news Image
2012.06.19
14:21
| A A A
Suriya erməniləri Qarabağa köçürülür
Bu məqsədlə rəsmi İrəvan tərəfindən konkret addımlar atıldığı bildirilir

Dünyanın diqqət mərkəzində yer alan və daxildə yaşadığı vətəndaş müharibəsi ilə artıq bir ildən çoxdur ki, nəzərləri özünə cəlb edən Suriyadan artıq böyük bir köç başlayıb. Məlumat verildiyi kimi isə köçənlər sırasında ermənilər də yer alır. Ermənistan Polisi pasport və viza idarəsi son zamanlar daha çox suriyalı ermənilərin Ermənistan vətəndaşlığını almaq istədiyini bildirir.

Polisin məlumatına görə, 2010-cu ildə Ermənistan vətəndaşlığı almaq üçün 422 Suriya vətəndaşı müraciət edibsə, 2011-ci ildə onların sayı 3 minə çatıb, cari ilin birinci rübündə isə 1500-dən çox suriyalı müraciət edib. Onların əksəriyyəti Suriyada yaşayan ermənilərdir. Ermənistan Polisi viza və pasport idarəsinin əcnəbilərin qeydiyyata alınması şöbəsinin rəisi Artur Sahakyan isə bildirir ki, son üç il ərzində 300 suriyalı erməniyə Ermənistanda yaşamaq vəsiqəsi verilib.

Ermənistan vətəndaşlığı alıb Ermənistana köçmək istəyənlərin sayının artması Suriyada mövcud vəziyyətlə izah olunur.Yerli ermənilər daha özlərini müdafiə olunmamış hesab edir və başqa ölkələrdə, o cümlədən Ermənistanda məskən salmağa çalışırlar.

Mətbuatda Suriya erməni katolik icmasının rəhbəri Andranikin Suriyanın bəzi, məsələn, şimal bölgələrində vəziyyətin sabit olduğu, lakin Livan və Türkiyə ilə sərhadyanı bölgələrdə onun terorçu kimi təsvir etdiyi qeyri-hökumət qüvvələrinin "xristian azlıqlarına, xüsusilə yerli ermənilərə böyük zərər" vurduğunu bildirib. Hal-hazırda İrəvanda yaşayan keçmiş Hələb sakinlərindən biri Suriya ermənilərinin mövcud hakimiyyəti dəstəklədiklərini bildirir: "Biz son 30 il ərzində hakimiyyət tərəfindən müdafiə olunmuşuq. Bu gün uşaqları məktəbə göndərməyə qorxuruq. Hakimiyyətə müqabil tərəf gəlsə, daha çox şey dağılacaq. Suriyada erməni qalmayacaq".

Bundan öncə Ermənistan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru Ruben Safrastyan bildirib ki, Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən getməsi, ilk növbədə, bu ölkədə yaşayan ermənilərin zərərinədir. O, Əsəd rejiminin devrilməsini hətta ermənilərin faciəsi kimi qiymətləndirir. Ruben Safrastyan deyib ki, Əsədin hakimiyyəti illərində ermənilərin sadəcə rifahı deyil, həm də təhlükəsizliyi lazımınca diqqətdə saxlanıb. Ona görə də erməni alim Suriyada yaşayan erməniləri Əsəd rejimini müdafiə etməyə çağırıb. O həm də əlavə edib ki, Əsəd iqtidarı mütləq qorunmalıdır. Fikrini əsaslandıran R.Safrastyan deyib ki, ermənilərin əzəli düşməni olan Türkiyə Əsədin devrilməsi üçün əlindən gələni edir. Bunun özü isə həm də ermənilərin əsas müttəfiqlərindən birini sıradan çıxarmaq məqsədi daşıyır.

Məsələnin daha bir narahatedici tərəfi isə ondan ibarətdir ki, Bəşər Əsədin hakimiyyətinə ciddi təhlükə yarandığı bir dövrdə ermənilərin üz tutduğu əsas məkanlardan biri də Dağlıq Qarabağ olacaq. Qeyd edək ki, əslində Qarabağda artıq müəyyən sayda Suriyadan gələn ermənilər məskunlaşıb. Hələ iki il əvvəl ATƏT-in Minsk Qrupu müşahidəçilərinin apardığı monitorinq də bu faktı üzə çıxarmışdı. Əsas etibarı ilə də Zəngilanda Yaxın Şərqdən, Suriyadan və Ermənistandan gələn ermənilərin məskunlaşdığı faktı üzə çıxmışdı. Ümumiyyətlə, Dağlıq Qarabağa və digər işğal olunan rayonlara ermənilərin köçürülməsi barədə dəfələrlə məlumatlar yayılıb. Ermənistan hökuməti hətta erməni ailələrini həmin bölgəyə köçürmək üçün müxtəlif yalançı vədlər verir, bütün məkrli vasitələrə əl atır.

Erməni işğalı altında olan Azərbaycanın Zəngilan rayonuna Suriya və Ermənistandan ailələr köçürülüb. Zəngilanda məskunlaşan erməni ailələri bildirir ki, onları bura köçürən Ermənistan hökuməti yardım göstəriləcəyinə dair söz verib. Yaxın Şərqdən bu bölgəyə aldadılaraq köçürülən ermənilər yardımı ala bilməsələr də, Zəngilanın münbit torpaqları, əlverişli iqlimi onları razı salıb. Suriyada hadisələrin real gedişi isə göstərir ki, ümumiyyətlə, yaxın tezlikdə buradan böyük köç başlayacaq. Xatırladaq ki, hazırda Suriyada rəsmi olaraq qeydiyyatdan keçmiş 80 nəfərə yaxın azərbaycanlı yaşayır.

Maraqlıdır ki, Suriyadan erməni köçünün baş tutmasında Ermənistana dünyadakı erməni diaspor təşkilatları ilə yanaşı, son zamanlar Azərbaycana qarşı düşmən mövqeyini gizlətməyən rəsmi Tehranın da yardım etməsinə dair müxtəlif məlumatlar yayılıb. Qeyri-rəsmi xəbərlərə görə, Suriyadan köç edən ermənilərin böyük əksəriyyəti tranzit kimi İran ərazisindən istifadə edib. Qarabağa köçən Suriya erməniləri üçün isə Ermənistan tərəfindən müəyyən güzəştlər və yardımlar edilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs