Əlaqə Arxiv
news Image
2014.02.18
16:59
| A A A
Ermənistanın ağaları atəşkəsin qorunmasına imkan vermirlər
Natiq Miri: “Ermənistan ordusunda böyük bir başıpozuqluq hökm sürür, əsgərlərdə əhval-ruhiyyə çox aşağıdır” Rövşən İbrahimov: “Azərbaycan münaqişənin hərb yolu ilə həllini həmişə mümkün sayır”

Hər ötən gün cəbhədə ermənilər tərəfindən atəşkəsin bir neçə dəfələr pozulması barədə məlumatlar alırıq. Atışma ötən ayın ortalarında daha intensiv xarater olsa da, hələlik səngimə hiss olunmur. Ermənilər bu müddət ərzində mülki şəxslər, yaşayış məskənlərini də hədəfə almağa çalışıblar. Siyasilərin qənaətinə görə, bu aktivləşmə müəyyən məqsədlərə hesablanıb. Bəzi ekspertlər isə əvvəlki kimi lokal atışmaların daha irimiqyaslı döyüşlərə keçəcəyini istisna etmirlər.Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri hesab edir ki, Qarabağ cəbhəsində hərbi vəziyyətin gərginləşməsi konkret Ermənistanın Azərbaycana güc nümayişi ilə bağlı deyil: "Çünki, bu gün Ermənistan bir dövlət olaraq güc nümayiş etdirəcək halda deyil. Artıq Ermənistan iqtisadiyyatı defolt vəziyyətindədir. Digər tərəfdən, Ermənistanı sosial etirazlar bürüyüb. Onu da nəzərə almaq lazımdır ki, getdikcə Ermənistan cəmiyyətində indiki prezident Serj Sarkisyanın xəyanətkar obrazı yaradılır. Bunun az bir zaman çərçivəsində artan xətlə inkişaf etməsi də gözlənilir. Üstəlik, Ermənistan ordusunda böyük bir başıpozuqluq hökm sürür, əsgərlərdə əhval-ruhiyyə çox aşağıdır. Ermənistan cəmiyyətində demoqrafiq vəziyyət faciəvi durumdadır. Ölkə əhalisi kütləvi olaraq oranı tərk edir. Ona görə də Ermənistanın bu gün Azərbaycana qarşı hansısa lokal hərbi əməliyyatlar keçirmək istəyi real görünə bilməz. Hazırkı hərbi aktivləşmə geosiyasi maraqlardan irəli gəlir. Bu da sırf Rusiyanın maraqlarına xidmət edən geosiyasi maraqlardır. Bu gün Rusiya Ukrayna cəbhəsində Qərblə qarşı-qarşıya durub. Getdikcə Ukraynadakı ictimai-siyasi vəziyyət heç də Rusiyanın xeyrinə görünmür. Ona görə də Rusiya Qərbi dayandırmaq üçün Cənubi Qafqazda, o cümlədən də Dağlıq Qarabağ cəbhəsində vəziyyəti gərginləşdirməyə çalışır. Xəzər hövzəsində ABŞ-ın maraqlarını vurmaq təhdidi ilə Ukraynadakı prosesi dayandırmaq istəyir. Bununla da bir növ Qərbə "Ukraynadan əlini çək" mesajını verirlər. Bu gün Sarkisyan Rusiyanın sifarişini yerinə yetirir. Düzdür, atəşkəsin pozulması nəticəsində Ermənistan Azərbaycan tərəfindən tutarlı zərbələr aldı. Ancaq hər bir halda bizim də hərbçilərimiz tələf olur. İndiki şəraitdə vəziyyətin müharibəyə çevrilmə ehtimalı da artıb. Artıq ABŞ bu yöndə narahatlılqlarını bildirib. Eyni zamanda Sarkisyanın Azərbaycana qarşı güc ritorikasında çıxışı da bilavasitə Rusiyadan gəlmə sifarişdir. Bütün dünya dövlətləri bu məsələdə həssas olmalıdır. Çünki, hər an münaqişə böyük müharibəyə çevrilə bilər. Bu da bütövlükdə regionu yandıra biləcək miqyasda olacaq".

Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin rəhbəri Rövşən İbrahimov bildirdi ki, son 20 illik münaqişəni götürsək, belə atəşkəs pozuntuları daim baş verib: "Eyni zamanda Ermənistanın özündə Azərbaycanın güclənməsinə görə ciddi naratlılıq var. Ona görə də bu növ təxribatlar həyata keçirməklə ölkə daxilindəki problemlərdən əhalinin diqqətini maksimum yayındırmaq istəyirlər. Həm də onu vurğulamaq lazımdır ki, hazırda Olimpiya oyunları dövrüdür. Olimpiya oyunları dövründə adətən "Olimpiya sülhü" müqaviləsi olur. Ermənistan isə buna əməl etmir".

Politoloqun fikrincə, belə lokal atışmaların irimiqyaslı əməliyyatlara keçmə ehtimalı yoxdur: "Düzdür, Azərbaycan münaqişənin hərb yolu ilə həllini həmişə mümkün sayır. Amma ölkəmiz sülh tərəfindədir. Azərbaycan hələ də sülh yollarını axtarır".

Sizin Reklam Yeriniz