news Image
2012.07.14
07:30
| A A A
Azərbaycanlı şairlərin məsələsi beynəlxalq məhkəməyə çıxa bilər
Qabil Hüseynli: “Ölkəmiz İranın sözügedən qanunsuz əməlilə bağlı Haaqa məhkəməsinə əminliklə müraciət edə bilər” Elşən Manafov: “Şairlərlə bağlı beynəlxalq məhkəməyə müraciət etməyimiz ən son addım ola bilər”

İran tərəfi hələ də mayın 2-dən bəri tutub saxladığı Azərbaycan şairləri Fərid Hüseyn və Şəhriyar Hacızadə barəsində dolğun məlumat verməkdən yayınır. Bu azmış kimi Azərbaycan rəsmilərinin onlarla görüşünə də imkan vermir. Halbuki, Azərbaycan Xarici İşlər Nazirliyi belə bir istəkdə bulunub. Lakin Tehran beynəlxalq qayda-qanunlara əməl etməyərək iki aydan artıqdır günahsız olaraq saxladıqları şairlərlə hər hansı bir görüşə belə razılıq vermir. Xatırladaq ki, İran mətbuatının yazdığına görə gənc şairlər cəsusluqda ittiham olunurlar.

Görəsən, İranın sözügedən əməlinə qarşı Azərbaycan tərəfi beynəlxalq məhkəmələrə müraciət etməlidirmi? Bununla bağlı ölkəmiz BMT-yə müraciət ünvanlamalıdırmı?

Politoloq Qabil Hüseynli şairlərimizlə bağlı beynəlxalq məhkəməyə müraciət etməyi lazım bildi: "İranda heç bir əsas olmadan saxlanılan gənc şairlərimizlə görüşə icazə verilməməsinin özü heç bir əndazəyə sığmır. Onlar əslində heç bir cinayət əməli törətməyiblər. İranın şairlərə qarşı etdiyi hərəkətin özü cinayət tərkiblidir. Məsələn, şairləri oğurlayıb, onlar haqqında yalnız bir aydan sonra məlumat verilməsinin özü insan oğurluğu kimi də səciyyələndirilə bilər. Bu halda da ölkəmiz İranın sözügedən qanunsuz əməlilə bağlı beynəlxalq Haaqa məhkəməsinə əminliklə müraciət edə bilər. Günahsız olan bu gənclərin hüquqları müdafiə edilməlidir. Onlar nəinki vəkillə təmin edilmir, hətta üstəlik Azərbaycan səfirliyi əməkdaşlarının həmin şəxslərlə görüşmələrinə də imkan verilmir. Onlar Azərbaycan vətəndaşlarıdır və ölkəmizin İrandakı nümayəndəliyi mütləq həmin şəxslərlə görüşüb onların talelərilə maraqlanmalıdır. Buna da İran tərəfi imkan yaratmalıdır. İran tərəfi ən adi hüquqi prosedurların təmin edilməsinə, rəsmi nümayəndələrimizin şairlərlə görüşünə imkan vermirsə, Azərbaycan öz vətəndaşlarının müdafiəsi üçün bütün vasitələrdən istifadə etməlidir. Bu vasitələrdən biri də şairlərin taleyilə bağlı beynəlxalq məhkəməyə müraciət etməkdir. Eyni zamanda rəsmi Bakı BMT Təhlükəsizlik Şurasının üzvü olaraq şairlərimizin azad edilməsi üçün bu tribunadan da yararlanmalıdır".

Digər politoloq Elşən Manafov isə yalnız son addım olduqda şairlərlə bağlı beynəlxalq məhkəməyə müraciət etməyimizi məqbul bildi: "İranda saxlanılan Azərbaycanlı şairlərlə bağlı hər iki tərəfdən elə addımlar atılmalıdır ki, o addımlar Tehranla Bakı arasında münasibətlərin daha gərgin fazaya keçməsinə imkan və şərait yaratmasın. Onsuz da Qərbdə kifayət qədər qüvvə var ki, Azərbaycanı antiiran koalisiyasına cəlb etməklə əslində baş verə biləcək insidentdə öz maraqlarını güdürlər. İran prezidentinin Azərbaycan prezidentinə ünvanladığı məktubu İranın təhsil naziri bu günlərdə dövlət başçımıza təqdim etdi. Aydın məsələdir ki, İran prezidentinin məktubunda Tehranda Qoşulmayanlar Hərəkatının toplantısında Azərbaycan prezidentini görmək istəyi öz əksini tapıb. Bu da İran tərəfinin Azərbaycana olan bir jesti kimi qiymətləndirilməlidir. Həmin jestə diplomatik kontekstdə yanaşdıqda, münasibətlərin gərginləşməsi istiqamətində hansısa fərqli addımlar atmaq lazım deyil. Əlbəttə, beynəlxalq hüquq normaları baxımından İran Azərbaycan vətəndaşlarını ciddi sübutlar olmadan və Bakıya bununla bağlı ciddi izahat vermədən saxlayırsa, qüvvədə olan qanunvericiliyə görə ölkəmiz İranı Haaqa məhkəməsinə vermək hüququna malikdir.

Lakin bütün hallarda çalışmaq lazımdır ki, diplomatik və sair digər kanallar vasitəsilə saxlanılan Azərbaycan vətəndaşları məsələsinə bir aydınlıq gətirilsin və onlar qısa zaman kəsiyində azadlığa buraxılsınlar. Azərbaycan tərəfi güman etmirəm ki, nə qədər dəyərli də olsa iki vətəndaşı ilə bağlı məsələnin mahiyyətinə vararaq, İranla münasibətlərin gərginləşməsi istiqamətində daha bir addım atsın. Onsuz da son 2-3 ildə tərəflər bir-birinə ünvanlanan 8 nota ilə yadda qalıb. Növbəti addımlar isə daha xoşagəlməz və arzuolunmaz vəziyyətin yaranmasına gətirib çıxara bilər. Bütün hallarda diplomatik kanallarla saxlanılan şairlərimizin azadlığa çıxması üçün bizim yenə də fərqli addımlar atmaq hüquq və səlahiyyətimiz var. Şairlərlə bağlı beynəlxalq məhkəməyə müraciət etməyimiz isə ən son addım ola bilər. Ümid edirəm ki, Azərbaycan dövlət başçısının İrana gözlənilən səfərindən sonra iki dövlət arasındakı münasibətlərdə müəyyən gərginlik doğuran məsələlər arxada qalacaq".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs