Əlaqə Arxiv
news Image
2014.09.17
09:12
| A A A
Üçüncü Dünya Müharibəsi başlanır…
Elşən Manafov: " Problemlərin yüksələn xəttlə artması, nəticə etibarı ilə ehtimal edilən nüvə müharibəsinin başlanmasına səbəb ola bilər " Fikrət Sadıxov: " Müxtəlif regionlarda, Ukrayna, Yaxın Şərqdə qan tökülürsə, bəlkə də bunları müharibənin başlanğıcı kimi də qiymətləndirmək olar "

Qərblə Rusiya arasında fikir ayrılıqları sakitləşmək əvəzinə, belə görünür getdikcə daha kəskin xarakter almaqda davam edəcək. Yaranmış durumun hətta yeni dünya müharibəsiən yol açacağına dair də çoxsaylı proqnozlar verilməkdədir. Məsələn, məşhur amerikalı politoloq Yuri Felştinski iddia edir ki, dünya müharibəsinə hazırlıq çərçivəsində Rusiya ordusunun gələcək hücum əməliyyatları üçün iki yer yaradır: cənubda Krım, qərbdə isə Şərqi Prussiya. Onun sözlərinə görə, yeni bir dünya müharibəsi qaçılmazdır: "Artıq Rusiya və Ukrayna arasında müharibə gedir. Bu, dünyanın qalan hissəsi üçün müharibə öncəsi dövrdür. Əlbəttə, dünya müharibəsinın qarşısının alınması üçün imkan var. Və belə imkan həmişə var. Tarix boyu xeyli sayda müharibənin qarşısı alınıb. Amma Rusiyanın atdığı addımlar dünyanı böyük müharibəyə aparır. Yalnız Krım və ya Donbas hövzəsindən, habelə yalnız Ukraynadan söhbət getmir. Bütün Avropadan söhbət gedir. Hərbi təlimlər Rusiyanın bütün sərhəd bölgələrində keçirilir. Kuril adalarından Şərqi Prussiyaya, Qara dənizdən Baltik dənizinə qədər. Birtərəfli qayda ilə ikitərəfli hərbi-texniki razılaşmalar ləğv edilir. Məsələn, 5 may 2014-cü il tarixində Ukraynanın şərqindəki toqquşmaların səs-küyü altında rus hökuməti birtərəfli qaydada Litva ilə 2001-ci ildə imzalanmış etibar və təhlükəsizliyin möhkəmləndirilməsi haqqında ikitərəfli razılaşmanı ləğv etdi. Rusiya tərəfi bu razılaşma çərçivəsində Şərqi Prussiyada yerləşdirilən hərbi güclər haqqında Litvanı məlumatlandırmalı və Litva tərəfi ilə hərbi güclərin birgə yoxlanmasını həyata keçirməli idi. Litva razılaşmanın bütün şərtlərinə tərəfdar idi və ləğvi üçün heç bir əsas görmürdü".

Amerikalı politoloq qeyd edir ki, son vaxtlar rus strateji bombardmançıları yenidən NATO ölkələrinin hava sərhədlərini pozmağa və NATO təyyarələrinin arxasına düşməyə başlayıb: "Bu hətta Brejnevin vaxtlarında belə baş vermirdi. Yalnız Ukrayna ilə deyil, bütün dünya ilə müharibəyə hazırlıq gedir. Ukrayna bu müharibənin birinci cəbhəsi oldu"

Lakin politoloq Elşən Manafov yeni dünya müharibəsinin olmayacağı qənaətindədir: "Əslində, güman etmirəm ki, Ukrayna hadisələri Üçüncü Dünya Müharibəsinə gətirib çıxarsın. Bununla bağlı məsələni şərh edən politoloqlar bir qayda olaraq Rusiyanın nüvə dövləti olması amilini qabardırlar. Maraqlıdır ki, bu günlərdə məsələ ilə bağlı açıqlama verən Rusiya prezidenti Vladimir Putin də eymahla ölkəsinin nəhəng nüvə dövləti olduğunu və onunla qarşıdurmaya gedən tərəflərin bu amili mütləq nəzərə almalarını bildirmişdi. Təbii ki, Avropa Birliyinin Rusiyaya tətbiq etdiyi sanksiyalar Moskvanın Ukrayna məsələsində mövqeyinin daha da kəskinləşməsi və nəticə etibarı ilə onun Qərblə münasibətlərində gərginliyin yüksələn xəttlə artmasına səbəb ola bilər. Bu proses artıq getməkdədir. Baş nazir Dmitrii Medvedyev bu günlərdə belə bir açıqlama verdi ki, Avropa Birliyi Rusiya ilə bağlı sanksiyalar tətbiqindən geri çəkilməyəcəksə, bu sanksiyalar fonunda enerji və maliyyə sektorunu hədəfə götürəcəksə, Kreml də öz ərazisindən Qərb dövlətlərinin hava uçuşlarına yasaq qoyacaq. Bu da Rusiyanın özünəməxsus şəkildə Avropa Birliyinə təzyiq imkanlarıdır. Moskva həmçinin, Avropanı qazla şantaj edir. Qarşıdan da qış gəlir. Avropa Birliyi də başa düşür ki, Rusiya ilə münasibətlərin kəskinləşməsi onların enerji əsaslarına ciddi problemlər yaradar. Kreml artıq buna işarə də edib. Başqa bir tərəfdən, ABŞ-dan fərqli olaraq, Avropa Birliyindəki transmilli korporasiyalar Rusiyaya tətbiq olunan sanksiyalardan özləri də itirir. Ona görə güman edirəm ki, bütövlükdə problemlərin yüksələn xəttlə artması nəticə etibarı ilə ehtimal edilən nüvə müharibəsinin başlanmasına səbəb ola bilər. Amma nüvə müharibəsi başlanarsa, Rusiya ilk öncə Şərqi Avropanı, Polşanı hədəfə götürəcək. Bu da Polşanın Rusiya məsələsində xüsusi fəallığı və yaxud Şərqi Avropanın NATO çətiri altına girməsilə əlaqədardır. Bu baxımdan, zənnimcə, hazırda yaranmış münasibətlərin əsas səbəbkarı Qərbdir. Çünki, NATO-nun şərqə doğru genişlənməsi zamanında Rusiya ilə Qərb arasında əldə edilmiş razılaşmaların ikincilər tərəfindən kobud şəkildə pozulması demək idi. Qərb bu cür addımları atırdısa, başa üşməli idi ki, Rusiya nəhəng nüvə və enerji resurslarına malik dövlət kimi hansı həddə qədər geri çəkilə bilər. Rusiyanın isə Ukrayna məsələsində artıq geri çəkilmək üçün yolu yoxdur. Putin bunu gözəl başa düşür, ona görə də Krım məsələsində Qərbi qabaqladı. Bu baxımdan, indiki reallıqlar nəzərə alınarsa, güman edirəm ki, Qərb və Rusiyada sağlam siyasi məntiq qalib gələcək və təbii ki, nüvə müharibəsinin başlanmasına heç bir ehtiyac qalmayacaq".

Politoloq Fikrət Sadıxov da Üçüncü Dünya Müharibəsinin başlanmasını qeyri-real hesab etdi: "Öncə onu qeyd edim ki, Üçüncü Dünya Müharibəsinin başlanması artıq klassik anlayışdan xeyli uzaqdır. Vaxtilə bir neçə dövlət digər qrup dövlətlərə qarşı müharibə aparıb. Birinci və ikinci dünya müharibələrində məhz belə olub. İndilikdə isə, faktiki olaraq Rusiyanı təkləyiblər. Demək olar k, Rusiyanın yaxın müttəfiqləri yoxdur. Düzdür, onun iqtisadi müttəfiqləri çoxdur, Latın Amerikasının bəzi ölkələri, Çin, bəzi Asiya ölkələri və s. Lakin düşünmürəm ki, onlar Rusiyanın tərəfindən kiməsə qarşı müharibəyə qoşulsunlar. Roma papası da elan edib ki, artıq Üçüncü Dünya Müharibəsi başlayıb. Bəlkə də elə bu formada başlamalı idi? Müxtəlif regionlarda, Ukrayna, Yaxın Şərqdə qan tökülürsə, bəlkə də bunları müharibənin başlanğıcı kimi də qiymətləndirmək olar. Çünki, belə bir şəraitdə hansısa bir gücün və onun ətrafında olanların, digər gücə qarşı çıxış etməsi real görünmür. Rusiya təcrid olunmuş vəziyyətdədir. Ona qarşı təzyiqlər edilir və buna da müəyyən əsaslar var. Çünki, Rusiya faktiki olaraq, Ukraynanın ərazi bütövlüyünə zərbə vurub. Ona görə də, Üçüncü Dünya Müharibəsinin başlanması ehtimalı klassik mənada reallıqdan uzaqdır".

Sizin Reklam Yeriniz