Əlaqə Arxiv
news Image
2014.06.06
09:01
| A A A
Rusiya Ermənistanın arxasından çəkilir?!
Hadisələrin inkişafı Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələyə start verə bilər

Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə son zamanlar diplomatik və hərbi intensivliyin olması aydın nəzərə çarpır. Bu hal ermənilərin xüsusi narahatlığına səbəb olub. Xatırladaq ki, Rusiyadan Azərbaycana T-90S tanklarının idxalının başlaması və Astanada Avrasiya İttifaqının təsisi zamanı İlham Əliyevin müraciətinin Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən səsləndirilməsindən sonra Ermənistan mediasında Qarabağın işğaldan azad olunacağı, Azərbaycanın mövqelərinin gücləndiyi ilə bağlı ictimai narahatlıqlarını ifadə edən saysız-hesabsız münasibətlər ifadə edilir. Artıq belə qənaətə gəlmək olur ki, Ermənistan Rusiyadan incik düşüb. Rusiyanın Ermənistanın arxasından çəkilməsi isə bu ölkənin Qarabağ münaqişəsində sərgilədiyi mövqenindəyişməsinə səbəb ola bilər. Çünki Ermənistan təkbaşına Azərbaycanın qarşısında duruş gətirmək iqtidarında olmadığını özü də bili rvə bu səbəbdən mövqe dəyişiklyinə getməyə məcburdur.

Politoloq Elşən Manafov da hesab edir ki, hazırda Rusiya ilə Ermənistan arasında gərginlik büruzə verir: "Bu da bir sıra amillərlə bağlıdır. Əvvəla, Astana zirvəsində baş verən hadisə Ermənistan iqtidarını heç də razı salmadı. Söhbət cənab İlham Əliyevin sammitin iştirakçılarına ünvanlamış məktubundan gedir. Məktub Ermənistanı o konkteksdə qane etmədi ki, Rusiya iqtidarı Azərbaycan Prezidentinin bu təklifinə olduqca loyal münasibət sərgildi. Ermənistan bütün hallarda Rusiyanın forpostudur. Ermənistanın sosial iqtisadi problemləri, hərbi baxımdan müdafiəsi əslində, Rusiyanın üzərinə düşür. Ancaq Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olan dövlətlərlə ümumi sərhədləri də yoxdur. Ona görə də Ermənistanın həmin birliyə daxil edilməsinin Rusiya üçün geosiyasi vacibliyini kənara qoysaq, digər amillər baxımından heç bir əhəmiyyəti yoxdur. Sadəcə olaraq, Ermənistan Rusiyanın bölgədə öz təsir imkanlarını saxlaması üçün geosiyasi məkandır. Rusiya bu dövlətdən öz maraqlarına uyğun şəkildə istifadə edir. Bütün bu hallar erməni xalqının Rusiyaya qarşı narazılığını artırır. Hər bir halda Rusiyadan asılı olmasını nəzərə alsaq, məhz bu amilə görə Ermənistan iqtidarının hansısa konstruktiv mövqeyə gəlməsini gözləmək düzgün olmazdı. Qarabağ müharibəsi Rusiyanın bölgəyə təsir imkanlarının saxlanılmasını üçün düşünülmüş bir hərbi münaqişədir. Rusiya Qərblə münasibətində bölgə ilə bağlı planlarının bir hissəsini gələcəyə saxlayıb. Münaqişə Azərbaycana təsir vasitəsi kimi saxlanıldığından Rusiyanın razılığı olmadan Ermənistan konstruktiv mövqeyə gəlməyəcək".

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı bildirdi ki, Dağlıq Qarabağın həllində Rusiyanı mövqeyi və Ermənistanın bu mövqe ilə nə dərəcədə hesablaşması əsas rol oynayır: "Rusiyanın problemin həlli ilə bağlı istəyinin olması görünmür. Münaqişədə ümumi mənzərə aydındır. Rusiya Ermənistanın arxasından hərbi güc olaraq çəkilməlidir. Onda Ermənistan ilə vəziyyəti qiymətləndirmək olar. Ermənistan vəziyyəti real qiymətləndirib, Azərbaycanın təklif etdiyi fayda və zərəri düzgün hesablaya bilər. Bununla da ədalətli sülhə gedən yol açıla bilər. Ermənistna ilə Rusiya arasında bəzən yaxınlaşma, bəzən uzaqlaşma olsa da hazırda bu dediklərimizi real görünmür. Uzaqlaşma nisbidir. Çünki, Rusiya ilə Ermənistan arasındakı münasibələr nə tam Rusiyanın, nə də Ermənistanın istədiyi şəkildə deyil. Amma Rusiya Ermənistanda bu psixologiyanı yaradıb ki, sən arxanı mənə söykəyərək Qarabağ üzərindəki nəzarətini davam etdirə biləcəksən. Ermənistan da bu psixologiyanı rahat tərk etmir. Düzdür, Ermənistanda problemi daha real qiymətləndirən politoloqlar, prezidentliyə namizədlər var. Amma onların ümumi proseslərə təsir imkanları məhduddur. Sülh prosesinin müxtəlif mərhələlərində daha fəal olanlar olub. Ancaq onlar ya siyasi proseslərdən uzaqlaşdırıldı, ya da 1999-cu ildə parlamentə hücum hadisələrini gördük. PErmənistan xalqı daha yaxşı vəziyyətdə yaşamaq istəyirsə, indiki rəhbərlərindən xilas olmalıdırlar. Hakimiyyətdə həmin insanlar qaldığı müddətdə müxtəlif politoloqların açıqlamaları nəyisə ifadə etməyəcək. Sadcə olaraq, Ermənistanda sosial partlayış şəraiti yarana bilər. Bunun da nəticəsində Dağlıq Qarabağ məsələsində müsbətə doğru gedişat olması mümkündür. Amma indiki vəziyyətdə Ermənistanın konstruktiv mövqeyə gələcəyini düşünmək olmaz".

Sizin Reklam Yeriniz