news Image
2014.07.10
08:05
| A A A
Münaqişə bölgəsinə ATƏT sülhməramlı qüvvələri gələcək?!
Elşən Manafov: “Münaqişənin tənzimlənməsi ATƏT-in səlahiyyətlərinə aid olduğundan sülhməramlılar da ATƏT mandatı altında bölgədə yerləşdirilməlidir” Razi Nurullayev: “Bu, tamamilə MDB məkanından kənar qüvvələr olmalıdır”

"Dağlıq Qarabağın Azərbaycana qaytarılması məsələsinin yekun həll zamanı müəyyənləşəcək". Bu fikirləri ABŞ-ın Ermənistandakı səfiri Con Heffern bildirib. O, hazırda əsas müzakirə mövzusunun tərəflər arasında hansı sülhməramlı qüvvələrin yerləşdirilməsinin müəyyənləşdirilməsi ilə bağlı olduğunu deyib: "Altı razılaşdırılmış elementə əsasən, Dağlıq Qarabağın son statusu azad iradə əsasında bəlli olacaq. Bundan sonra isə Dağlıq Qarabağ ətrafındakı rayonlar Laçın istisna olmaqla geri qaytarılacaq. Məsələ burasındadır ki, hansı ölkə və təşkilatın güclərinin burada sülhməramlı qüvvə kimi yerləşdirilməsi hələlik tərəflər arasında müzakirə mövzusudur".

Səfirin fikirlərini şərh edən politoloq əraziyə sülhməramlı qüvvələrin yerləşdiirlməsində mənfi nəsə görmürlər. Görünən odur ki, bu məsələdə də Rusiya öz qoşunlarını bölgəyə yeritməkdə israrlı olacaq. Bu isə bütün hallarda Azərbaycan üçün sərfəli variant deyil.

Politoloq Elşən Manafov bildirdi ki, diqqətə çatdırılan məsələ rayonlar qaytarıldıqdan sonra daha çox Ermənistanın təhlükəsizliyini təmin edilməsidir: "Bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı məsələlərə müəyyən mənada şərh verildi. Amma sülhməramlı qüvvələrin statusu və BMT, yaxud ATƏT-in mandatı altında yerləşməsi ilə bağlı məsələyə konkret aynıdlıq gətirilməyib. Münaqişənin tənzimlənməsi ATƏT-in səlahiyyətlərinə aid olduğundan sülhməramlılar da ATƏT mandatı altında bölgədə yerləşdirilməlidir. 1994-cü ildə ATƏT-in "Budapeşt sammiti"ndə ATƏT-in sülhməramlı qüvvələrinin yaradılması ilə bağlı qərar qəbul edilib. Amma qərarın həyata keçirilməsi istiqamətində hələlik ATƏT-in konkret addımlar atdığını müşahidə etməmişik. Minsk qrupunu tərkibinə Türkiyə də daxil olmaqla 11 dövlət daxildir. Həmin sülhməramlı qüvvələrin tərkibində Türkiyənin qüvvələri olacaqsa, Ermənistanın məsələyə münasibəti bəllidir. Yaxud da Rusiya və Fransanın sülhməramlı qüvvələrinin olmasında Azərabycan tərəfinin münasibəti birmənalı deyil. Çox güman ki, ATƏT-in sülhməramlı qüvvələri olacaq. Ancaq daha çox bu bölgədə loyal mövqe sərgiləyə biləcək dövləti təmsil edən qüvvələr olsa, yəqin ki, hər iki tərəfin razılığı təmin edilmiş olar. Bu mənada Skandinaviya dövlətlərinin sülhməramlı qüvvələrini həmin əraziyə yerləşdirilməsi hər iki tərəfi qane edəcək variantdır. BMT-nin sülhməramlı qüvvələrinin bölgəyə yerləşdirilməsi ilə bağlı danışıqlar gedə bilər. Amma məsələ burasındadır ki, bu, həm də Ermənistan tərəfinin razılığı əsasında, onun təühləkiszliyini təmin edilməsi məqsədi ilə yerləşdirilməlidir. Ermənistan Azərbaycana qaytarılacaq torpaqlarda Azərbaycan ordusunun ola bilməməsi ətrafında dəfələrlə mövqe bildirib. Qeyd edir ki, ora "bufer" zona olmalıdır. Bu məsələdə Rusiyanın mövqeyinə bir aydınlıq gəlməyincə, həmin məsələnin həlli yaxın perspektivdə görünmür. Ermənistan ərazisində Rusiyanın hərbi bazaları var. Ermənistan Rusiya ilə razılşadırmadan bölgəyə hansısa sülhməramlı qüvvələrin yerləşməsi məsələsinə birmənalı şəkildə münasibət bildirməyəcək. Çox güman ki, Avrasiya İqtisadi İttifaqına qoşulduqdan sonra Ermənistan Rusiyanın sülhməramlıları istisna olunmamaqla bölgəyə ATƏT-in sülhməramlı qüvvələrinin yerləşdirilməsi məsələsi ətrafında manevr etməyə başlayacaq. Rusiya sülhməramlı qüvvələrinin Cənubi Osetiya və Abxziyada yerləşdirilməsindən sonra nə baş verdiyini gördük. Gürcüstan əraziləri üzərində özünün suveren hüquqlarını itirmiş oldu. Ona görə də daha yaxşı olar ki, bu qüvvələr ATƏT deyil, BMT mandatı altında bölgədə yerləşdirilsin".

Digər politoloq Razi Nurullayev bildirdi ki, ABŞ-ın Ermənistandakı səfirinin bu açıqlaması bir çox məsələləri aydınlaşdırır: "Onun dediyindən belə çıxır ki, Ermənistan Azərbaycan arasındakı danışıqlar gedir. Hətta əraziyə sülhməramlı qoşunların yerləşdirilməsi məsələsi müzakirə olunur. Dirəniş nöqtəsi də məhz bu məsələdir. Əraziyə sülhməramlı qoşunların yerləşdirilməsinin elə bir problemi yoxdur. Düşünürəm ki, Azərabaycan buna etiraz etmir. Amma orada hansı sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi maraqlıdır. Çünki, həmsədr dövlətlərdən Rusiya öz qoşunlarının təmas xəttində yerləşdirilməsi üçün səy göstərəcək. Bu, baş tutmasa da ATƏT-in xətti ilə sülhməramlı qoşunlara ola bilər. O zaman da Rusiya qüvvələri onun tərkibində təmsil oluna bilər. Amma Rusiyanın marağı ancaq öz qüvvələrinin orada yerləşdirilməsidir. Bu isə çox təhlükəli tendensiyadır".

Politoloq əlavə etdi ki, sülhməramlı qoşunlar BMT xətti ilə yerləşdirilir: "BMT-nin "çətir"i altında sülhməramlı qüvvələrin orada yerləşdirilməsi münasib olardı. Bu, tamamilə MDB məkanından kənar qüvvələr olmalıdır. İstənilən halda Rusiyanın qüvvələrinin həmin əraziyə yerləşdirilməsinin əleyhinəyəm. Bu, sülh prosesinə heç də kömək etmək iqtidarında deyil".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs