news Image
2014.07.19
07:46
| A A A
ABŞ-Azərbaycan hərbi əlaqələrində yeni mərhələ başlanır
Hatəm Cabbarlı: “ABŞ-ın Azərbaycanla yeni müstəvidə münasibətlər qurmağa çalışması təqdirəlayiq haldır” Zərdüşt Əlizadə: “Hansısa mənəvi dəstəklə iş keçmir”

Xəbər verildiyi kimi, ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya təcavüzünün qarşısının alınması barədə qanun layihəsini ikinci oxunuşda qəbul edib. Qanun layihəsi Ukrayna, Gürcüstan və Moldovaya NATO üzvü olmadan da ABŞ-ın müttəfiqi statusu verilməsini nəzərdə tutur. Sənəd yekun oxunuşda qəbula hazırlanmaq üçün müvafiq komissiyaya göndərilib. Layihəyə əsasən Ukrayna, Gürcüstan və Moldovadan başqa, Azərbaycan, eləcə də Bosniya, Serbiya, Monteneqro, Makedoniya və Kosovo təhlükəsizliyin təmin olunması və ABŞ Silahlı Qüvvələri ilə qarşılıqlı əməkdaşlıq üçün ABŞ-dan kömək ala biləcəklər. Onu da bildirək ki, siyahıda Ermənistanın adı yoxdur.

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı bildirir ki, artıq Rusiya dövlətlər üzərində nəzarətini diplomatiya və siyasətdən uzaq bir şəkildə gücləndirməyə çalışır: "Hərbi gücdən istifadə etməyə üstünlük verir. Belə bir şəraitdə ABŞ postsovet coğrafiyasında olan dövlətlərin müstəqilliyinin qorunmasına dəstək verməyə təşəbbüs göstərir. Təşəbbüsün necə nəticə verəcəyi hələlik bəlli deyil. Çünki, Moldova, Ukrayna və Gürcüstanı başa düşmək olar. Burada ABŞ müəyyən uğurlu nəticə əldə edə bilər. Amma Orta Asiya dövlətlərinə verdiyi dəstəyin nəticəsi barədə ciddi fikir bildirmək olmaz. Hələlik gözləmə mövqeyində durub. Konkret Azərbaycana gəldikdə, ilk növbədə ABŞ Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. Bu günə qədər təəssüflər olsun ki, ABŞ Azərbaycana qarşı ikili siyasət həyata keçirir. Xüsusi ilə də Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi məsələsinə ikili münasibət bu gün də davam edir. Əgər ABŞ Dağlıq Qarabağ separatçı rejiminə maliyyə yardımı kəssə, ikili münasibətidən vaz keçsə, Ermənistanla bəzi sahələrdəki əməkdaşlığını dondursa, Ermənistana təzyiq göstərməyə başlasa, bu, təqdirəlayiq hadisə olardı. ABŞ-ın qondarma Qarabağ rejiminə münasibətdə hansısa dəyişiklik olmadan Azərbaycanla münasibətlərini inkişaf etməsinə və müsbət nəticə verməsi inandırıcı görünmür. Başqa məsələ isə ABŞ-ın Azərbaycana verəcəyi dəstəyin həcmidir. ABŞ-ın Azərbaycana hansısa ciddi dəstəyi Rusiya tərəfindən narazılıqla qarşılana bilər. Bununla da Dağlıq Qarbağın həllində Rusiya daha radikal mövqedə dura bilər. Düzdür, ABŞ-ın Azərbaycanla yeni müstəvidə münasibətlər qurmağa çalışması təqdirəlayiq haldır. Amma nəticələrin necə olacağına dair indidən proqoz vermək mümkün deyil. Bizim üçün əhəmiyyətli olan torpaqlarımızın geri qaytarılması və ABŞ-ın ikili münasibətlərdən əl çəkməsidir. Ərazi bötüvlüyümüzün bərpasında ən azından ABŞ-ın tərəfsiz mövqedə durması da əhəmiyyət daşıyır. Bundan başqa, Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasının ABŞ tərəfindən daha təhlükəsiz şəraitdə təmin olunması da göstərə biləcəyi yardımlardandır".

Politoloq Zərdüşt Əlizadə bildirdi ki, məntiqlə düşünsək, o zaman ABŞ Azərbaycan torpaqlarının azad edilməsi üçün Ermənistana hücum etməlidir: "Yaxud da biz hücum edəndə yanımızda ABŞ qoşunları olmaldır. Yəni, bunlar məntiqsiz fikirlərdir. Ermənistanın yanında olub, bizim ərazimizi tutublar. İndi də Azərbaycana deyirlər ki, özünün müdafiə hüququndan istifadə etmə, qanuni hüququndan imtina et. Onların məqsədi bizi Rusiya ilə düşmən etməkdir. Rusiya onsuz da özünü düşmən kimi aparır. Bizə isə özümüzü düşmən kimi aparmaq xeyir deyil. Azərbaycanın siyasəti qoşulmamaq siyasəti olmalıdır. Heç kəslə düşmənçilik lazım deyil. Vaxtı ilə Gürcüstana da eyni təklif edilmişdi. Ancaq Gürcüstan Abxaziya və Cənubi Osetiyanı itirdi. ABŞ-ın bizə heç bir yardımı ola bilməz. Əgər bilavasitə ABŞ qoşunları gəlsə, o deməkdir ki, onlar Rusiya ilə üz-üzə duracaqlar. Bu da ABŞ-a lazım deyil. Bu gün ABŞ Ukrayna prezidenti Pyotr Poroşenkoya kömək edə bilir? Döyüş meydanında konkret tanklar və əsgərlər olur. Hansısa mənəvi dəstəklə iş keçmir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs