news Image
2012.06.09
08:00
| A A A
Cəbhədəki gərginliyin şok pərdəarxası məqamları üzə çıxır
Baş verənlərdə üçüncü qüvvənin əlinin olmasına dair fikirlər səslənir

Cəbhə xəttində baş verən olaylar, hökm sürən gərgin vəziyyətin hər an genişmiqyaslı müharibəyə yol aça biləcəyinə dair yeni proqnozlar veriləmkdə, çoxsaylı fikirlər səslənməkdədir. Hələlik isə məlum olan odur ki, Azərbaycanla Ermənistan sərhəddindəki cəbhə xəttində gərginlik davam edir. Özü də qoşunların təmas xəttinin bütün istiqamətlərində atəşkəs rejimi ciddi şəkildə pozulmaqdadır.

Hansı səbəbdən atəşkəs rejiminin belə intensiv pozulması və cəbhədə gərgin vəziyyətin hökm sürməsinə dair isə fərqli fikirlər səslənməkdədir. Ekspertlərin əksəriyyəti hesab edir ki, mühüm olaylardan öncə bu kimi gərginləşmə yeni bir şey deyil. Xatırlanır ki, bənzər gərginləşmə Azərbaycan və Ermənistan dövlət başçılarının Sankt-Peterburqda keçən danışıqlarından öncə də yaranmışdı.

Hesab olunur ki, Rusiyanın iki ölkə arasında sülh yaratmaq missiyasının iflasa uğramasından sonra ABŞ dövlət katibi Hillari Klintonun bölgəyə səfəri və tərəflərlə danışıqlar aparması vaxtı Moskva Ermənistan vasitəsilə bölgədə söz sahibi olduğu barədə mesaj yollayıb. Yəni Moskva bildirməyə çalışır ki, Rusiya istədiyi şəkildə konflikti həm qızışdıra, həm də ki, sakitləşdirə bilər. Amma bundan sonra sakitlik bərpa olunmalıdır və yəqin ki olacaq.

O da bildirilir ki, Azərbaycan prezidenti İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında Qəbələ məsələsi müzakirə olunmalıdır. Bu məsələ tam həllini tapana qədər, bu danışıqlar vaxtı tərəflər arasında sakitlik hökm sürməlidir. Danışıqların uğursuz keçdiyi təqdirdə Ermənistan kartından istifadə edilməsini gözləmək olar. Ancaq hesab olunur ki, Rusiya öz maraqlarından, Qərb isə enerji mənfəətlərindən irəli gələrək yeni münaqişə istəmir. Bu vəziyyətin əvvəlki dinc məcrasına qayıdacağını əsaslandırır.

Hərbi ekspertlər bildirir ki, indiyədək hərbçilər bilavasitə səngər və postlarda öldürülüb. Baş verənlər genişmiqyaslı toqquşma yox, sırf təxribat əməliyyatı olub. Hərbi ekspert Uzeyir Cəfərov qeyd edir: "Dünyanın hansısa nöqtəsində oturan beynəlxalq eskpertlər dediyimin əksinə təhlil və proqnozlar verə bilərlər. Lakin hadisələrin bilavasitə yaxınlığında olan, onları təqib edən və səlahiyyətli şəxslərlə təmaslarımdan belə bir nəticəyə gəlirəm ki, hər-hansı genişmiqyaslı əməliyyatın başlanması gözlənmir. Hərçənd ki, BMT qətnamələri Azərbaycana öz ərazilərini qaytarmaq haqqını verir.

Bu yaxınlarda Ermənistandan qayıdan həmkarlarımız da deyirlər ki, Ermənistanda müharibə amilinin onlar üçün mümkün fəsadları ilə bağlı ciddi narahatçılqlar var. Bunlar onu deməyə əsas verir ki, Ermənistan tərəfi də yaxın müddətdə genişmiqyaslı əməliyyatlar başlamayacaq.

Onlar hələ işğal altında olan əraziləri lazımınca saxlamaq iqtidarında deyillər. Ona görə şəxsi heyət və silah-sursat baxımından çətinliklər çəkən ermənilərin belə addım atması ağlabatan deyil".

Digər tərəfdən o da məlumdur ki, cəbhədəki durumdan əndişələnən ermənilər hər an başlaya biləcək irimiqyaslı hərbi əməliyyatların qarşının alınması üçün ATƏT-in Minsk Qrupunu prosesə müdaxilə etməyə çağırırlar. Hətta, qarşı tərəfin səyi sonucunda ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik üç gün əvvəl Xankəndinə gəlib. Irəvandan Ermənistan müdafiə nazirinin helikopteri ilə Azərbaycanın işğal olunmuş ərazisinə uçan Kaspşik, Xankəndində separatçıların lideri Bako Saakyanla görüşüb.Görüşdə B. Saakyan A. Kaspşiki cəbhədəki vəziyyət barədə məlumatlandırıb. Vəziyyətin nəzarət altına alınması üçün ATƏT-in gərəkli təşəbbüslərlə çıxış etməsini istəyib. Kəşfiyyat məlumatlarına görə, ermənilər Qarabağ cəbhəsinin bəzi strateji hissələrindəki birliklərini yeniləri ilə əvəz etməyə başlayıblar

Bu arada "AzeriDefence"nin baş verən proseslərlə bağlı münasibət öyrəndiyi Azərbaycan Silahlı Qüvvələrinin adının çəkilməsini istəməyən yüksək rütbəli zabiti deyib ki, cəbhədəki vəziyyət hər an genişmiqyaslı hərbi əmıəliyyatların başlanmasına rəvac verə bilər. Artıq Azərbaycan Ordusu döyüşə tam hazırdır. Qarşı tərəfdə hərəkətlilik və təlaş müşahidə olunur: "Durum kritikdir. Qəti tapşırıq verilib. Ermənilərin istənilən təxribat cəhdi onların məhvi ilə nəticələnəcək. Onların üzləşəcəyi fəlakəti yaxşı olar ki, elə ermənilərin öz mətbuatından izləyəsiniz".

Bu arada Rusiya Ermənistan-Azərbaycan sərhədindəki son toqquşmalara münasibət bildirib. Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç deyib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi barədə məlumat Moskvanı rahatsız edir: "Bu ayın əvvəlindən təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində hərbi qulluqçular arasında qurbanların sayı kəskin surətdə artıb. Dinc əhali arasında da zərərçəkənlər var. Biz bundan çıxış edirik ki, münaqişə tərəfləri atəşkəs haqqında 1994-cü il sazişinə ciddi əməl etməlidirlər. İyunun 4-5-də baş vermiş toqquşmalar Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan işi yalnız çətinləşdirir və bundan əvvəl əldə olunmuş razılaşmaların pozulmasına gətirib çıxarır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs