Əlaqə Arxiv
news Image
2014.07.26
08:41
| A A A
İŞİD Azərbaycan üçün təhdid mənbəyi sayılmadı
Qabil Hüseynli: " Hazırda ideoloji mübarizənin əsas meydanı din sahəsidir " Qulu Məhərrəmli: "Ərazi, siyasi və dini baxımdan da bu dini cərəyanın ölkəmizə heç bir təhlükəsi mövcud deyil"

Elşən Manafov: "Hazırda Azərbaycandakı stabillik üçün İŞİD-in fəaliyyətində və ora qoşulan azərbaycanlıların hərəkətində ölkəmizə münasibətdə ciddi təhlükə görmürəm"


Heç kimə sirr deyil ki, Suriyadakı dini hərbi dəstələrin, ardınca da İraqda "İraq Şam İslam Dövləti" (İŞİD) adlı silahlı qruplaşmanın tərkibində vuruşanlar arasında azərbaycanlılar, habelə Şimali Qafqazdan olanlar da var. Hazırda İŞİD-in tərkibində olan azərbaycanlılar arasında vaxtilə Suriyada Bəşər Əsədə qarşı döyüşənlər üstünlük təşkil edir. Eyni zamanda, İŞİD-in İraqın bir hissəsini işğal etməsindən üzü bəri qurumun tərkibində soydaşlarımızın olması daim ciddi narahatlıq predmeti kimi qarşılanıb. Əslində, digər dövlətlərdə də analoji proses müşahidə olunur. Bu günlərdə isə İraqın Semmar şəhərində İŞİD döyüşçüləri ilə hökumət qüvvələri arasında gedən döyüşlərdə Sumqayıt sakini olan azərbaycanlı öldürülüb.


Politoloq Qabil Hüseynlinin fikrincə, ölkədə din sahəsində müəyyən qədər ideoloji boşluğun olması İŞİD kimi radikal qüvvələrin fəallaşmasına müəyyən mənada şərait yarada bilər: "Ölkədə dini fəaliyyət məsələsi, dinin yerinə yetirəcəyi funksiyalara ciddi nəzarət olunmalıdır. Dini proseslə məşğul olan idarələr, mollalarından tutmuş yuxarıda olan orqanların hamısı insanlar arasında dini dünyagörüşü düzgün təbliğ edə bilmir. Bəzən ideoliji boşluğu vəhhabilikdən tutmuş sələfiliyə qədər müxtəlif dini baxışlar doldurur. Ona görə də, ölkədə aqressiv dini baxışların, onun fundamental formalarının yayılmasına hələ ki, şərait var. Çünki, onunla mübarizə düzgün qurulmayıb. Mübarizə deyəndə onlara qarşı sərt tədbirlərin görülməsini nəzərdə tutmuram, burada söhbət ideoloji mübarizədən, adamların inandırılmasından, onları düzgün yola yönləndirməkdən gedir. Hesab edirəm ki, ölkədə dini-ideoloji sahədə ciddi adımların atılmasına ehtiyac var. İdeoloji sahədə atılacaq addımlara dini qurumlardan başlanılmalıdır. Hazırda ideoloji mübarizənin əsas meydanı din sahəsidir. Burada yaxşı kadrlardan istifadədən tutmuş, qərarlaşmış, strukturlaşmış, illərdir ki, ənənəvi praqmatik formada fəaliyyət göstərən az qala mafiozlaşmış strukturların yenidən qurulmasından söhbət gedir".

Siyasi şərhçi Qulu Məhərrəmli isə qeyd etdi ki, İŞİD-in ölkəmizə təhdidi barədə söylənilənlər məqsədli şəkildə şişirdilmiş fikirlərdir: "Onu deyim ki, İŞİD-in xüsusən də Azərbaycana təhlükəsi ilə bağlı məsələlər əslində, kifayət qədər şişirdilir. Düzdür, belə düşünən həvəskarlar, müəyyən fanatik insanlar olur. Bəzən həmin qrupa qoşulanlar aldadılaraq ora daxil olur. Amma bütövlükdə götürdükdə, görürük ki, İŞİD-in Aəzrbaycana heç bir təhlükə və təhdidi yoxdur. Həm ərazi, siyasi və dini baxımdan da bu dini cərəyanın ölkəmizə heç bir təhlükəsi mövcud deyil. Bu təhlükə haqqında danışanlar, onu şişirdənlər müəyyən məqsədlər güdür, əhali arasında vahimə, xof yaratmağa çalışırlar. Hesab edirəm ki, bu şişirdilmiş məsələdir və onun Azərbaycanda bağlı heç bir təhlükəsi yoxdur".

Politoloq Elşən Manafov da qeyd etdi ki, indilikdə bu istiqamətdə ciddi təhlükənin olduğunu düşünmür: "İŞİD sıralarında vuruşanlar arasında azərbaycanlılar da var. Sadəcə olaraq, ora gedənlərin bir qismi ilk baxışda dini məzhəb amilini nəzərə alaraq onun sıralarına daxil olur. Əslində isə, özləri də bilmədən ABŞ-ın böyük oyun siyasətinin tərkibinə qatılmış olurlar. Məlum məsələdir ki, İŞİD-in yaradılmasının arxasında böyük dövlətlərin bölgə ilə bağlı maraqları dayanır. Hazırda Fələstin ərəblərinin İsrailin kütləvi aviasiya hücumları ilə qırıldığı bir şəraitdə, İŞİD məzhəb amili kontekstində İraqda sünni şiə davasına başlayıb. Bu da ABŞ və Böyük Britaniyanın bölgə ilə bağlı "parçala, hökm sür" siyasətinin marağına cavab verən geosiyasi amildir. Təəssüf ki, ölkəmizdən də özləri bilmədən, mahiyyətinə varmadan oyuna qoşulanlar da var. Amma prinsip etibarı ilə, hazırda Azərbaycanın mövcud stabilliyi üçün İŞİD-in fəaliyyətində və ora qoşulan azərbaycanlıların hərəkətində ölkəmizə münasibətdə ciddi təhlükə görmürəm. Azərbaycanda vəhhabilərin sayı artsa da, dövlətimizin ərəb dövlətləri liderləri ilə isti münasibətləri mövcuddur. Bu kontekstdə ərəb dövlətlərinin Azərbaycana münasibətdə ciddi bir oyuna girəcəklərini düşünmürəm. Hərçənd, Səudiyyə Ərəbistanı daxil bu ölkələr böyük neft bazarında Azərbaycanı özləri üçün rəqib görürlər. Səudiyyə Ərəbistanında müəyyən dairələrin xilafətlə bağlı tərtib etdiyi xəritədə Şimali Qafqazla yanaşı, Cənubi Qafqaz, ilk növbədə Azərbaycanın da adı çəkilir. Hazırki situasiyada bu prosesdə Azərbaycan üçün ciddi təhlükə təşkil etməsi addımlarının atıldığını müşahidə etməmişəm. Bütün hallarda Azərbaycanın müvafiq strukturları prosesi ciddi diqqət və nəzarət altında saxlamalıdır. Çünki, Azərbaycandakı stabilliyi pozmaq üçün şimal, qərb, cənub, istərsə də ərəb dairələri arasında ciddi layihələr vardır və bunun həyata keçirilməsi istiqamətində müəyyən addımlar atıla bilər".

Sizin Reklam Yeriniz