Əlaqə Arxiv
news Image
2014.02.13
19:11
| A A A
“Avropa İttifaqının bəyanatında siyasi təzyiq cəhdləri var” - XİN

Xarici İşlər Nazirliyi Avropa İttifaqının ali nümayəndəsi Ketrin Aşton və komissar Stefan Fülenin Azərbaycanda QHT-lərlə bağlı qanunvericiliyə məhdudlaşdırıcı düzəlişlərin qəbulundan narahatlıqlarını ifadə edən bəyanatına münasibət bildirib. Movqe.az XİN saytına istinadən xəbər verir ki, nazirliyin sözçüsü Elman Abdullayev həmin bəyanatın təəccüb və anlaşılmazlıq doğurduğunu bildirib: "Avropa İttifaqının ali nümayəndəsi Ketrin Aşton və komissar Stefan Fülenin sözçülərinin Azərbaycan Respublikasında vətəndaş cəmiyyətinin fəaliyyətində şəffaflığın artırılmasını, QHT-in və bu sahədə mövcud hüquqi bazanın daha da inkişafını nəzərdə tutan QHT-lər haqqında qanununa əlavə və dəyişiklər ilə əlaqədar 12 fevral 2014-cü tarixli bəyanatını təəccüb və anlaşılmazlıq doğurur. Bu cür açıqlamalar verilərkən Avropa İttifaqının hansı "etibarlı" mənbələrə istinad etməsi maraq doğurur.

Avropa Şurasına üzvlüyə qəbul olunandan etibarən Azərbaycan Respublikası tərəfindən öz üzərinə götürülən öhdəliklər yerinə yetirilmiş, Avropa Şurasının Venesiya Komissiyası ilə əməkdaşlıq çərçivəsində qanunvericiliyin hazırlanması və inkişafına baxılmışdır. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş QHT-lər haqqında qanuna son əlavə və dəyişikliklər QHT-lər, Azərbaycan Respublikasının Milli Məclisi və Ədliyyə Nazirliyi və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirəyə çıxarılmış və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən irəli sürülən təkliflər qəbul edilmiş əlavə və dəyişikliklərdə nəzərə alınmışdır. Ortaq rəy ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikasının Konstitusiyası və İnsan hüquqları haqqında Avropa Konvensiyası əsasında hazırlanmış son əlavə və dəyişikliklər yalnız vətəndaş cəmiyyətinin fəaliyyətində şəffaflığın artırılmasına və QHT-lərin inkişafına xidmət edəcəkdir. QHT-in və vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının qanunvericiliyi Avropa İttifaqı ölkələrinin bu sahədəki qanunvericiliyindən heç bir halda geri qalmır, əksinə bir çox meyarlar üzrə bir sıra Avropa ölkələrinin qanunvericiliyindən daha demokratik xarakter daşıyır. Ümumiyyətlə, Azərbaycan Respublikası tərəfindən vətəndaş cəmiyyətinin inkişafı və vətəndaş cəmiyyəti nümayəndələrinin ictimai həyatın bütün sahələrində və qanunvericilik fəaliyyətində yaxından və fəal iştirakının təmin edilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. 2013-cü ilin noyabr ayında Azərbaycan Respublikasının İctimai iştirak haqqında qanunu qəbul edilib. "Azərbaycan 2020: Gələcəyə baxış" konsepsiyasında Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı barəsində nəzərdə tutulan hədəf və məqsədlər əsasında beşillik fəaliyyət planı hazırlanıb. Avropa Şurasının Azərbaycan üzrə 2014-2016-cı illəri əhatə edən fəaliyyət planında Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üzrə xüsusi fəsl də nəzərdə tutulub. Azərbaycanda QHT-in və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində görülmüş tədbirləri və əldə edilmiş nailiyyətləri görmədən və dəyərləndirmədən Avropa İttifaqı tərəfindən verilmiş bu bəyanatda qərəzli yanaşma və siyasi təzyiq cəhdləri özünü göstərir".

Sizin Reklam Yeriniz