news Image
2014.09.12
07:15
| A A A
Qərb yenə Azərbaycanda sözəbaxan QHT-lər axtarışındadır
Aydın Hüseynov: " Qərb təsisatlarının ölkədəki qeyri-hökumət təşkilatlarını bu tərzdə maliyyələşdirməsi, onların səxavət "göstərməsi" heç də təsadüfi deyil " Fərasət Qurbanov: "Xarici donorlar ölkəmizin qeyri-hökumət təşkilatlarına qrant verərkən, bu zaman ilk növbədə ya iqtisadi, ya da siyasi maraqlar güdürlər"

Bəzi Qərb ölkə təsisatları hələ də Azərbaycandakı müxalifmeylli qeyri-hökumət təşkilatlarına qrant yolu ilə böyük həcmdə maliyyə ayırmaqda kifayət qədər maraqlı tərəf kimi çıxış edir. Aydın məsələdir ki, xarici donorlar yerli QHT-lərə qrantları elə-belə vermir. Bunun müqabilində, onlarla işləyən bu kimi qurumların bəzilərinin heç şübhəsiz həmin donorların müəyyən maraqlarının təminatçısı rolunda çıxış edə bilmələri də tam gözləniləndir. Buna misal olaraq, hazırda həbs edilərək, istintaqı gedən Leyla Yunus və onun təşkilatını göstərmək olar. Hansı ki, onun rəhbərlik etdiyi təşkilat uzun illərdir Azərbaycanın maraqlarına zidd fəaliyyət göstərib.

İndi də xarici donorların Azərbaycandakı müxalifyönlü QHT-lərə böyük həcmdə qrant ayırmaq niyyətləri şübhəsiz ki, hansısa maraqlardan qaynaqlanır.

YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov qeyd etdi ki, xarici donorların ölkəmizə münasibətdə sərgilədiyi bu niyyətləri heç də çox məramlardan xəbər vermir: "Birinci növbədə onu qeyd edim ki, artıq Azərbaycanda maliyyə-bank, ümumiyyətlə, fiksasiya siyasəti yüksək tərzdə qurulub. Bu gün Azərbaycandakı maliyyə prosesinin düzgün şəkildə idarə olunması, yaxşı mənada dövlət tərəfindən nəzarətdə olması inflyasiya və digər neqativ halların qarşısını alan amillər kimi səciyyələndirilə bilər. Ölkəyə daxil olan bütün vəsaitlərin hansı istiqamətə yönəldiləcəyi bilinməlidir, yəni açıq olmalıdır. İkinci bir tərəfdən, Qərb təsisatlarının ölkədəki qeyri-hökumət təşkilatlarını bu tərzdə maliyyələşdirməsi, onların səxavət "göstərməsi" heç də təsadüfi deyil. Eyni zamanda, bəzən bunlar xoş niyyətlərə xidmət etmir. Qərb təsisatları Azərbaycana qayğı göstərmək istəyirsə, ölkəmizdə bir milyondan çox qaçqın var və yaxud elə sahələr var ki, həmin vəsaitləri məhz ora yönəltmək olar. Bunu etmirlərsə, deməli, burada hansısa bir məqsədlərdən, şəxsi maraqlardan söhbət gedir. Çox təəssüf ki, Azərbaycan daxilində də bəzi belə qeyri-hökumət təşkilatları tapılır ki, xaricdən aldıqları maliyyə mənbə və qaynaqları hesabına ölkəmizin dövlətçilik, milli maraqlarına zidd hərəkətlərə yol verirlər. Bəzən onlar özləri də bilmədən Azərbaycanın ərazisini işğal edən erməni diasporunun bu və ya digər formada təbliğatçılarına da çevrilirlər".

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov bildirdi ki, məsələnin qoyuluşu əslində, çox mətləblərdən xəbər verir: "Bununla bağlı yadıma bir məsələ düşür. Hələ 1999-cu ildə QHT-lərin idarə olunması, layihə təkliflərinin hazırlanması ilə bağlı beynəlxalq ekspertlər bizə təlim keçirdi. Həmin zaman xaricilərin Azərbaycan QHT-lərini maliyyələşdirməsi ilə bağlı sualı onlara ünvanladıq. Soruşduq ki, xarici donorlar niyə başqa ölkələrə gedib, həmin dövlətin qeyri-hökumət təşkilatlarına qrant verirlər. Onlar doğrudanmı bu ölkəni çox sevdiyindən bu addımı atır? Dedilər, xeyr. Bu, ilk növbədə donor təşkilatı və yaxud donor ölkəsinin digər dövlətə olan ictimai və siyasi marağından irəli gəlir. Təbii ki, xarici donorlar ölkəmizin qeyri-hökumət təşkilatlarına qrant verərkən, burada ilk növbədə ya iqtisadi, ya da siyasi maraqları olur. O marağın təmin olunması, ictimai fikri formalaşdırmaq, ictimai sektoru müəyyən qədər öz tərəflərinə çəkmək üçün belə qrantlar verilir. Azərbaycan qeyri-hökumət təşkilarları xarici donorların ancaq görünən tərəfini görür. Yəni donor hansı sahə üzrə layihələri maliyyələşdirir, proseduru nədən ibarətdir və ondan qrant almaq üşün hansı keyfiyyətə malik olmalısan. Amma bunun görünməyən tərəflərini yerli QHT-lər təbii ki, görə bilməz. Donorun özünün maliyyəsi hardan formalaşır, Azərbaycanda vətəndaş cəmiyyətinin gücləndirilməsi üçün siyasi tapşırığı hardan alıb, Azərbaycanda icma fəaliyyətinin gücləndirilməsi donorun nəyinə lazımdır, doğrudanmı o bizim vətəndaşları bizdən çox istəyir, bu kimi sualların arxasında çox məqamlar gizlənir. Azərbaycanın bəzi qeyri-hökumət təşkilatları belə məsələlərdə diqqətli olmalıdır. Burada dövlətçilik, milli maraqları hər şeydən üstün tutmalıdırlar. Heç bir donorun verdiyi qrantlara uymamalıdırlar. Doğrudan da donorlar ümumbəşəri məsələlərlə bağlı qrant versələr, bunu təbii qarşılamaq olar. Məsələn, vərəm, QİÇS və digər yolxucu xəstəliklər bütün region üçün təhlükə törədə bilir. Donorlar həmin ümumbəşəri məsələlərə qrant ayırırsa və bu istiqamətdə olan layihələri dəstəkləyirsə, bunlar normal qarşılana bilər. Ətraf mühitə olan təsirləri azaltmaq, insanlarda ekoloji mədəniyyəti yüksəltmək üçün olan layihələrə də dəstək vermələrini başa düşmək olar. Yaxud miqrasiya məsələlərini müəyyən qədər tənzimləmək üçün maliyyələşən layihələri də başa düşmək olar. Amma donorlar gəlib hansısa ölkədə vətəndaş cəmiyyətinin gücləndirilməsi ilə bağlı vəziyyətin yaxşılaşmasına nail olur, yaxud da, bu adla müəyyən digər sahələri dəstəkləyirlərsə, bu niyyət və addımı bir qədər düşünmək, mənbənin hardan qaynaqlandığı və nəyə xidmət etdiyini düzgün qiymətləndirmək lazımdır".

Bu arada xatırladaq ki, Avropa İttifaqının (Aİ) genişlənmə və qonşuluq siyasəti məsələləri üzrə komissarı Ştefan Füle bildirib ki, Aİ Azərbaycan müxalifətinə və vətəndaş cəmiyyəti fəallarına dəstək verməkdə davam etmək üçün 3 milyon avro vəsait ayırmağa qərar verib. Bu vəsaitin ayrılmasının hansı məqsədlərdən irəli gəlməsi və nəyə görə müxalifələrə verilməsi isə xüsusi maraq doğurur.