da, beynəlxalq icma buraya lazımi diqqət yetirmir. Natiqlər münaqişə üzrə sülh danışıqlarında hazırkı vəziyyəti qiymətləndirərək Minsk qrupu çərçivəsində aparılan danışıqların nəticə verəcəyinə inamsızlıqlarını ifadə edib.

Səməd CƏFƏROV

Movqe.AZ

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs