Əlaqə Arxiv
news Image
2014.06.18
16:10
| A A A
Əli Həsənov: Bizdən bəhrələnmək istəyirlər, amma əvəzində heç nə vermək istəmirlər

Beynəlxalq təşkilatlar öz işlərinə belə davam etsələr, yaxın gələcəkdə ölkələr o təşkilatlardakı üzvlükdən çıxacaqlar. Trend xəbər verir ki, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov "Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XII Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Ə.Həsənov qeyd edib ki, dünyada 30-40 il əvvəl mövcud münaqişə zonalarının, qaçqın və məcburi köçkünlərin sayı indikindən 2-3 dəfə az idi. Onun sözlərinə görə, artıq dünyada qaçqınların sayı 40 milyon nəfəri keçib və son 30-40 ildə yeni terminologiya - məcburi köçkün adı yaranıb: "Bu, son 30-40 ilin məhsuldur. Onda biz nədən danışırıq? Guya dünya, sivilizasiya, insan hüquqlarının qorunması, demokratik inkişaf yüksək səviyyəyə qalxır. Budurmu demokratik inkişaf, insan hüquqlarının qorunması? İlbəil qaçqınların, münaqişə zonalarının sayı artır, hər gün 10 minlərlə insan həlak olur. Görün necə şərait yaranıb ki, artıq mətbuatdakı insan ölümü xəbərlərinə insanlar çox rahat və sadə reaksiya verir. Eşidilir və adi bir informasiya kimi qəbul edilir. Budurmu dünyanın demokratik və hüquqi inkişaf yolu? Əgər budursa, hansı gələcəkdən danışırıq?"

Onun sözlərinə görə, dünyada haqsızlıqlar, ədalətsizliklər baş alıb gedir: "Nə qədər dünya ictimaiyyəti bu haqsızlığa, ədalətsizliyə göz yumacaq, belə hallar davam edəcək və artacaq".

Beynəlxalq təşkilatları bərbad fəaliyyətlərinə görə ciddi tənqid edən Baş nazirin müavini bildirib ki, onlar öz işlərinə belə davam etsələr, yaxın gələcəkdə bir sıra ölkələr həmin təşkilatlardakı üzvlükdən çıxacaqlar: "Mən neynirəm ora hər il müəyyən üzvlük haqqını ödəyim, amma o lazım olan qərarı qəbul etməsin? O zaman həmin təşkilat mənim nəyimə lazımdır? Dünyada ərazi bütövlüyünü, sərhədləri tanıyan BMT-dən yuxarı təşkilat varmı? Yoxdur. O zaman bizim də sərhədlərimizin tanınması, ərazi bütövlüyümüzün qorunması ilə bağlı qətnamələri niyə icra etmirsiz?"

Tədrbidə iştirak edən beynəlxalq qurumların nümayəndələrinə səslənən Dövlət Komitəsinin sədri onları sözlərindən inciməməyə çağıraraq bunların tənqid deyil, real həqiqət olduğunu bildirib: "Tənqidə keçsək, buna çoxu dözməz. Biz olanları, faktları, mövcud vəziyyəti deyirik. Bizim günahımız nədir? Azərbaycan qoşulduğu bütün beynəlxalq konvensiyalara hörmətlə yanaşır və onu icra edir. Azərbaycan bir neçə il öncə BMT Təhlükəsizlik Şurasında 155 ölkənin səsini, etibarını qazanıbsa, bu, o deməkdir ki, ölkəmiz dünya ölkələri ilə əməkdaşlıq yolundadır. Bəs onda bizə qarşı vəziyyət niyə belədir? Beynəlxalq təşkilatların biri bunu bizə açıb desin. Səbəbini deyin, biz də bilək və insanları başa salaq ki, nə üçün qətnamələr icra olunmur və torpaqlarımız azad edilmir. Bizim enerji resurslarımızdan hamı istifadə etmək istəyir, təbii resurslardan bəhrələnmək istəyir, amma əvəzində heç nə vermək istəmirlər. Belə olmur axı. Təcavüzkarın adına təcavüzkar demək lazımdır. Nə qədər o şeylər deyilməsə, bu proseslər belə də davam edəcək".

Baş nazirin müavini əlavə edib ki, inkişaf etməyən, dünya ölkələrində heç bir əhəmiyyətə malik olmayan, öz sözü olmayan, müstəqil siyasəti olmayan bir ölkə olan Ermənistan bu gün heç kimə lazım deyil: "Təcavüzkar, şovinist, millətpərəst, separatçı - ölkənin adı budur. Bu ölkədən niyə belə yapışırlar? Kimə lazımdır belə bir ölkə? Amma biz hesab edirik ki, bu gün Azərbaycan öz qonşuları üçün Ermənistandan 100 dəfə çox lazımlıdır. Azərbaycan kimi tolerant ölkə yoxdur. Belə bir xalqa nə üçün bu cür yanaşılır?"

Sizin Reklam Yeriniz