Əlaqə Arxiv
news Image
2012.07.05
09:00
| A A A
Moskva yenidən "Sadval"ı Azərbaycana qarşı dirçəldir
Rusiya xüsusi xidmət orqanları «Sadval» təşkilatının zəifləyən liderlərini daha aqressiv siyasətçilərlə dəyişməyə başlayıblar

Regionda mövqelərini kifayət qədər gücləndirən, müstəqil xarici siyasət yeridərək maraqlarını heç kimə güzəştə getmək niyyətində olmayan Azərbaycana qarşı bəzi bədxah beynəlxalq qüvvələr tərəfindən istifadə olunan kartlardan biri də separtçılıqla bağlıdır. Elə 20 ildən çoxdur ki, Azərbaycan ərazilərinin bir hissəsinin işğal altında qalmasının kökündə bu amilin də dayanması heç kimə sirr deyil.

Bu arada isə diqqət çəkən məqamlardan biri Azərbaycana qarşı yeni separatizm dalğasına start vermək cəhdləri ilə bağlıdır. Söhbət ötən ay Moskvada "Prezident otel"də "Rusiya və Azərbaycanda yaşayan ləzgi, avar xalqlarının problemləri və onların həlli yolları" adlı I beynəlxalq konfransından gedir. Konfransda adəti üzrə Moskvada fəaliyyət göstərən ləzgi və avar cəmiyyətləri rəsmiləri və anti-Azərbaycan təbliğatı aparan erməni və ermənipərəst rus ziyalıları Azərbaycanda bu xalqların hüquqlarının pozulduğunu və onlara müəyyən çərçivədə muxtariyyət verilməli olduğunu iddia edib.

Konfransın siyasi əhəmiyyətini artıran başqa bir fakt isə orada Rusiya Prezident Aparatından Dmitri Grabilin, Xarici İşlər Nazirliyindən Oleq Muraşev, Federal Miqrasiya Xidmətindən Boris Vorobyov və Federal Sərhəd Xidmətindən Sergey Mixalevin iştirak etməsidir.

Konfransda Azərbaycan və Dağıstanda yaşayan ləzgi və avarların problemləri müzakirə edilib. ABŞ-dakı "Jamestown Fondu"ndan Valeri Dzutsev qurumun saytında yazır ki, Moskvanın ləzgi məsələsini yenidən gündəmə gətirmək niyyəti açıq-aydın hiss olunur. Dağıstanda son siyahıya almanın nəticələrinə görə, 400 min ləzgi və 850 min avar yaşayır. Rəsmi statistikaya görə, Azərbaycanın Dağıstanla sərhəd rayonlarında yaşayan ləzgilərin sayı isə 180 mindir. Üstəlik, Azərbaycanın bəzi rayonlarında etnik avarlar da var. Ancaq Dağıstandakı avarlar ilə Azərbaycandakı avar köklü - rutul və saxurların bağları elə də güclü deyil. Ləzgilərlə bağlı məsələ isə fərqlidir. Konfransda qərara alınıb ki, Rusiyanın Qusar, Qəbələ və Zaqatala rayonlarında konsulluqları açılsın, Rusiyanın Azərbaycandakı səfirliyində ləzgi və avarların hüquqları üzrə müşavirlik fəaliyyət göstərsin. O da bildirilir ki, Rusiyadakı Azərbaycan diaspor rəhbərlərindən olan Söyün Sadıqov konfrans təşkilatçılarına etiraz edərək oranı tərk edib.

Valeri Dzutsev isə bildirir ki, Moskvadakı konfrans həm də "Sadval" separatçı təşkilatının yenidən dirçəldilməsi kimi də qələmə verilə bilər.

Azərbaycanda terrorçu təşkilat kimi tanınan "Sadval" 1990-cu illərin əvvəllərində yetərincə fəallığı və radikallığı ilə seçilib. "Sadval"çılar Ermənistan xüsusi xidmətləri ilə əlaqədə 1994-cü ildə Bakı metrosunda terror hadisəsi törətməkdə də ittiham olunublar. Bundan sonra bir sıra "Sadval"çılar həbs olunub və Moskvanın dəstəyinin də azalmasıyla təşkilat zəifləyib.

Üstəlik, ləzgi separatçıları ancaq Azərbaycanı hədəfə alsalar da, bəzi başqa ləzgi fəalları Dağıstanın özündə ləzgilərin daha çox sıxışdırıldığını və əriməkdə olduqlarını bildirirlər. Odur ki, indi "Sadval"çılar müstəqillik yox, Azərbaycanın ləzgilər yaşayan regionları və Dağıstanın ləzgilər yaşayan hissələrini birləşdirib, yeni inzibati vahidin yaradılmasını istəyirlər. 2008-ci ildə Rusiyanın Gürcüstana hücumundan sonra azərbaycanlı hüquq müdafiəçisi Eldar Zeynalov da xəbərdarlıq eləmişdi ki, Rusiya istədiyi vaxt Azərbaycandakı etnik rəngarənglikdən istifadə edə bilər.

Rusiyadakı məşhur İslamçı alim Heydər Camal da iyunda Moskvada keçirilən toplantının Rusiya rəsmiləri tərəfindən təşkilinə diqqət çəkir və onu "anti-Azərbaycan" tədbiri adlandırır. Heydər Camal ləzgi və avarları bu yola uymamağa çağırıb. "Jamestown"a danışan erməni eksperti İgor Muradyan isə deyir ki, 2009-cu ildən Rusiya xüsusi xidmətləri "Sadval" təşkilatının zəifləyən liderlərini daha nüfuzlu və aqressiv siyasətçilərlə dəyişməyə başlayıblar. Muradyan iddia edir ki, əgər Bakı Qarabağda müharibəyə başlasa, ləzgi yaraqlıları Azərbaycandakı hərbi obyektləri hədəf alacaqlar.

Düzdür, Azərbaycanla Ermənistanın münasibətlərini nəzərə alanda, erməni ekspertin bu iddialarına şübhəylə yanaşmaq mümkündür. Ancaq Moskvanın son konfransı təşkil etməsi hansısa planlardan xəbər verir. Moskva milli faktordan əlavə dini faktordan da istifadə edə bilər: sünni olan ləzgiləri əsasən şiə olan azərbaycanlılara qarşı qızışdırmaqla.

Məqalədə "Azadlıq" radiosunun məlumatına görə, o da deyilir ki, Moskvanın Azərbaycandakı münaqişələri qızışdırmaq kimi təbii maraqlarından əlavə, Rusiyada olan yetərincə güclü ləzgi lobbisi də bu məsələdə maraqlı görünür. İyun ayında Rusiya prezidenti yanında etnik məsələlər Şurasına iki ləzgi - Arif Kərimov və Qajimet Safaraliyev də təyin edilib. Maraqlıdır ki, sayca ləzgilərdən çox digər Şimali Qafqaz xalqlarından heç bir nümayəndə 50 nəfərlik şuraya düşməyib. Üstəlik 6.5 milyard dollar sərvətiylə Rusiyanın 19-cu varlı şəxsi olan ləzgi iş adamı Suleyman Kərimov da bu lobbini dəstəkləyir. Məqalədə sonda qeyd olunur ki, hələ ki, ləzgilərin özlərinin davranışı açıq şəkildə hansısa planların icrasına başlandığını göstərmir. Çox güman ki, Moskva sadəcə, ləzgi kartını yada salmaqla enerjiylə zəngin olan Azərbaycana xəbərdarlıq etmək istəyir.

H.Camal isə qeyd edir ki, bundan başqa, konfransda suveren dövlət, BMT üzvü Azərbaycan və Rusiyanın Dağıstan regionu arasında paralelin aparılması da təəccübləndirdi: "Bu absurddur! Azərbaycan və Dağıstan arasında dialoq ola bilməz. Dialoq Moskva və Bakı arasında mümkündür. Paralellər və müqayisələr Rusiya və Azərbaycan arasında aparıla bilər. Bu hüquqi absurddur. Mən hələ Azərbaycanda ləzgi və avar dillərində müntəzəm çoxsaatlıq teleradioyayımın təmin olunması, həmçinin, "dövlət maliyyələşdirməsi ilə ümumrespublika dövri qəzetlərinin yayılması" barədə qətnamənin 16-cı bəndində əksini tapmış imperativ "istəklərdən" danışmıram. Bütün Rusiya Federasiyası miqyasında ləzgi dilində çoxsaatlıq yayım aparan ümumrusiya kanalını təsəvvür edirəm. "Prezident-Otel"də keçirilmiş və "yuxarılardan" sanksiyalaşdırılmış konfrans növbəti dəfə Azərbaycana qarşı "basqı"nın bir nümunəsi idi".
Sizin Reklam Yeriniz