news Image
2012.07.04
08:00
| A A A
Cənub sərhədlərimizdə yenidən müharibə təhlükəsi qabarır
İranın Hörmüz boğazını bağlamaq niyyətinə ABŞ hərblə cavab verəcəyini artıq diqqətə çatdırıb

Dünyanın iqtisadi gündəmini ən çox cəlb edən mövzulardan biri də İran neftinin ixracına Avropa İttifaqı tərəfindən tətbiq edilən sanksiyadır. Məsələ burasındadır ki, sözügedən halın az müddət sonra neftin fantastiki dərəcədə bahalaşmasına start verəcəyi gözlənir ki, bu da digər məhsulların qiymətinin artması deməkdir. Lakin problem təkcə bununla məhdudlaşmır.

Hadisələrin inkişaf axarı İrana qarşı mümkün müharibənin də tezləşməsinə rəvac verə bilər. Məsələ burasındadır ki, qərbin sanksiyalarına cavab tədbiri olaraq İran Hörmüz boğazını bağlamaq üçün fəaliyyət keçməyə hazırlaşır. Belə ki, İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyası Avropa Birliyinin İran neftinə sanksiya qoymasına cavab olaraq İran körfəzindəki Hörmüz boğazını bağlamaq üçün layihə hazırlayıb. Parlamentin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü İbrahim Ağaməhəmmədi jurnalistlərə açıqlamasında deputatların hazırladığı layihədən danışıb: "Biz bu layihəni Avropa Birliyinin İran neftinə qoyduğu sanksiyaya cavab olaraq hazırlamışıq və indiyə qədər 290 deputatdan 100-ü ona qol çəkib. Hökumətə təklif olunub ki, İran neftinə sanksiya qoyan ölkələrin neft daşıyan gəmilərinin Hörmüz boğazından keçməsinə imkan verməsin və öz milli hakimiyyəti əsasında bunun qarşısını alsın".

Bundan əvvəl İranın Hərbi-Dəniz Donanmasının başçısı admiral Həbibulla Sayari televiziya ilə çıxışı zamanı körfəzin istənilən vaxt bağlanıla biləcəyini vurğulayıb. Qərb isə İranın Hörmüz boğazını bağlamasına imkan verməyəcəyini, bunun üçün lazım gələrsə, gücdən də istifadə edəcəyini açıqlayıb. Məsələn, Bəhreyndə yerləşən ABŞ Beşinci donanmasının nümayəndələri daha əvvəl bəyan ediblər ki, ABŞ Hörmüz boğazı rayonunda gəmiçilikdə fasilələrin yaranmasına yol verməyəcək. ABŞ Beşinci donanmasının bəyanatında deyilir: "Mal və xidmətlərin Hörmüz boğazında sərbəst hərəkəti regional və qlobal rifah üçün həyati vacib əhəmiyyət kəsb edir. Boğazın beynəlxalq sularında azad naviqasiyaya maneçilik yaratmaqla təhdid edən istənilən dövlət millətlər birliyindən kənarda hərəkət edir. Gəmiçilikdə hər hansı bir fasilələr yolverilməzdir". Beşinci donanmadan əmin ediblər ki, ABŞ-ın regionda "stabilliyi pozan fəaliyyətinin qarşısını almaq" üçün bütün zəruri imkanları var.

Qeyd edək ki, Hörmüz boğazı Fars körfəzi ilə Oman körfəzini birləşdirən və dünyaya dəniz yolu ilə neft ixracının 40 faizini təşkil edən əsas neft və qaz ixracı marşrutlarından biridir. Təkcə Qətər bu boğaz vasitəsilə gün ərzində 15.5 milyon barel neft ixrac edir.

Əksər ekspertlər hesab edir ki, Hörmüz boğazı bağlanarsa, İran nüvə istehsalı ilə bağlı iddialarından əl çəkməzsə, bu tezliklə ona qarşı hərbi hücumları gerçəkləşdirəcək. Digər tərəfdən prosesin təhlili zamanı nəzərə çarpan məqamlardan biri ABŞ-ın hazırlıq prosesinin son dərəcə tələskənliklə həyata keçirməsidir. Vaşinqtonun İrana qarşı hərbi əməliyyatlara hazırlıq işlərini bu qədər tələsik həyata keçirməsinin səbəblərindən biri və bəlkə də birincisi, İranın nüvə silahı yaratmaq prosesini başa çatdırmaqda olmasıdır. Təbii ki, İran hərbi əməliyyatlara başlamadan bu prosesi başa çatdırmış olsa, bu, regiondakı strateji amilləri bir andaca dəyişmiş olacaq. Bu baxımdan ABŞ-ın hərbi əməliyyatlara İran nüvə silahına malik olmadan başlaması labüddür və hazırlıq işlərindəki tələskənlik Tehranın bu prosesə hər an yaxınlaşmaqda olduğunu göstərir. Onu da nəzərə almaq lazımdır ki, hipotetik müstəvidə ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlamasında Azərbaycanın mövqeyi də önəmli rol oynayır. Azərbaycanın başlanacaq müharibədə neytrallığını qoruması şansı çox azdır, lakin hətta neytrallıq qorunsa belə, ölkə başlanacaq müharibənin neqativ təsirlərindən sığortalana bilməyəcək. Əslində bölgədə marağı olan supergücləri də narahat edən əsas məqamlardan biri müharibənin yekun nəticəsindən çox onun regionda yaradacağı humanitar böhran formalarıdır. Azərbaycan da bu böhran formalarından sığortalanmayıb. Situasiyanın analizi müharibə başlayacağı təqdirdə Azərbaycanda humanitar böhranın yarana biləcəyini göstərir. Çünki müharibə olacağı halda - İrandan Azərbaycana qaçqınların axınının yaşanması qaçılmaz sayılır.

ABŞ-İran müharibəsi başlayacağı təqdirdə İran əhalisinin, xüsusilə də hərbi əməliyyatların mərkəzinə çevriləcək vilayətlərin əhalisinin Azərbaycana kütləvi axını qaçılmazdır. Ən böyük ehtimalla Azərbaycan İrandan axın edən əhalinin məskunlaşacağı ölkələrdən birinə çevriləcək, burada əsas rolun soy, dil və din birliyinin oynayacağı şəksizdir. İran əhalisinin böyük əksəriyyətini azərbaycanlılar təşkil edir və onların müharibə başlayacağı təqdirdə köç etmək üçün seçəcəkləri yerlərdən birinin məhz Azərbaycan olacağını proqnozlaşdırmaq çətin deyil. İrandan Azərbaycana kütləvi qaçqın axınının ölkəmiz üçün ciddi problemlər yaradacağı şəksizdir. İrandan köç edən əhalinin məskunlaşmasını, ilkin sosial xidmətlərlə təmin olunmasını həyata keçirmək ağırlığı istər-istəməz Azərbaycanın üzərinə düşəcək.

İyulun 1-dən etibarən Avropa İttifaqının və ABŞ-ın İran neftinin idxalına qoyduğu embarqonun qüvvəyə minməsinə gəlincə isə, Londondakı "Chatham House" analitik mərkəzinin tədqiqatçısı professor Paul Stevens, qeyd edir ki, İran neftinin Avropada əsas istehlakçıları İtaliya və Yunanıstan Aİ sanksiyalarının təsirini hiss etməkdədir: "Xüsusilə, Yunanıstan əziyyət çəkir, çünki Yunanıstan üçün İran nefti güzəştli şərtlərlə satılırdı, bu cür şərtlərisə Yunanıstana heç bir digər neft ixracatçısı təqdim edə bilmir". Lakin professor Stevens sanksiyaların qüvvəyə minməsinin yaxın perspektivdə neft qiymətlərinə ciddi təsir göstərməyəcəyi qənaətindədir, çünki neft bazarında embarqo xəbəri artıq "həzm olunub".

Lakin ekspertlər hadisələrin İranın necə addımlar atmasından asılı olacağını qeyd edirlər.

Londonda mənzillənən və sanksiyalar sahəsində ixtisaslaşan "Whale Rock Legal" şirkətinin təhlilçisi Nigel Kuşner hesab edir ki, Aİ sanksiyaları əsas mahiyyəti həmin bu sanksiyaların istənilən nəticə verməməsilə əlaqələndirilməlidr. Təhlilçinin qənaətincə, Avropa İttifaqı özünü ayağından vurub: "Aİ ümid edirdi ki, İran sanksiyalardan qorxub nüvə danışıqlarında onların istədiyi kimi özünü aparacaq, lakin bu baş vermədi". Onun qənaətincə, əsas təhlükə İranın neft qiymətlərini qaldırmaq istəyilə bağlı ola bilər: "Nefti bahalaşdırmaq üçün regionda kiçik bir münaqişədən daha yaxşı nə ola bilər?"

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs