news Image
2014.09.10
15:37
| A A A
“Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün vaxtı və proqramı dəqiqləşdirilir”

Serbiyanın xarici işlər naziri: "ATƏT-də sədrlik zamanı münaqişənin həllinə öz töhfəmizi verəcəyik"

"Bu regiona yenidən gələcəyəm və ATƏT-in fəaliyyətdə olan sədri kimi münaqişənin sülh yolu ilə həlli üçün əlimdən gələni edəcəyəm". APA-nın xəbərinə görə, bu sözləri Bakıda səfərdə olan Serbiyanın xarici işlər naziri İvitsa Daçiç azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi birgə mətbuat konfransında deyib.

 

Qonaq ölkəsinin növbəti ilin əvvəlindən ATƏT-ə sədrlik edəcəyini xatırladıb: "Məsələyə yanaşmam çox ciddi olacaq. Bu, mənim üçün siyasi turizm deyil. Biz Azərbaycanın köməyini yüksək qiymətləndiririk, ölkəmizdə təbii fəlakət baş verərkən bizə çox kömək etdiniz. Azərbaycanın Serbiyanın ərazi bütövlüyünü dəstəkləməsini də çox yüksək qiymətləndiririk. Münaqişələr dialoq yolu ilə həll olunmalıdır və dialoq yeganə çıxış yoludur. Mən ikili standartlara şərh verməyəcəyəm. Serbiya özü bu problemi yaşayıb. Biz ATƏT-də sədrlik zamanı münaqişənin həllinə öz töhfəmizi verəcəyik. Serbiya hər iki ölkənin ərazi bütövlüyünü dəstəkləyir".


E. Məmmədyarov Azərbaycanın ikili standartlarla rastlaşdığını təəssüflə vurğulayıb: "Avropa İttifaqı bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir. Lakin bir ölkənin ərazi bütövlüyü tanınırsa və həmin ölkənin ərazisində başqa ölkənin qoşunları varsa, bu, işğaldır. Mən bunu başqa cür adlandıra bilmərəm. Biz tezliklə sülh layihəsi üzərində çalışmalıyıq. Ermənistan öz qoşunların Azərbaycan ərazisindən çıxarmalıdır. Bu, region üçün ən böyük təhlükədir".


E. Məmmədyarov qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün vaxtı və proqramı dəqiqləşdirilir: "Həmsədrlər gələn həftə bölgəyə növbəti səfər edəcək, daha sonra Nyu-Yorkda xarici işlər nazirlərinin görüşü olacaq".