news Image
2014.02.12
10:09
| A A A
ABŞ Qarabağ fəallığına Rusiya sipəri
Natiq Miri: “ABŞ-ın fəallaşması ümid yaradır ki, hansısa mərhələdə Ermənistan təzyiqlər ola bilər” Elxan Şahinoğlu: “Rusiya münaqişədə ədalət istəsə, konfliktin həllinə qısa zamanda yetişmək mümkün olar”

"Hazırda ABŞ münaqişənin həll olunmasında əvvəlki illərdən daha fəal iştirak edir". Bunu ADA Universitetində ənənəvi Qlobal Perspektivlər Mühazirələr Silsiləsi çərçivəsində çıxışında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib: "Biz hökumətlə daha sıx işləyirik. Keçən ilin noyabr ayında Azərbaycan və Ermənistan prezidentlərinin görüşü pozitiv oldu və bu görüşlərin davam etdirilməsi vacibdir. Tərəflər münaqişənin həll olunması üçün daha konkret məsələlər ətrafında müzakirələr aparırlar. Biz bu münaqişənin həlli üçün əlimizdən gələni edəcəyik".

Lakin səfirin fikirləri ilə razılaşmayan siyasi şərhçilərin sayı kifayət qədərdir. Bununla belə prezidentlərin və xarici işlər nazirlərinin son görüşlərini ABŞ-ın fəallığının nəticəsi hesab edən politoloq Natiq Miri bildirir ki, həqiqətən də iki illik fasilədən sonra Dağlıq Qarabağla bağlı ortada bir aktivlik hiss olunur: "Bu aktivlik ABŞ-ın fəaliyyəti ilə bağlıdır. Məhz onların təşkilatçılığı altında xarci işlər nazirləri və prezidentlər arasında görüş oldu. Bu da "buzlar"ın əriməsi üçün vacib məhələ idi. Yəni, ABŞ prosesi aktiv fazaya gətirə bildi. Prezidentlərin görüşləri gələcəyə ümid yaradır. İndi də artıq prezidentlərin növbəti görüşlərinə hazrlıqlar gedir. Amma hələlik həmsədlər bunu razılaşdıra bilməyiblər. Cəbhədə aktivləşməni də nəzərə alsaq, bütün əngəlləyici faktorlar yenidən prezidentlərin görüşünə imkan vermədi. Eyni zamanda, nəzərə almaq lazımdır ki, başqa tormozlayıcı faktorlar da var. Bunlar əsasən regional faktorlardır. Suriyada və Ukraynada gedən proseslərlə bağlıdır. ABŞ-ın fəallığı müsbət haldır. ABŞ-ın həm Azərbaycana, həm də Ermənistana təsir imkanları var. Xüsusi ilə də Ermənistana təsir imkanları böyükdür. Çünki, Ermənistan məhz xarici donorların yardımları hesabına ayaqda dura bilir. Bu yardımlar olmasa, iqtisadiyyatı çökə bilər. Ona görə də ABŞ-ın fəallaşması ümid yaradır ki, hansısa mərhələdə Ermənistan təzyiqlər ola bilər. Ən nəhayət bu məsələdə tormozlayıcı güclərdən biri Rusiyadır. Ola bilsin ki, hansısa mərhələdə başqa regionlardakı geosiyasi maraqlar kontekstində ABŞ ilə Rusiya arasında müəyyən uzlaşma baş versin. Bu uzlaşma konteksində Dağlıq Qarabağ cəbhəsində prosesi müsbətə doğru daşımaq mümkün ola bilər. Ona görə də qlobal güclərdən birinin məsələdə fəallaşması ümid çırağı yandırır".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bildirir ki, Morninqstarın açıqlamasında nəyi çatdırması qaranlıq görünür: "Çünki, hələlik ABŞ-ın fəallığını görünmür. ABŞ-ın ancaq fəallığını onda görə bilərik ki, Minsk qrupundakı təmsilçisi Ceyms Uorlik bir balaca optimist görünür. Daha çox görüşlərə qatılır. Amma bu, hələ münaqişənin həllində irəliləyiş demək deyil. Əgər ABŞ-ın yeni təklifləri varsa, vasitəçilik missiyasını genişləndirmək və ən yaxşı halda ABŞ-da növbəti görüş təşkil etmək istəyərsə, onda demək olar ki, fəallığı göz önünə çıxar. Amma gəlib-getmək sadəcə, görüntüdür. Uorlik hansısa açıqlama verir. Bunu da fəallıq kimi qiyəmtləndirmək olmaz".

Politoloq əlavə etdi ki, münaqişənin həllində "açar" dövlət Rusiyadır: "O, fəallığını artırmalıdır. Rusiya istəsə, Ermənistana təsir edib bu məsələni çox qısa müddətdə həll edə bilər. Ermənistan son zamanlar kəskin dərəcədə Rsuiyadan asılı bir duruma düşüb. Rusiyanın hərbi bazaları Ermənistandadır. Rusiya qoşunları Ermənistan-Türkiyə sərhədlərini qoruyur. Qazpaylayıcı şirkətləri Rusiyanın əlindədir. Ermənistan hakimiyyəti daim Rusiya rəhbərliyi ilə məsləhətləşir. Ona görə də Rusiya münaqişədə ədalət istəsə, konfliktin həllinə qısa zamanda yetişmək mümkün olar. Amma Rusiya bunu istəmir. İstəmədiyinə görə məsələnin həlli uzanır. Digər iki həmsədrlərin fəallıqları isə elə də müşahidə edilmir. O zaman fəallıqları müşahidə olunardı ki, konkret təkliflər olardı, öz ölkələrində görüşlər təşkil edərdilər. Bunların heç biri olmadığından biz daha çox Rusiyanın münaqişənin həllinə təsirindən danışa bilərik".