news Image
2012.06.21
08:00
| A A A
Qəbələ RLS-in fəaliyyətini dayandırması qətiləşir
Rusiya hərbi mənbələrinin məlumatına görə, Moskva Azərbaycan tərəfindən irəli sürülmüş şərtləri heç bir zaman qəbul etməyəcək

Bakı və Moskva arasında artıq bir neçə aydır ki, ziddiyyət predmetinə çevrilən Qəbələ RLS-lə bağlı yaranmış durum hələ də çözülməmiş qalır. Proseslər göstərir ki, tərəflərdən heç biri mövqeyindən geri çəkilmək niyyətində deyil. Bu isə o deməkdir ki, cari ilin sonunda sözügedən RLS fəaliyyətini dayandıracaq.

Bu arada isə "İnterfaks -AVN" agentliyinə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahından olan yüksək vəzifəli mənbə məlumat verib ki, Rusiya Azərbaycan tərəfindən irəli sürülmüş Qəbələ RLS-in icarə şərtlərini tamamilə qəbuledilməz hesab edir və heç bir zaman bu şərtləri qəbul etməyəcək: "Dekabr ayında müddəti başa çatan Qəbələ RLS-in icarə müddətinin uzadılması ilə bağlı danışıqlarda Azərbaycan tərəfi özünün ilkin mövqeyini kəskin dəyişərək radarın icarəsi üçün 2013-cü il yanvarın 1-dən etibarən ildə 300 milyon dollar tələb edib. Azərbaycanın bu tələbləri qəbuledilməzdir və biz belə şərtlərlə heç vaxt razılaşmayacağıq". Bu yaxınlarda Qəbələ RLS üzrə Rusiya-Azərbaycan danışıqlarında iştirak etmiş həmin mənbə xatırladıb ki, hazırda bu stansiyanın icarəsi ildə 7 milyon dollar təşkil edir.

Xatırladaq ki, Qəbələ RLS üzrə danışıqların birinci raundu bu il baş tutub. Danışıqlarda Rusiya tərəfini müdafiə naziri Anatoli Serdyukov, Azərbaycan tərəfini baş nazirin müavini Yaqub Eyubov təmsil edib. Danışıqların davam etdirilməsi üzrə mayda təşkil olunmuş ikinci raundda Rusiya Federasiyasını müdafiə nazirinin müavini Anatoli Antonov təmsil edib.

Ekspertlərin qiymətləndirməsinə görə, Qəbələ RLS Rusiya RƏM sisteminin vacib elementidir. Stansiya cənub istiqamətindən ehtimal olunan hər hansı raket zərbələri barədə öncədən xəbərdarlığı təmin edir. Rusiya ABŞ-a Qəbələ RLS-dən RƏM maraqları əsasında birgə istifadə etmək təklifi verib.

Bundan əvvəl də Rusiya hərbi dairələrində Qəbələ RLS-in icarəsinin uzadılması şərtlərinin razılaşdırılmasına Azərbaycan tərəfinin qeyri-konstruktiv yanaşmasından məyus olduqlarına dair məlumatlar yayılmışdı. Ruslar bildirir ki, Bakı tərəfindən təklif edilən illik icarə haqqı Rusiya ərazisində iki yeni analoji stansiyanın inşaat dəyəri ilə müqayisə edilə bilər: "Bundan başqa, Qəbələ RLS-in güclü müasirləşdirməyə ehtiyacı var, bunun keçirilməsi mühüm maliyyə xərcləri ilə əlaqədardır. Buna görə, Rusiya Müdafiə Nazirliyi müasirləşdirməyə qoyulan vəsaitin ödənilməsi üçün ən azı 10-15 il ərzində bu RLS-in istifadəsində maraqlıdır. Lakin Rusiya Müdafiə Nazirliyində hesab edirlər ki, formalaşan şəraitə görə, Rusiya tərəfinin Qəbələdən getməkdən başqa digər alternativi qalmır". Öncə raket hücumu haqda xəbərdarlıq vasitələri ordusunun komandanı general-leytenant Nikolay Rodionov "İnterfaks-AVN" agentliyinə bəyan edib ki, əgər Rusiya Qəbələ RLS-in icarəsinin yeni şərtləri haqqında Azərbaycanla razılaşa bilməsə, Armavirdə yeni RLS Qəbələdə stansiyanın mümkün itkisini kompensasiya edə biləcək: "Biz Armavirdə raket hücumu haqda xəbərdarlıq stansiyası inşa etdik, bu cənub raket üçün təhlükəli istiqaməti Qəbələdə radiolokasiya stansiyasından da yaxşı qoruyacaq. Buna görə, əgər Azərbaycan RLS-in icarəsinin qəbuledilməz şərtlərini irəli sürərsə və ondan imtina etmək lazım olarsa, hərbi-texniki nöqteyi-nəzərdən bizim təhlükəsizliyimizə heç bir zərər olmayacaq". Azərbaycanın Qəbələdə RLS-in icarəsi haqqında yeni razılaşma üzrə danışıqlarda illik ödənişi 300 miloyn dollara qədər artırmağı tələb etdiyi barədə məlumatı isə o belə şərh edib: "Şübhə edirəm ki, Azərbaycan tərəfi bu cür tamamilə qəbuledilməz şərtlər irəli sürə bilər. Bununla o, çoxlu sayda azərbaycanlıların işlədiyi stansiyanın bağlanmasına səbəb ola bilər. Mənim fikrimcə, stansiyanın saxlanılması öncə Azərbaycanın özünə sərfəlidir. O qeyd edib ki, bu gün Armavirdə RLS döyüş növbəsində durur: "İl ərzində o, kondisiyaya çatdırılacaq, verilən parametrlərə uyğunlaşacaq və həm də ən yaxşı etibarlılıq xarakteristikaları ilə Qəbələnin mümkün itkisini tamamilə kompensasiya edir".

Onun sözlərinə görə, Armavirdə tikilən yüksək zavod hazırlıqlı "Voronej-DM" yeni nəsil üfüqüstü uzaq aşkaretmə radiolokasiya stansiyasıdır: "Onun sahə sektoru Qəbələdə stansiyadan 2,5 dəfə çoxdur. Bu səbəbdən Azərbaycan stansiyasını itirmək Rusiya raket hücumu haqda xəbərdarlıq sistemi üçün kritik olmayacaq".

Ruslardan fərqli olaraq, Azərbaycan tərəfi nikbindir. Elə bu günlərdə xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Azərbaycan və Rusiya Qəbələ RLS-in 2012-ci ilin sonunda başa çatacaq icarə müddətinin uzadılması ilə bağlı danışıqları davam etdirir: "Danışıqlar davam edir. Baş nazirin müavini Yaqub Eyyubovun başçılıq etdiyi hökumətlərarası komissiya fəaliyyət göstərir. Nəticələr barədə danışmaq hələ tezdir, amma danışıqlar davam edir. İlin sonunadək yəqin ki, məlumat olacaq".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs