Əlaqə Arxiv
news Image
2014.06.06
08:59
| A A A
Suriyadan Azərbaycana uzanan təhdid böyüyür
Qabil Hüseynli: " Müəyyən dairələrin təsiri altında olan bəzi soydaşlarımız Suriyada vətəndaş müharibəsi alovlandıqca, döyüş üçün ora can atmaqda davam edəcək " Hikmət Hacızadə: "Seçki oyunu Suriyada vəziyyəti daha da ağırlaşdıracaq və bu fonda döyüş üçün yenə də Azərbaycandan ora getmək istəyənlər olacaq"

Suriyada Bəşər Əsəd rejimi keçirdiyi seçkilər nəticəsində özünü qalib elan etdi. Prosesdə əhalinin 70 faizinin iştirak etdiyi iddia edilən seçkilərdə seçki bülletenlərin çoxundan Əsədin adı çıxıb. Ölkədə vətəndaş müharibəsinin getdiyi bir dönəmdə keçirilən bu seçkilər əslində, Əsəd rejiminə legitim don geyindirmək üçün lazım idi.

Xatırladaq ki, Suriyada iyunun 3-də keçirilən prezident seçkilərində Bəşər Əsəd üçüncü dəfə daha yeddi il müddətinə ölkə başçısı seçilib.

Məlumata əsasən, seçki prosesində səsvermə hüququna malik 15 milyon 800 min suriyalının 11 milyon 600 min nəfəri iştirak edib. Seçiçilərin 10 milyondan artığının və ya 88%-nin Əsədə səs verdiyi bildirilir. Digər namizədlər olan Həsən Abdullah Nuri və Mahir Həccar səslərin müvafiq olaraq, 4.3% və 3.2%-ni əldə ediblər.

ABŞ başda olmaqla Qərb ölkələri bu seçkilərin nəticəsini tanımır. Müxalifətin nəzarət etdiyi bölgələrdə isə seçkilər olmayıb. Bundan başqa, xarici ölkələrdə yerləşən qaçqınlar da bu hüquqlarından istifadə edə bilməyiblər. Qeyd edək ki, hazırda ölkə əhalisinin az qala 5 nəfərindən biri qaçqın statusundadır. Onların da böyük əksəriyyəti Türkiyə, İordaniya, Livan və digər ölkələrdə cəmləşib. Əsədin qalib gəlməsi fonunda isə, ölkədə vətəndaş müharibəsinin daha da qızışacağı gözlənilir. Deməli, istisna deyil ki, yenə də, Suriyaya müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan da "cihad" adı altında döyüşə gedənlər olacaq.

Politoloq Qabil Hüseynli öncə seçkilərdən sonra Suriyada cərəyan edəcək hadisələrə göz gəzdirdi. Həmsöhbətimizin qənaətincə, seçkilər Suriyadakı durumu daha da qəlizləşdirəcək: "Aydın məsələdir ki, Əsəd rejiminin seçki oyunu ölkədə vəziyyətin normal hala düşməsinə gətirib çıxarmayacaq. Əksinə, həmin seçki oyunu Suriyada vəziyyəti daha da gərginləşdirəcək. Belədə ölkənin problemləri həll edilməyəcək və qarşıdurma meylləri daha da artacaq. Çünki, keçirilən seçkilər absurd teatr tamaşası idi. Ölkə ərazisinin 80 faizində hərbi əməliyyatlar gedirsə, hətta paytaxt Dəməşqdə belə gərgin vəziyyət hökm sürürsə, belə şəraitdə hansı normal seçkilərin keçirilə biləcəyindən danışmaq olar? Özü də əsədçilər prosesi demokratik seçki kimi xarakterizə edirlər. Bütün bunlar onu göstərir ki, seçkilər sadəcə olaraq, Bəşər Əsəd rejimini legitimləşdirmək xarakteri daşıyırdı. Bununla onlar həmin rejimə yeni nəfəs vermək cəhdində bulunublar. Amma bu alınmadı, alına da bilməzdi. Hansı demokratik seçkidən söhbət gedə bilər ki, seçkiyə qatılan namizədlərin ancaq parlament müəyyənləşdirib. Bundan başqa, ölkə ərazisinin xeyli hissəsi və qaçqınlar seçkilərdən kənar qalıb. Ölkədə siyasi konsensus əldə edilmədən, ciddi razılaşmalar olmadan belə bir tədbiri keçirmək mümkün deyil. Bəşər Əsəd qəyyumlarının köməyi ilə bu addımı atdı və zənnimcə, bununla da ölkənin problemlərini daha da ağırlaşdırdı. Bundan sonra Suriyada vəziyyətin daha da qəlizləşəcəyini proqnozlaşdırmaq olar".

Q. Hüseynlinin fikrincə, seçkilər Suriyada vətəndaş müharibəsinin daha da intensivləşməsinə rəvac verdiyi halda, xaricdən, o cümlədən Azərbaycandan da döyüşmək niyyəti ilə ora gedənlər yenə də olacaq: "Yəni, bu hadisə ölkədə cərəyan edən vətəndaş müharibəsinin daha arqessiv şəkildə intensivləşməsinə gətirib çıxaracaq. Belə olan halda isə, yenə də ora xaricdən döyüşə getmək niyyətində olanlar olacaq. Bunu bəzi Azərbaycan vətəndaşlarına da aid etmək olar. Müəyyən dairələrin təsiri altında olan bəzi soydaşlarımız Suriyada vətəndaş müharibəsi alovlandıqca, döyüş üçün ora can atmaqda davam edəcək. Seçkilər də yuxarıda qeyd etdiyim kimi, ölkədə situasiyanı sabitliyə doğru deyil, vətəndaş qarçıdurmasının daha da intensivləşməsi istiqamətində dəyişəcək. Deməli, bu halda, saxta təbliğata uyan bəzi soydaşlarımız Suriyaya üz tutmaq tendensiyasını davam etdirəcək. Bu xüsusda, onların Suriyaya axınının qarşısını almaq üçün müvafiq qurumların üzərinə daha böyük məsuliyyət düşür".

Politoloq Hikmət Hacızadə də eyni fikirdədir: "Əslində, deyərdim ki, Əsəd hakimiyyəti bu seçkiləri keçirib özünə legitim donu geyindirməklə, məhz özünə ziyan vurub. Çünki, seçki oyunu ölkədə qarşıdurmanın cüzi də olsa dayandırılmasına olan ümidləri tamamilə puç etdi. Artıq Suriya müxalifətinə və demokratik dünyaya qəti şəkildə bəlli oldu ki, Əsəd rejimi yaxşılıqla hakimiyyətdən gedən deyil. Bu isə Qərbin dəstəyi ilə müxalifətin yenidən fəallaşmasına gətirib çıxaracaq. Bildiyiniz kimi, son zamanlar, Əsəd tərəfdarları müxalifəti sıxışdıraraq, döyüşlərdə müəyyən üstünlük qazanmışdı. Güman edirəm ki, seçki oyunundan sonra, Qərbin dəstəyi ilə müxaliflər bir qədər güclənərək, mövqelərini möhkəmləndirəcəklər. Bu isə ölkədə vətəndaş müharibəsinin yeni fazaya daxil olması demək olacaq. Bu xüsusda, ölkədəki müxtəlif qruplar daxilində döyüşmək üçün yenə də xaricdən ora üz tutanlar olacaq. İstəsək də, istəməsək də bu belədir, əksər müharibə gedən yerlərdə, bəzi qüvvələr muzdluların da "yardımından" istifadə edib. Bu Suriyada da belədir. Təəssüf ki, həmin savaşa gedənlər arasında aldadılmış soydaşlarımız da az deyil. Hətta bəziləri burada öldürülüb də. Düşünürəm ki, seçki oyunu Suriyada vəziyyəti daha da ağırlaşdıracaq və bu fonda döyüş üçün yenə də Azərbaycandan ora üz tutmaq istəyənlər olacaq".

Sizin Reklam Yeriniz