news Image
2012.06.28
10:35
| A A A
Rafael Hüseynov: “Bəli, Avropada demokratiya böhrani yaşanmaqdadir”

Avropa Şurası Parlament Assambleyasının 27 iyun iclasında qitədə demokratiyanın vəziyyəti müzakirə olunub. AzərTAc xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov ikili standartlar üzündən Avropa Şurasının özündə demokratiyanın sərhədlərinin vaxtaşırı pozulduğunu deyib: "Demokratiya haqqında düşüncə və söhbətlərin real nəticələrə gətirib çıxarması, müəyyən faydalar verə bilməsi üçün birinci vacib şərt bu müzakirələrin nə dərəcədə səmimi olmasıdır. Demokratiyadan danışırıq, amma fəaliyyətlərimizdə ikili standartlar yer alır. Demokratiyadan danışırıq, bir və bir neçə insanın haqları uğrunda mübarizə aparırıq, amma yüzlərin, minlərin, on minlərin tapdanan hüquqlarına sadəcə statistika kimi yanaşırıq. Yaxşı məruzələr hazırlanır, ciddi müzakirələr aparırıq, sanballı qətnamələr qəbul edirik, hər şey kağız üzərində qalır. Nəticəsizlik nəinki Avropa Şurasını kənardan müşahidə edənlərin, hətta özümüzün təşkilata olan inamımızda tərəddüdlər yaradır.

Yəqin ki, assambleya üzvlərindən bir qisminin qaçqın və məcburi köçkünlərlə söhbət etmək, onların problemlərini araşdırmaq imkanı olubdur. Mən isə tanıdığım və tanımadığım qaçqınlarla hər gün görüşməyə məhkumam. Çünki mənim ölkəmin 9 milyon əhalisi var və onların bir milyonu qaçqın və məcburi köçkündür. Başqa sözlə, ölkə əhalisinin hər 9 nəfərindən biri bu vəziyyətdədir. Mən 11 ildir Avropa Şurasına gəlib-gedirəm, çıxışlar edirəm, sənədlər, məruzələr hazırlayıram. O insanlar 20 ilə yaxındır ki, qaçqındırlar. Mənə sual verirlər ki, siz orada nə edirsiniz?! Tək mənə yox, əslində elə sizə də, hamımıza sual verirlər ki, orada nə edirsiniz?! Yəni ki, onlar burada nə etdiyimizi gözəl anlayırlar, çünki bütün fəaliyyətimizi diqqətlə izləyirlər. Bu sualları ona görə verirlər ki, bizim çalışmalarımızdan onlara fayda çatmır, vəziyyətləri dəyişmir, qaçqın-köçkün olaraq qalmaqda davam edirlər.

Ermənistan digər üzv dövlətin ərazilərinin 20 faizini işğal edib, hərbi təcavüzə də son qoymaq niyyəti yoxdur, Avropa Şurasının qəbul etdiyi qətnamələrə məhəl qoymur. Lakin ona heç bir cəza verilmir. Bu ölkə üzrə məruzəçilər elə hesabatlar təqdim edirlər ki, sanki tamam başqa ölkədən danışırlar və sanki hansı ölkə üzrə məruzəçi olmalarından xəbərsizdirlər. 47 üzvü birləşdirən təşkilatda anlaşılmaz tərzdə hansısa ölkəyə, konkret olaraq işğalçı, davakar, terrorizmi dövlət siyasətinə çevirən, dünya narkotik şəbəkəsi ilə bağlılığı sübuta yetirilmiş Ermənistana qeyri-rəsmi olaraq ərköyünlük statusu verilirsə, özünü necə antidemokratik aparmasına baxmayaraq ona qarşı heç bir sanksiyalar tətbiq edilmirsə, bizim demokratiya haqqında bəyanatlarımızın səmimiliyinə kim inanar?

Bəli, Avropada demokratiya böhranı yaşanmaqdadır. Həmin böhran burada bizim təşkilatda da mövcuddur. Çünki addımbaşı demokratiyanın təməl prinsipi olan bərabərlik anlayışı pozulur. Səbəbi bildiyimiz halda mücərrəd izahlar aramağa ehtiyac yoxdur. Bizim hamımızın, hansı dinə mənsub olmağımızdan, hansı dildə danışmağımızdan, böyük, ya kiçik ölkə olmağımızdan asılı olmayaraq hüquqlarımız eynidir. Sənin hüququnun sərhədində mənim hüquqlarım başlayır və heç birimizin sərhədləri pozulmadığı təqdirdə mühit demokratikdir. Arzu etdiyimiz mühit idealda o cürdür. Hələliksə sərhəd tez-tez pozulur. Təəssüf ki, yalnız münaqişə bölgələrində deyil, elə burada, Avropa Şurasında da".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs