Əlaqə Arxiv
news Image
2014.07.15
08:18
| A A A
Cəbhə zonası ilə bağlı informasiya müharibəsi genişlənir
Elman Nəsirli: "Ermənistan tərəfi hər zaman, danışıqlar prosesində yeni bir mərhələ başlananda, hər hansı bir irəliləyiş tendensiyası müşahidə ediləndə atəşkəs rejimini pozmağa başlayır" Elxan Şahinioğlu: "Bu halda fikirləri atəşkəsin pozulmasına yönəltməklə, əsas məqamdan, yəni danışıqlarda nəticə hasil olunmasından diqqəti yayındıra biləcəklərini düşünürlər"

Son dövrlərdə erməni mediası və rəsmiləri cəbhə zonasında baş verən olaylarla bağlı daha çox dezinformasiya xarakteri daşıyan çoxsaylı məlumatlar yaymaqdadır. İddia olunur ki, Azərbaycan hərbçiləri cəbhədə fəallığı artırır, nəticədədaha çox erməni şərbçisi həlak olur. O da vurğulanır ki, cəbhədə Azərbaycan tərəfinin bu səpkidə fəaliyyətini daha da genişləndirməsi gözlənir.

Əslində isə, mənzərə tamamilə başqadır. İrəvan hər gün atəşkəs rejimini pozaraq, işğal etdiyi ərazilərdən, habelə Ermənistanın özündən Azərbaycan torpaqlarını daim atəş altında saxlayır. Son bir neçə ayda atəşkəsin pozulması faktları daha da çoxalıb.

Politoloq Elman Nəsirli bildirdi ki, Ermənistan tərəfi münaqişə ətrafında dezinformasiya yaymaqla, danışıqlar prosesində hər hansı bir irəliləyişin əldə olunmasına əngəl olmaq, burada məsələnin ancaq atəşkəs rejiminin pozulması istiqamətinə yönəldilməsinə çalışır: "Ermənistan təbliğat maşını bildiyimiz kimi, hər zaman dezinformasiya ilə məşğuldur. İndiki halda da onlar həmin dezinformasiya işini yerinə yetirir. Hətta deyərdim ki, bu sahədə daha çox gücləndirilmiş iş rejiminə keçib. Ermənistan tərəfi hər zaman, danışıqlar prosesində yeni bir mərhələ başlananda, hər hansı bir irəliləyiş tendensiyası müşahidə ediləndə atəşkəs rejimini pozmağa başlayır. Özü də bunu kəskin şəkildə pozurlar. Eyni zamanda bununla paralel şəkildə, bir çox hallarda atəşkəs rejimini pozmağa başlamamışdan öncə, təbliğat kampaniyası apararaq çalışırlar ki, guya atəşkəs rejimini Azərbaycan pozur. Ictimai rəyi buna uyğunlaşdırmağa çalışlar. Bu onların çoxdan sınaqdan çıxardıqları üsullardan biridir. İndiki halda danışıqlar prosesində yaranan yeni presedent ondan ibarətdir ki, Fransa prezidenti Fransua Olland may ayında regiona səfəri zamanı Parisdə Azərbaycan Ermənistan prezidentlərinin danışıqlarını təşkil etmək niyyətini ortaya qoymuşdu. Bununla da tərəflərə tənzimləmə ilə bağlı təkliflərini də irəli sürdü. Ollandın yeni təkliflərlə çıxış etdiyi haqda beləcə informasiyalar yayıldı. Belə olan təqdirdə Ermənistan tərəfinin məqsədi odur ki, hər zaman status-kvo vəziyyətini qoyuyub saxlasın, danışıqlar prosesində irəliləyiş olmasın. Ermənistan danışıqlara getsə də, bunu bir müddətli danışıqlar praktikası baxımından həyata keçirir. Onlar bu üsullarla vəziyyətin dəyişməsində maraqlı olmadıqlarını ortaya qoyurlar. 2009-cu ilin dekabr ayında yeniləşmiş Madrid prinsipləri irəli sürülüb. Lakin onun Ermənistan tərəfindən qəbul edilməməsi üzündən yeni-yeni yanaşmalar meydana gəlir. Yeni təkliflər isə status-kvo vəziyyətinin dəyiməsinə gətirib çıxara bilər. Ermənistan tərəfi bu reallıqdan çıxış edərək, artıq növbəti dəfə atəşkəs rejimini mütəmadi şəkildə pozmaqla, bunu Azərbaycan tərəfinin üzərinə atır. Belədə, danışıqlar ərəfəsində mürəkkəb bir situasiya formalaşdırır ki, danışıqlar baş tutmasın, baş tutsa da, bütün digər məsələlər kənarda qalsın, yalnız atəşkəs rejiminin qorunub saxlanılması ilə bağlı məsələ müzakirə edilsin. Onların niyyəti budur. Bu gün də həmin təktikanı tətbiq edirlər".

Politoloq Elxan Şahinoğlu da qeyd etdi ki, bu kimi dezinformasiyalarla beynəlxalq aləmin diqqətini əsas prosesdən yayındırmağa çalışırlar: "Son zamanlar bilirik ki, erməni tərəfi atəşkəsi mütəmadi olaraq pozur. Hətta bu hallar daha da intensivləşib. Belə olan halda, İrəvan rəsmiləri ATƏT rəsmilərinin qınağına tuş gəlməmək üçün atəşkəsin pozulmasını həyasızcasına digər tərəfin üzərinə atır. Bununla onlar guya atəşkəs rejiminin pozulmasında iştirak etmədikləri, bu rejimə sadiq qaldıqları ilyuziyasını formalaşdırmaq istəyirlər. Ermənilərin bu dezinformasiyasında başlıca məqam isə ondan ibarətdir ki, həmin saxta informasiyaları ortaya atmaqla, danışıqlar prosesinin daha da dalana dirənməsində meylli olduqlarını ortaya qoymuş olurlar. Çünki, qorxurlar ki, danışıqlar zamanı maraqlarına uyğun gəlməyən məqamlar müzakirə edilməklə, nəticədə onlar pis vəziyyətə düşə bilərlər. Yəni ermənilər hazırki situasiyada mövcud status-kvonun saxlanılmasında maraqlıdırlar. Hər vəchlə çalışırlar ki, bu status-kvo dəyişməsin. Ona görə də, atəşkəsi özləri pozmaqla yanaşı bunu dezonformasiya olaraq digərinin üstünə yıxmaqla, həm qarşı tərəfi guya ləkələmək, həm də danışıqlar prosesində hər hansı bir gözə görünə biləcək irəliləyişin qarşısını almaq məqsədi güdürlər. Çünki, bu halda fikirləri atəşkəsin pozulmasına yönəltməklə, əsas məqamdan, yəni danışıqlarda nəticə hasil olunmasından diqqəti yayındıra biləcəklərini düşünürlər".

Sizin Reklam Yeriniz