news Image
2014.05.13
08:14
| A A A
Azərbaycandan Ermənistana növbəti diplomatik zərbə
Elşən Manafov: " Azərbaycan Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməkdə davam etdiyini ATƏT müstəvisində dünya ictimaiyyətinə yenidən çatdıra biləcək " Fazil Mustafa: "Azərbaycan bu olayı təsdiqləyə bilsə, hər halda ATƏT-də Ermənistana qarşı müəyyən sənədlərin qəbuluna nail olmaq olar"

Dəfələrlə rəsmi Bakı Suriyadan köçmüş ermənilərin İrəvan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirildiyinə dair tutarlı dəlil və fikirlər səsləndirib. O da faktdır ki, beynəlxalq hüquq norma və prinsipləri Ermənistanın belə bir addım atmasını yolverilməz hesab edir. Amma görünən odur ki, işğalçı Ermənistan beynəlxalq prinsipin bu normalarına da əməl etmir. Lakin bu heç də o demək deyil ki, Bakı ermənilərin bu kimi qanunazidd hərəkətlərinə biganə qalacaq. Bilindiyi kimi, bir müddət bundan öncə Azərbaycan hökuməti sözügedən məsələnin araşdırılması üçün ATƏT-ə müraciət edib. Bu günlərdə isə, ATƏT rəsmi Bakının müraciətinə reaksiya verib. Qurumun sədri Minsk qrupu həmsədrlərini Suriyadan köçmüş ermənilərin işğal altındakı ərazilərdə yerləşdirilməsini araşdırmaq üçün regiona göndərmək qərarına gəlib. Bu, ekspertlərə görə, Azərbaycanın Ermənistana növbəti diplomatik zərbəsi sayıla bilər.

Politoloq Elşən Manafovun fikrincə, suriyalı ermənilərin Dağlıq Qarabağda yerləşdirilməsi ATƏT tərəfindən yenidən təsdiqini tapandan sonra bu, danışıqların gedişində Azərbaycanın xeyrinə hesablanacaq addım olacaq: "ATƏT buna qədər də bu kimi məsələlərin monitorinqini keçirib. Məsələ ondadır ki, Azərbaycan dəfələrlə işğal olunmuş ərazilərimizdə Ermənistandan Dağlıq Qarabağa keçirilən erməni ailələrinin məskunlaşması prosesini izləmişik. Azərbaycan hakimiyyətinin də bu istiqamətdə dəfələrlə bəyanatı olub. Həmin bəyanatlar da münaqişənin tənzimlənməsində vasitəçi qismində çıxış edən ATƏT rəsmilərinin məsələyə mövqeyini müəyyən etmək üçün sərgilənib. Digər tərəfdən, dəfələrlə, hətta hərbi əməliyyatların getdiyi bir şəraitdə də Rusiyaya məxsus hərbçilərin də Dağlıq Qarabağda olması ilə bağlı məsələdə münasibət sərgilənməli idi. Amma ATƏT o zaman bu məsələdə susmağa üstünlük verdi. Gerçəkdən Suriyadan qaçan ermənilərin məhz Ermənistan hakimiyyəti tərəfindən işğal altında olan ərazilərimizə köçürülməsi məsələsinə aydınlıq gətirilərsə, bu danışıqların gedişində Azərbaycanın xeyrinə hesablana biləcək addım kimi qiymətləndirilə bilər. Yəni, Azərbaycan Ermənistanın münaqişənin tənzimlənməsi istiqamətində qeyri-konstruktiv mövqe sərgilədiyinə dair bir daha konkret faktlara söykənə bilər.

Lakin məsələ ondadır ki, ATƏT BMT deyil. ATƏT-də qərarlar konsensus yolu ilə qəbul olunur. 1996-cı ilin Lissabon sammitində 53 dövlət Azərbaycanın irəli sürdüyü konsepsiyanı müdafiə etdiyi halda, Ermənistanın həmin qətnamənin qəbuluna veto qoyması göstərdi ki, ATƏT özü də belə məsələlərdə işlək mexanizmə malik qurum deyil. Burada məsələlərin konsensus yolu ilə qəbulu ATƏT-in problemin həllində Ermənistana ciddi təzyiq göstərməsinin qarşısını hələlik alır. Hər halda Azərbaycan Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməkdə davam etdiyini ATƏT müstəvisində dünya ictimaiyyətinə yenidən çatdıra biləcək".

Millət vəkili Fazil Mustafa isə düşünür ki, sözügedən məsələ təsdiqini taparsa, ATƏT-də Ermənistana qarşı müəyyən sənədlərin qəbuluna da nail olmaq olar: "Suriyadan qaçan ermənilərin Dağlıq Qarabağda yerləşdirilməsi məsələsini birinci növbədə kəşfiyyat məlumatları əldə edərək ATƏT-ə təqdim etməliyik. Çünki ATƏT nümayəndəsi gedib, konkret olaraq Dağlıq Qarabağda suriyalı erməni qaçqınını tapmaq imkanına sahib deyil. Ona görə də ölkəmizdən çox şey asılıdır. Hər şey bizim bu faktları təqdim etmək imkanımızın olmasından asılıdır. Bunu etsək, hər halda Ermənistanın həmin istiqamətdə fəaliyyətini ifşa etmək imkanı əldə edərik. Bunu etməsək, inanmıram ki, ATƏT nümayəndəsinin bu qədər faktları aşkarlayaraq ortaya qoymaq imkanı olsun, ya da ona bu imkan yaradılsın. Azərbaycan tərəfi bu olayı təsdiqləyə bilsə, hər halda ATƏT-də onu edən Ermənistana qarşı müəyyən sənədlərin qəbuluna nail olmaq olar. Amma konkret hansısa addım deyəndə, Ermənistana heç nə təsir etmir. Ona görə də bu bir qədər mürəkkəb məsələdir".