news Image
2014.09.16
07:51
| A A A
NATO-Rusiya qarşıdurması bu dəfə Qafqazda başlanır
Elxan Mehdiyev: “Belə bir təşəbbüs varsa, bu, Rusiyanın aqresiyyasına tuş gələcək” Vəfa Quluzadə: “Cənubi Qafqaz NATO üçün olduqca əhəmiyyətli ərazidir”

NATO-nun getdikcə daha çox maraq dairəsinə daxil olan Cənubi Qafqazda daha aktiv siyasətə başlması gözlənir. Bu fonda Gürcüstanın müdafiə naziri İrakli Alasaniyanın dediyinə görə, NATO-nun Uelsdəki sammitində qəbul edilmiş qərarlar arasında Tiflisin illərdən bəri can atdığı məqsədlərdən birinin reallaşması ehtimalı var. Bu qərar Gürcüstanda birgə hərbi bazanın yaradılması ilə bağlıdır. İrakli Alasaniya bildirib ki, NATO və Gürcüstan arasında yeni əməkdaşlıq paketi Alyansın demək olar ki, bütün üzv dövlətləri ilə razılaşdırılıb: "NATO həmçinin, müdafiə silahlarının alınması və tədarükü məsələsində Gürcüstana yardım etməyə razılaşıb. Gürcüstanın Müdafiə Nazirliyi və Silahlı Qüvvələri yanında NATO-nun hərbi mütəxəssislərindən ibarət qrup fəaliyyət göstərəcək. Onlar yeni əməkdaşlıq paketi çərçivəsində razılaşmaların icrasını əlaqələndirəcəklər".

Siyasi təhlilçilərin sözlərinə görə, NATO-nun bu addımı Rusiyanın oyun qaydalarını pozmasından irəli gəlir. Ancaq Gürcüstanda birbaşa NATO-nun bazasının olması hələlik real görünmür.

Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev qəzetimizə bildirdi ki, NATO-nun Gürcüstanda hərbi baza yaratması real deyil: "Çünki, Gürcüstan NATO-nun üzvü deyil. Ancaq Gürcüstanın hərbi bazalarının təkmilləşməsinə NATO-ya üzv olan ölkələrin köməyi dəyə bilər. Məsələyə bu aspektdən yanaşmaq lazımdır. NATO-nun bazaları ancaq üzv ölkələrdə ola bilər. Ancaq belə bir təşəbbüs varsa, təbii ki, bu, Rusiyanın aqresiyyasına tuş gələcək. Düzdür, birgə hərbi bazanın yaranması real görünmür. Sadəcə, İrakli Alasaniya daha çox siyasi bəyanat verməyə çalışır. Yalnız NATO-ya üzv ölkələrin təkmilləşdirmə, davamlı treninq keçmələri mümkündür. Bilvasitə NATO-Gürcüstan bazasını olması mümkün deyil".

Digər politoloq Vəfa Quluzadə "Mövqe"yə bildirdi ki, Gürcüstanın müdafiə naziri boş söz danışmaz: "Cənubi Qafqaz NATO üçün olduqca əhəmiyyətli ərazidir. Xüsusi ilə də hazırda Rusiya və ABŞ arasında SSRİ ilə ABŞ arasında olduğu kimi qarşıdurma yaranıb. Bu qarşıdurma uzun çəkəcək. Əgər Rusiya Cənubi Qafqaza təhlükə olmasaydı, NATO-nun Cənubi Qafqazda bazasına ehtiyacı olmazdı. Ancaq Rusiya bura təhlükədir. Azərbaycanın da, Gürcüstanın da ərazilərini Rusiya işğal edib. Azərbaycan ərazisində dondurulmuş münaqişə var. Gürcüstandakı dondurulmuş münaqişəni isə başqa fazaya keçirdiblər. Torpaqları Gürcüstanda alıb, müstəqil dövlət etdilər. Ona görə də Qərbin burada iqtisadi əməkdaşlıq zonasının olması baxımından maraqları var. Amma buna nail olmaq üçün bu regiona əsgəri güvən lazımdır. Qərb də bu güvəni gec-tez yaratmalı idi. Gürcüstanda baza yaradırsa, deməli, artıq qərara gəlib. Bu, əsgəri baza Azərbaycan və Ermənistan da daxil olmaqla bütün regionu əhatə edəcək. Məlumat həqiqətdirsə, olduqca əhəmiyyətli hadisədir. Rusiya bütün oyun qaydalarını pozduğuna görə, bu hadisə mümkün oldu. İkinci Dünya Müharibəsindən sonra Krımın ilhaq olunması ilk hadisədir. Ona görə də artıq NATO Rusiya ilə heç bir razılıqla hesablaşmayacaq. Maraqları nəyi diqtə edirsə, onu edəcək".

Politoloqun sözlərinə görə, NATO-nun bu niyyəti Rusiyanı hərəkətə gətirə bilər: "Ancaq Qərb bu günə qədər çox məsələyə nail olub. SSRİ-ni çökdürdü, Baltik respublikalarını NATO-ya qəbul etdirdi. Yuqoslaviya Rusiyanın mütəffiqi idi. Bu gün Yuqoslaviyanın üzvlərini NATO-ya qəbul etdirdi. Yəni, Rusiya ilə qarşıdurmada Qərb böyük işlər görüb. Səddam Hüseyn, Müəmmar Qəddafi Rusiyanın mütəffiqi idi. Hazırda onlardan əsər-əlamət yoxdur. NATO anidən gəlib, Qafqazla məşğul olmayacaq ki! NATO və ABŞ-da uzunmüddətli strateji plan var. Həmin planda Cənubi Qafqaz da yer alıb. Odur ki, indi Gürcüstanda baza yaradılmağa başlayıb. Gürcüstanı Rusiyadan ayıran ABŞ oldu. ABŞ Azərbaycanın da neft sektorun irəli apardı. 1994-cü ildən təzyiq altında olsaq da, cəsarət edib hücum etmirlər. Sanksiyalar Rusiyanı çökdürür, Qərb isə irəliləyib. Yəni, Qərb sözdə yox, əməldə özünü göstərir. Bir gün Ermənistan ABŞ-ın dəstəyi ilə Rusiyanın bazalarını ordan kənara atacaq. Qarabağ məsələsi də həll olunacaq".