Əlaqə Arxiv
news Image
2014.09.04
08:25
| A A A
İŞİD təhlükəsi Qafqaza ayaq açır
Ceyhun Mahmudlu: “İŞİD-in fərqli xüsusiyyəti ondan ibarətdir ki, ondan başqa heç bir terror qruplaşması dövlət formalaşdırmağa cəhd etmir” Haci Atif İsmayılov: “Rusiyaya qarşı belə bir addım atılarsa, bunun bütün Qafqaz ölkələri üçün təhlükəsi böyükdür”

"İraq və Şam İslam Dövləti" (İŞİD, yaxud "İslam Dövləti") qruplaşmasının yaraqlıları Rusiya prezidenti Vladimir Putini həddələyib və bütün Qafqazda tezliklə müharibəyə başlayacaqlarını bildirib. İŞİD qruplaşmasının bu xəbərdarlığı haqda "əl-Ərəbiyə" peyk kanalı məlumat yayıb. İŞİD yaraqlıları Putini hədələyən videoyazını internetdə yerləşdiriblər.

Videoyazıda İŞİD yaraqlıları Bəşər Əsədin müttəfiqi olaraq Vladimir Putini şəxsən hədələyirlər, Suriya diktatorunu silah və texnika ilə təchiz etdiyinə görə ondan qisas alacaqlarını bildirirlər.

Təhlükəsizlik və Enerji Tədqiqat Mərkəzinin rəhbəri Ceyhun Mahmudlu məsələni şərh edərkən İŞİD-in fərqli fenomen kimi ortaya çıxmasını qeyd etdi: "İŞİD mövcud idi. Ancaq Suriyada baş verən hadisələri daha çox Əl-Nusra və Əl-Qaidə ilə bağlayırdılar. Onların hakim olduğu bir dövrdə ortaya bir İŞİD çıxır. İŞİD-in fərqli xüsusiyyəti ondan ibarətdir ki, ondan başqa heç bir terror qruplaşması dövlət formalaşdırmağa cəhd etmir. İŞİD isə tutduğu ərazilərdə dövlət formalaşdırdığını bildirir. Amma terror qruplaşması hələlik dünyaya səpələnməyib. Tamamilə İraq və Suriya bölgəsindədir. Buna baxmayaraq, son zamanlar müxtəlif cür çıxışlar edir. Təkcə Rusiyanı yox, eyni zamanda Türkiyəni də hədələyir. Amma hələlik bu ərazilərdə konkret fəaliyyəti görünmür. Türkiyədə bir-iki yerdə terror hadisələri törətməyə çalışdılar. Bunun da hamısı İŞİD ilə bağlı deyildi. İŞİD və onun arxasında duran insanlar diqqətlərini daha çox mövcud olduqları bölgəyə yönəldiblər. Düzdür, İŞİD-in potensialı çox böyükdür. Xüsusi ilə də İŞİD ordusunun 20%-ni Qafqazdan gələnlər təşkil edir. Bunların arasında Dağıstan, Çeçenistan, Azərbaycandan gedənlər var. Yəni, İŞİD-in bizim bölgədə terror etmə potensialı var. Onlar hazırda İraqda özlərinə dövlət qurduqlarını bildirir. Eyni zamanda növbəti mərhələdə başqa ölkələrə hücuma cəhd edə bilərlər. Ancaq bunun o qədər də effektiv olacağını düşünmürəm. O demək deyil ki, Rusiyada gedib həmin formada dövlət quracaqlar. Rusiyada onların mobilləşməsinin güclü olmasını bilmək lazımdır. Onlar Rusiya ərazində kiçik qruplarla gəlib terror hadisələri həyata keçirə bilərlər"

Haci Atif İsmayılov da hesab edir ki, İŞİD-in Rusiyanı hədələməsi gözlənilən idi: "Rusiyada az da olsa, İŞİD-i dəstəkləyən qüvvələr mövcuddur. Onlar hazırda bizə qonşu olan ölkələrdə öz fəaliyyətlərini nisbətən qura biliblər. Ona görə də Rusiyaya qarşı belə bir addım atılarsa, bunun bütün Qafqaz ölkələri üçün təhlükəsi böyükdür. Hətta İŞİD-in bu gün dünya aləmini hədələdiyi terror aktları tək İraq və Suriyada bitmir. Hansısa müsəlman ölkəsi sivil şəkildə yaşayırsa, cəmiyyətd rifah yüksəkdirsə, məqsədləri oradakı stabilliyi pozmaq olur. Odur ki, İraqdakı təhlükəni bütün müsəlman ölkələri gözləyə bilər".

İlahiyyatçının fikrincə, İŞİD-in yaxın bir zamanda Azərbaycan üçün təhlükəsi görünmür: "Amma qonşu ölkələr baxanda artıq İŞİD-i dəstəkləyən qüvvələrin olduğunu görürük. Qonşuluqda İŞİD mövcud olduğuna görə Azərbycan özünün milli-mənəvi dəyərlərini qorumaq, İslamı təbliğ etməkdə irəliləməyə məcburdur. Odur ki, bu təhlükə yaxın da olmasa, gələcəkdə Azərbaycanı gözləyə bilər. Hadisələr o həddə çatarsa, təbii ki, Qarabağ problemi də aktiv fazaya keçəcək. Çünki, bu gün Azərbaycanda sürətli inkişafın getməsi bəzi Qərb ölkələrinin marağına uyğun olmadığına görə, Dağlıq Qarabağda yenidən münaqişələrin yaranmasında əllərindən gələni əsirgəmirlər".

Sizin Reklam Yeriniz