Əlaqə Arxiv
news Image
2012.07.03
09:00
| A A A
Suriyadakı radikal qruplaşmalar Qarabağa köç edir
Zərdüşt Əlizadə: “Heç bir şüuru olan insan Qarabağa köç etməz” Vəli Əlibəyov: “İşğal olunmuş ərazilərimizə kimlərinsə, xüsusi ilə də PKK-ın köçürülməsinin qarşısı alınmalıdır”

Yasin Türksoy: "Azərbaycanın işğal edilən ərazilərindəki nəzarətsiz zona silah alveri, narkotik transferi erməni-PKK işbirliyi üçün əlverişlidir"

Artıq 20 ildən çoxdur ki, Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ ərazisi ermənilər tərəfindən zəbt olunaraq terror, narkotik maddələrin becərildiyi, daşındığı məkana çevrilib. Əvvəlki kimi ermənilər bu torpaqlarda yenə müxtəlif narkotik bitkilər becərir, özləri ilə yanaşı, digər terrorçulara da sığınacaq verirlər. Bu istiqamətdə yenidən ermənilər fəaliyyətlərini genişləndirməkdədirlər. Belə ki, Suriyada vəziyyətin gərgin olması ilə əlaqədar məlumatlara görə orada məskunlaşan radikal qurplaşmalar, eləcə də PKK təşkilatı Ermənistana, oradan da Qarabağa köç etməkdədir.

Bu qəbildən olan xəbərlər bir çox zamanlarda yayılsa da, politoloq Zərdüşt Əlizadə PKK və ya digər qruplaşmaların Qarabağ ərazisinə köçürülməsi barədə məlumata bir qədər fərqli yanaşır: "Heç bir şüuru olan insan Qarabağa köç etməz. Çünki Qarabağın qeyri-müəyyən statusu var. Qarabağın ərazisində müharibə gözlənilir. Hər bir insan muzdlu əsgər deyilsə, adi siravi vətəndaşdırsa, əmin-amanlıq, daha yüksək rifah vəd verən yerə köçər. Bir odlu-alovlu yerdən digər odlu-alovlu yerə köçməz. Burada ermənilər sözügedən səfeh məlumatı yayıblar".

Politoloq bildirir ki, Ermənistanın, Qarabağın özündə məskunlaşma prosesi yüksək səviyyədə deyil: "Ermənilər o ərazilərdə məşkunlaşmaq üçün heç bir yerdən insan tapa bilməzlər. Ermənilərin özləri belə əsasən firavan, zəngin olan ölkələrdə yaşayırlar. Onların Ermənistanda və Qarabağda heç bir işləri yoxdur. Heç onların özləri Ermənistana köçmürlər. Qaldı ki, kürdlər, yaxud da PKK Ermənistana, Qarabağa köç etsinlər. Kürdlər hardasa Azərbaycana köçə bilərlər. Çünki, bizim neftimiz, firavanlığımız var. Amma Qarabağa köç etməzlər".

Zərdüşt Əlizadə burada informasiya müharibəsinin getdiyini qeyd edir: "İnformasiya müharibəsində də yalan məlumatın yayılması ən geniş istifadə olunan alətlərdən biri sayılır. Hətta bəzən belə söhbətlər də yayılırdı ki, guya işğal olunmuş rayonlara ermənilər köçüb. Amma bu cür söhbətlər əsassızdır. Qarabağın özündə münaqişə baş verən illərdə 200 min insan yaşayırdı. İndi isə heç 50 min insan yoxdur. Qarabağda əsasən insanlar Xankəndi, Şuşada, bir qismi də Laçın və Əsgəranda yaşayırlar. Qalan yerlərdə isə insan yaşaması ehtimalı azdır. Bəzi kəndlərdə isə kənd təsərrüfatı işlərini görmək üçün insanlar müvəqqəti gəlib qayıdırlar.

Bir az məntiqli düşünüb, o yalanlara fikir verməmək lazımdır. Belə olan təqdirdə Azərbaycan da təbliğat müharibəsi aparmalıdır və aparır da. Bu təbii hadisədir. Müharibə vəziyyətində olan ölkə təbliğat müharibəsi aparmalıdır".

Siyasi Texnologiyalar Mərkəzinin prezidenti Vəli Əliyev isə bildirir ki, Ermənistan bizim əraziləri işğal etdikdən sonra orada yaşamağa insanlar köçürülürdü: "Çünki müharibə zamanı bir çox ermənilərin özləri də oranı tərk etmişdilər. Oralar demək olar ki, sahibsiz qalmışdı. Eyni zamanda xaricdən də ora köçürülmə əməliyyatlar həyata keçirirdilər. Sözsüz ki, burada dinc sakinlərlə yanaşı hərbçilər, muzdlu əsgərlər də oraya köçürülürdü. Ermənistanın burada məqsədi orada öz mövcudluğunu möhkəmləndirmək idi. Çünki sabah Azərbaycan əks hərbi əməliyyata başlasa, ona qarşı mübarizəyə hazır olmalıdır".

Politoloq qeyd edir ki, işğal olunmuş ərazilərimizə kimlərinsə, xüsusi ilə də PKK-ın köçürülməsinin qarşısı alınmalıdır: "Əlbət ki, bunun birinci yolu diplomatik yoldur. Azərbaycan yenə də beynəlxalq təşkilatlara müraciət etməlidir. Daha aktiv olmalıdır ki, beynəlxalq təşkilatlar regionda monitorinqlər keçirsin, həmin ərazilərdə nəzərdə tutulmayan silahlı qüvvələr oradan yığışdırılsın. Eyni zamanda oraya qanunsuz köçürülmə əməliyyatına son qoyulsun. Çünki müharibə hələ başa çatmayıb. Bu baxımdan Ermənistanın orada həyata keçirdiyi istənilən köçürmə, yerləşdirmə əməliyyatı qanunsuzdur. Ona görə də Azərbaycanın imkanı var ki, beynəlxalq səviyyədə bunun qarşısın alsın, yaxud da heç olmasa buna cəhd etsin. İkinci variant isə ondan ibarətdir ki, Azərbaycan hərbi gücünü artırmağa çalışmalıdır. Gücün artırılması barədə də Ermənistan vətəndaşları, eyni zamanda Qarabağda yaşayanların da məlumatı olmalıdır. Onlar başa düşməlidirlər ki, Azərbaycan həqiqətən də güclü orduya malikdir. Bu ordu lazım gələrsə, həmin torpaqları qısa müddətə azad edə bilər. Belə olan təqdirdə heç kəs öz xoşu ilə gəlib, işğal olunmuş ərazilərimizdə yaşamağa cəhd edə bilməz. Azərbaycan bütün bu yollardan istifadə etməlidir. Ən yaxşı variant isə ondan ibarətdir ki, biz qısa zamanda hərbi əməliyyata başlayıb, torpaqlarımızı azad edək. Əks təqdirdə ora köçmələr davam edə bilər. Sonradan da onları oradan təmizləmək həddən artıq çətin məsələyə çevriləcək".

Politoloq bildirir ki, radikal qruplaşmalar, PKK məsələsi həm Azərbaycan, həm də region ölkələri üçün əsas problemlərdən biridir: "Çünki Yaxın Şərqdəki proseslərdən sonra PKK fikrini daha stabil olan Qafqaza yönəldib. Burada Ermənistan vasitəsi ilə özünə bir növ dayaq nöqtəsi yaratmaq istəyir. Buna görə də onlar üçün ən əlverişli yer Qarabağ sayılır. Hara ki, ora nə Azərbaycanın, nə də beynəlxalq təşkilatların əli çatır. O baxımdan PKK-ın Qarabağda məskunlaşması bir platform yaradır ki, qısa müddətdən sonra təkcə Azərbaycana qarşı yox, eyni zamanda Türkiyəyə, Gürcüstana qarşı, hətta işləri bitdikdən sonra Ermənistanın özünə qarşı da kürd dövlətinin yaratması istiqamətində ciddi mübarizəyə başlaya bilərlər".

"Türkel" Araşdırmalar Qurumunun nümayəndəsi, araşdırmaçı-yazar Yasin Türksoy qeyd edir ki, Yaxın Şərq - Suriya bölgəsindən, radikal qruplaşmaların, PKK dəstələrinin Ermənistanda məskunlaşdırılmasının təsdiqi planı İsrail və ABŞ-ın masonik dairələrinin razılığından sonra mümkündür: "Çünki PKK-nın qanı ABŞ-dır. Suriya-İraq ərazisində hal-hazırda davam edən çaxnaşmalar PKK-nın da fəaliyyətini səngidir. Odur ki, partizan dəstələrinin yeni təhlükəsiz ərazilərə köçürülməsi ağlabatandır. Köçürülmə qaçılmaz olduqda özünə sərf edəcək məsələ olduğundan, sözsüz bu işə fars rejimi və PKK-nın İran qolu (PJAK) da kömək edəcək".

Yasin Türksoy onu da əlavə etdi ki, Azərbaycanın işğal edilən ərazilərindəki nəzarətsiz zonada silah alveri, narkotik transferi erməni-PKK işbirliyi üçün əlverişlidir: "Türkiyəni parçalamaq üçün "erməni məsələsi", "PKK - kürd muxtariyyatı" daim ehtiyatda saxlanılan kartlardır. Türkiyə və Azərbaycan arasında nəzarət buferi, silahlı baza yerləşdirmək, Avropaya narkotik transferinə "konvoy" müşayiəti kimi görəvlərdə masonik dairələrin planlarına tam uyğundur".

Sizin Reklam Yeriniz