Əlaqə Arxiv
news Image
2014.06.04
09:10
| A A A
MDB-nin də sonu çatır
Aydın Ağayev: " MDB-nin mənfi tərəfi ondan ibarət olub ki, burada siyasi məsələlərə adekvat, obyektiv, ədalətli mövqe bildirmək qətiyyəti olmayıb" Taleh Əliyev: "Avrasiya İttifaqı ideyası uğurlu alınarsa, yəqin MDB-yə lüzum qalmayacaq və o tədricən sıradan çıxacaq"

Bilindiyi kimi Rusiya öz patronajlığı altında yeni bir qurumun yaradılmasına start verdi. Yaradılan Avrasiya İqtisadi İttifaqına hələlik MDB məkanından Rusiyadan əlavə Belarus və Qazaxıstan daxil olub. İşğalçı Ermənistanın da iyul ayı ərzində bu birliyə qoşulacağı gözlənilir. Qırğızıstan isə cari ilin sonlarına doğru Avrasiya İttifaqına üzv olmağı planlaşdırır. Görünən odur ki, Avrasiya İttifaqı MDB ölkələri əsasında formalaşır. Avrasiya İttifaqına Ukraynanı daxil etmək Rusiya bu niyyətiən nail ola bilmədi. Əvəzində, Ukrayna MDB-ni də tərk etməyə hazırlaşır. Burada təmsil olunan Moldova da özünün gələcək taleyini hiss olunur ki, daha proqressiv təşklat olan Avropa Birliyi, NATO kimi qurumlara üzv olmaqda görür. Artıq xeyli zamandır MDB-dən çıxan Gürcüstan da Rusiyanın diktəsi altında olan Avrasiya İttifaqına deyil, Qərbə üz tutub. Belədə hadisələrin MDB üzvlərinin sayının azalmaq istiqamətində getdiyinin şahidi oluruq. Bu da bir tərəfdən, MDB-nin işlək təşkilat olmadığı barədə uzun illərdən bəri səslənən fikirlərin həqiqiliyinin təsdiqi mənasına gəlir. Eyni zamianda qurumun dağılması gözlənir.

Milli Məclisin Analitik-İnformasiya Şöbəsinin müdiri Aydın Ağayev hələlik bunun baş verəcəyini gözləmir: "MDB-nin hansı zərurətdən yaradıldığı məlumdur. O da məlumdur ki, MDB hansı yolu keçib. MDB-nin səmərəlilik əmsalının necə olması da zaman-zaman müzakirə olunan məsələlərdəndir. Heç zaman MDB-nin əleyhinə olmamışam. Çünki, bu quruma daxil dövlətlər arasında həmişə ikitərəfli münasibətlər, əməkdaşlıq formatı olub. Burada olmaq ən azı ona görə vacib idi ki, üzv dövlətlərin hansısa məsələləri müzakirə etmələrindən xəbərdar olmaq, onlara münasibət bildirmək lazım idi. Hər dövlətin öz milli mənafeyi baxımından orada iştirak etmək lazım idi. Səmərəlilik məsələsi isə ayrı bir mövzudur. MDB-nin mənfi tərəfi ondan ibarət olub ki, burada siyasi məsələlərə adekvat, obyektiv, ədalətli mövqe bildirmək qətiyyəti olmayıb. Lakin buna baxmayaraq, görürük ki, o yaşayır. Avrasiya İttifaqının yaradılmasında da gizlin heç nə yoxdur. Dünyanın istənilən beyin, siyasət mərkəzlərində bu ideyanın mahiyyəti barədə kifayət qədər yazılıb. Yenə də mərkəzdə Rusiyadır. Baxmayaraq ki, həmin ideya Qazaxıstan prezidenti Nazarbayev tərəfindən irəli sürülüb. Lakin müəyyən zamandan sonra həmin ideya Rusiya prezidentinə gərəkli oldu və bu məsələni gerçəkləşdirməyə başladılar. Bütövlükdə götürdükdə, MDB məkanı regionunda dövlətlərin hansısa kiçik ittifaqını nəzərdə tutan ideyalar olub, guya yaradılıb, əksər hallarda kağız üzərində də qalıb. Məsələn, Rusiya-Belarus ittifaqı. Avrasiya İttifaqı məsələsi kifayət qədər ciddi məsələdir, burada yanaşmalar da fərqlidir. Burada Qərbdə deyilən kimi qorxulu təmayüllərin olmadığını deyirlər. Amma ittifaq yaradılırsa, o ədalətli prinsiplər əsasında yaradılmalıdır. İttifaqa daxil bir dövlət digərinin ərazisini işğal edibsə, onlar arasında sərhədlər necə açıla bilər? Bu mümkün deyil. MDB çərçivəsində belə Azərbaycan hansısa məsələlərin müzakirəsində düzgün olaraq sənədlərə xüsusi qeydlərlə imza atırdı. Avrasiya İttifaqının yaradılması ilə MDB-nin dağılacağını düşünmürəm. O, zənnimcə qalacaq. Amma əsas diqqət Avrasiya İttifaqına veriləcək. Rusiyanın hazırda istəyi odur ki, mümkün qədər daha çox MDB ölkəsi burada təmsil olunsun. Lakin Ukrayna, Gürcüstan, Moldovanı burada təsəvvür etmək mümkün deyil. Azərbaycanın da bura daxil olmaq niyyəti yoxdur. Hərçənd ikitərəfli əməkdaşlıq əvvəllər neçə olub, elə də olaraq qalacaq. Belə təşkilatlar xoş niyyətlə yaradılırsa, onda Ukrayna, Gürcüstan, Moldova ondan ehtiyat etməsin. Amma bu zaman ehtiyat etməməyin səbəbi araşdırılmalıdır. Moldova, Gürcüstanın ərazi bütövlüyü pozulub. Azərbaycan torpaqlarının 20 faizi ora üzv dövlətin nəzarəti altındadır. Belədə, burada hansı birlikdən söhbət gedə bilər? Kim öz milli mənafeyini qurban verib, hansısa yeni quruma daxil olacaq? Bu heç bir məntiqə uyğun gəlmir. Nəzərə almaq lazımdır ki, Azərbaycan mövqeyini bildirməklə yanaşı, bu mövqeyin, məsələn, konkret Rusiya ilə münasibətlərə mənfi çalarlar gətirə biləcəyini qətiyyən istisna edirik. Yəni Rusiya ilə Azərbaycanın münasibətləri çox yaxşıdır, bu vektora öz siyasətimizdə xüsusi önəm veririk, amma Dağlıq Qarabağ məsələsində aramızda problem var. Bu problem həll olunmalıdır. Azərbaycanın istəyi budur".

Müstəqil ekspert Taleh Əliyev isə Avrasiya İttifaqı ideyasının uğurlu olacağı halda MDB-yə lüzum qalmayacağı qənaətindədir: "Əslində, MDB Avrasiya İttifaqının daha zəif və strukturlaşmamış ilkin bir forması idi. Bilirsiniz ki, MDB Sovet İttifaqı dağılandan sonra, buradakı respublikaları birləşdirən yeganə və daha çox qeyri-siyasi platformalı blok idi. Ondan sonra Kollektiv Müqavilə Təşkilatı da yaradıldı. Həmin qurum əslində, keçmiş sovet respublikalarının sıx inteqrasiyasını nəzərdə tuturdu. Amma göründüyü kimi, bu baş tutmadı. Avrasiya İttifaqı isə bir çox ekspertlərin də qeyd etdiyi kimi, SSRİ-nin yeni ad altında bərpasıdır. Zənn edirəm ki, Avrasiya İttifaqı ideyası uğurlu alınarsa, yəqin MDB-yə lüzum qalmayacaq və bu qurum tədricən sıradan çıxacaq. Çünki, Avrasiya İttifaqına qoşulan ölkələrlə Rusiya bu formatda əməkdaşlıq edəcək, qoşulmayanlarla isə hətta ikitərəfli əməkdaşlıqdan uzaqlaşmaq xəttini götürəcək".

Sizin Reklam Yeriniz