news Image
2012.04.06
11:54
| A A A
Radikal müxalifətdə alternativ proqram sindromu...
Hakimiyyət rəqibləri bu günə qədər hakimiyyətin siyasətinə hansısa ciddi alternativ proqram hazırlayıb meydana qoya bilməyib


Ölkənin siyasi gündəmində indi ən çox maraq doğuran məsələlərdən biri də son bir neçə ildə ilk dəfə olaraq müxalif qüvvələrin Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən ayrılan məkanda mitinq keçirməyə razılıq verməsidir. Hesab olunur ki, müxalifət bu vaxta qədər icazəsiz keçirməyə çalışdığı aksiyaların əslində çox az səmərə verdiyini, eləcə də bu qaydada təşkil olunan mitinqlərin alınmadığını görərək nəhayət qanun çərçivəsində fəaliyyət göstərmək qərarına gəlib.

Xatırladaq ki, aprelin 4-də Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) İctimai Palatanın mitinqlə bağlı müraciətinə cavab verib. Belə ki, meriya aprelin 8-də mitinq keçirmək üçün İctimai Palataya 20-ci sahədə yer ayırıb.

Hələlik isə müxaliflərin bu ayın 8-də keçiriləcək aksiyasına fərqli münasibətlər sərgilənir. Məsələn, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, İctimai Palatanın icazəli mitinq keçirməsi taktika dəyişikliyidir: "Müxalifət gördü ki, qanunsuz heç nə edə bilməyəcək və qanun çərçivəsində fəaliyyət göstərməlidir. Azərbaycanda "Sərbəst toplaşmaq azadlığı haqqında" qanun var. Qanunda aydın şəkildə göstərilib ki, sərbəst toplaşmaq azadlığı müvafiq icra hakimiyyətinin razılığı ilə həyata keçirilə bilər. Bu da mitinq edənlərin təhlükəsizliyinin təmin olunması və digər məsələlərlə bağlıdır. İstənilən vətəndaş qanun çərçivəsində sərbəst toplaşmaq hüququndan istifadə edə bilər".

Siyavuş Novruzov hesab edir ki, İctimai Palatanın mitinqində 700-800 nəfər iştirak edəcək: "Onlar da müxalifətçilərin qohumları, dost-tanışları olacaq. Palatada təmsil olunanlar partiya deyil, dərnəkdir. Ona görə də mitinqdə minlərlə insanın iştirak edəcəyi haqda deyilənlərin heç bir əsası yoxdur. İcazəli mitinq keçirməsi müxalifətin konstruktivliyi kimi qiymətləndirilə bilməz. Konstruktiv olsaydılar, neçə illərdir belə mövqe tutmazdılar, bunu əvvəldən edərdilər. İndi sadəcə olaraq yoxlama imtahanı keçirmək istəyirlər ki, bu onlar üçün nə effekt verir. Tərəfdarlarının sayını və başqa məsələləri yoxlamaq istəyirlər".

Siyavuş Novruzov "Media forum" saytına bildirib ki, özü də daxil olmaqla YAP təmsilçiləri İctimai Palatanın mitinqini izləyəcəklər. Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə isə bildirib ki, müxalifət aprelin 8-də keçirəcəyi növbəti mitinq zamanı da indiki dövrə obyektiv qiymət verə bilməyəcək. YAP rəsmisi bildirib ki, müxalifət Azərbaycanda görülən bütün işlərə kölgə salmağa çalışır. Onun sözlərinə görə, hazırda müxalifətin ortaya qoyduğu hər hansı düzgün proqram yoxdur: "Ümumiyyətlə, müxalifətin əsas vəzifəsi hakimiyyətə gələcəyi təqdirdə xalqa iqtidardan daha yaxşı şərait yaradacağına cəmiyyəti inandırmaqdır. Amma Azərbaycan müxalifətində bu yoxdur. Azərbaycan xalqı müxalifətin ata biləcəyi hər hansı uğurlu addımları görmür. Çünki müxalifətdə eyni liderlər, yanaşmalar mövcuddur. Bütün bunlara isə Azərbaycan xalqı qətiyyən inanmır. Buna baxmayaraq, Azərbaycan dövləti müxalifətin fikrini sərbəst ifadə etməsi üçün bütün şəraiti yaradır, mitinq keçirmələri üçün yer ayırır və onların təhlükəsizliyinin təmin olunması üçün bütün addımları atır". O deyib ki, müxalifətin mitinqindən nəsə gözləmir. Çünki Azərbaycanda müxalifətin mitinqinə xalqın marağı yoxdur. Sadəcə, xalq öz işi ilə, müxalifət isə virtual aləmi ilə məşğul olur. Ekspertlər qeyd edir ki, ümumiyyətlə, radikal müxalifət bu günə qədər hakimiyyətin siyasətinə hansısa ciddi alternativ proqram hazırlayıb meydana qoya bilməyib. Bu da müxaliflərin hakimiyyət üçün ciddi opponent olmaq iqtidarında olmadığını göstərir.

İctimai Palatanın Koordinasiya Şurasının üzvü Aqil Səmədbəyli isə bildirib ki, müxalifət nümayişinin aprelin 8-i Bibi-Heybət məscidi yaxınlığında yerləşən sürücülük məktəbinin həyətində keçirilməsi planlaşdırılır: "Biz nümayişdə 5 minədək insanın iştirak edəcəyini gözləyirik, lakin bu göstərici daha yüksək ola bilər".

Yeni Azərbaycan Partiyası Siyasi Şura sının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə bildirir ki, İctimai Palatanın aprelin 8-də keçirəcəyi mitinqə icazənin verilməsi Azərbaycanda sərbəst toplaşma azadlığının bariz nümunəsidir. O, "Salamnyus" portalına açıqlamasında hakimiyyətin sərbəst toplaşmaq azadlığını təmin etməyə hər zaman hazır olduğunu söyləyib: "Azərbaycanda insanların ifadə, sərbəst toplaşmaq və digər hüquq və azadlıqları tam təmin edilir. Qanunla müəyyən olunmuş qaydada insanların toplaşaraq fikirlərini, mövqeyini bildirmək üçün zəruri şərait yaradılıb. Müxalifət partiyalarının aprelin 8-də keçirəcəyi növbəti mitinq bunu əyani şəkildə sübut edəcək. Mən mitinqlə bağlı proqnoz vermək istəmirəm. Çünki onların mitinqinə gələn insanların sayı hər kəsə məlumdur".

Əsgər CAVADOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs