Əlaqə Arxiv
news Image
2014.07.11
08:21
| A A A
Azərbaycan Ordusuna NATO silahlarının gəlişi başlanır
Üzeyir Cəfərov: “NATO dövlətlərilə hərbi əməkdaşlıq həm onlara, həm də bizə faydalı olacaq” Azad İsazadə: “Zenit-raket kompleksi hücum vaxtı da istifadə oluna bilər”

Fransa Azərbaycana orta mənzilli zenit-raket kompleksləri satmaq istəyir. Bu barədə Fransanın "Intelligence Online" bülletenində bildirilir. Bülletendə deyilir ki, bu ilin may ayında Azərbaycana səfər etmiş Fransa prezidenti Fransua Olland orta mənzilli SAMP/T zenit-raket kompleksinin satışını lobbiləşdirib. Məlumata görə, Fransua Olland Bakıda "Eurosam" konsorsiumu üçün xeyli iş görüb və Xəzərdəki neft yataqlarını qorumaq üçün Azərbaycan rəhbərliyini bu raketləri almağa çağırıb.

Xatırladaq ki, orta mənzilli SAMP/T zenit-raket komplekslərində "Aster 30" idarəolunan zenit raketləri istifadə edilir.

Hələlik hərbi rəhbərlik tərəfindən həmin silahın alınıb-alınmaması barədə açıqlama verilməyib. Ancaq Fransa NATO-a üzv oldğundan bu, Azərbaycan Ordusunun arsenalında NATO silahlarının olacağından xəbər verir. Hərbçi-ekspert Üzeyir Cəfərov bildirdi ki, düzdür, müharibə şəraitində olan ölkələrə silah-sursat satılması beynəlxalq qurumular tərəfindən tövsiyə olunmur: "Amma həmişə olduğu kimi bu məsələdə də yekdil rəy mövcud deyil. Bəzi ölkələr bu sənədin qəbuluna səs versələr də, faktiki olaraq, silah satışından kifayət qədər gəlir götürürlər. Yəni, bir çox ölkələr silahın satılmasına formal olaraq riayət edir. Müharibə vəziyyətində olan Azərbaycan və Ermənistan da bu illər ərzində xeyli sayda silah-sursat əldə edib. Bəzi ölkələr bunu birbaşa, bəziləri isə dolayısı yolla qadağa edib. Dolayı yolla qadağa edən ölkələr arqument gətirirlər ki, biz silahları dövlət xətti ilə satmırıq. Hansısa özəl qurumların bu prosesi həyata keçirdiyin deyirlər. Ancaq özəl şirkət də həmin dövlətin tərkibində fəaliyyət göstərir. Elə həmsədrlərin özləri bu illər ərzində Azərbaycan və Ermənistana kifayət qədər hərbi avadanlıq ixrac edib. Həmin avadanlıq son illər BMT-nin silah qeydiyyatında təsdiqini tapıb. Bəzi ölkələr silah satışına həm də yeni iş yeri kimi baxırlar. Odur ki, bu prosesi tənzimləmək bir qədər çətindir.".

Ekspertin fikrincə, Azərbaycan NATO üzv olan ölkələrin silahlarından istifadə edəcəksə, həmin ölkələr Azərbaycan üçün lobbiçilik fəaliyyətini həyata keçirəcəklər: "Azərbaycana müəyyən məsələlərdə siyasi, iqtisadi, hərbi dəstək verə bilərlər. İkinci üstünlük isə odur ki, NATO silahları dünyada ən çox tələbat olan silahlardır. O silahlar həmiş öndə olub. Həmin ölkələr silahlarını satarkən öz maddi məsələlərini həll etməklə yanaşı, həm də bir növ regionda öz silahlarını təşviqi ilə məşğul olurlar. O nöqteyi-nəzərdən həmin ölkələr Azərbaycanı da diqqətdə saxlayırlar. Baxmayaraq ki, Azərbaycan son illər qarışıq silah sisteminə üstünlük verir. Müxtəlif ölkələrdən silah alır. Ancaq NATO dövlətlərilə hərbi əməkdaşlıq həm onlara, həm də bizə faydalı olacaq".

Hərbi məsələlər üzrə digər ekspert Azad İsazadə bildirdi ki, NATO üzvləri ayrılıqda özləri satış əməliyyatları həyata keçirə bilər: "Yalnız Alyans çərçivəsində hansısa satışı reallaşdırmaq olmaz. İndiki vəziyyət sırf Azərbaycan – Fransa arasında olan danışıqlara görədir. Burada Fransanı NATO-nun üzvü kimi qəbul etmək lazım deyil. Fransa sərbəst şəkildə öz silahını satır. Bəzi silah növləri hücum xaraterli hesab olunur. O cür silahların alınmasına görə xüsusi rəy lazımdır. Zenit-raket kompleksi hücum vaxtı da istifadə oluna bilər. Amma onun ilk məqsədi, daha çox müdafiə xarakteri daşıdığından alınmasında probemlər yaranmamalıdır".

Azad İsazadə qeyd etdi ki, ordumuzun NATO silahları ilə təchiz olunmasının müsbət və mənfi tərfləri var: "Müsbət tərəfi odur ki, biz Rusiya hərbi-sənaye kompleksindən asılılığımızı azaltmış olacağıq. Digər tərəfdən isə ordu nə qədər eyni tipli sistemlə silahlanıbsa, onun döyüş zamanı ehtiyaclarının ödənilməsi o qədər rahat olur. Bir neçə sistemdən istifadə edəndə təchizat məsələsində problemlər yarana bilər".

Sizin Reklam Yeriniz