Əlaqə Arxiv
news Image
2014.09.18
08:26
| A A A
İŞİD-ə qarşı koalisiyaya Azərbaycan da qoşula bilər
Natiq Miri: “Azərbaycan da antiterror əməliyyatında iştirak edə bilər” İlqar Altay: “İndiyə qədər ABŞ-ın və beynəlxalq təşkilatların terrora qarşı bütün çağırışlarında Azərbaycan öz dəstəyini əsirgəməyib”

Xəbər verildiyi kimi, Fransada keçirilən "İraqda sülh və təhlükəsizlik" adlı beynəlxalq konfransda İraq hökumətinə hərbi yardım göstərilməsi barədə qərar qəbul edilib. 30-a qədər ölkənin iştirak etdiyi konfransda İŞİD terror təşkilatına qarşı mübarizə məqsədilə İraq hökumətinin müvafiq hərbi yardımla təmin olunması barədə razılıq əldə olunub. Ancaq hələlik hərbi yardımın detalları barədə məlumat yoxdur. Eyni zamanda koalisiyaya üzv olacaq dövlətlərin hələ konkret siyahısı bəlli deyil.

Bütün bunlar fonunda Azərbaycanın da terrordan əziyyət çəkmiş ölkə olaraq koalisiyaya üzv olma məsələsi gündəmdədir. Xatırladaq ki, artıq ölkəmizin bu cür praktikası var. Ancaq İŞİD məsələsində hələlik gözləmə mövqeyində durmağımızı təklif edənlər də var.

Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri qəzetimizə bildirdi ki, Azərbaycan da antiterror əməliyyatında iştirak edə bilər: "Bundan əvvəl də belə bir praktika olub. Həm İraq, həm də Əfqanıstanda keçirilən əməliyyatlarda Azərbaycan iştirak etmişdi. Bu gün də o proseslər davam edir. Ancaq indiki şəraitdə Azərbaycan üçün İŞİD terrorunun zərərsizləşdirilməsində o qədər də lüzum yoxdur. Başqa cür dəstək verə bilərik. Müəyyən yüklərin daşınması, təyyarələrin Azərbaycanda yanacaq doldurması kimi tranzit məsələlərdə iştirak etməklə ölkəmiz prosesə öz töhəfsini verə bilər. Ancaq o koalisiyaya qoşulmaqla, müəyyən öhdəlik götürməyə ehtiyac yoxdur. Çünki, İŞİD ilə bağlı hər məsələ hələlik aydın deyil. Gələcəkdə bu proses Azərbaycanın əleyhinə çevrilə bilər. Bildiyimiz kimi, qardaş Türkiyədə də İŞİD əleyhinə birmənalı qərar verilmədi. Artıq Türkiyədə İŞİD-in müəyyən işartıları özünü göstərməkdədir. Gələcəkdə bu proses böyüyə bilər. Ona görə də hələlik Azərbaycan İŞİD-ə qarşı çıxmasa, yaxşıdır. İŞİD-i yaradanların özlərinin İŞİD-i aradan qaldırsalar, bu, daha uyğun olar. Çünki, terror təhlükəsinin qarşısını birmənalı almaq mümkün deyil. Bu gün hətta Azərbaycan vətəndaşları belə radikal qrupların tərkibinə qoşulublar. Bu insanların nə vaxtsa Azərbaycana qayıtması gözlənilir. Hansı ki, həmin insanlar ölüb-öldürməyi seçmiş insanlardır. Onlar artıq cəmiyyət üçün potensial təhlükəyə çevriliblər".

İctimai Tədqiqatlar Mərkəzinin sədri İlqar Altay bildirdi ki, Azərbaycan da terrordan əziyyət çəkən ölkədir: "Azərbaycan müstəqillik əldə etdikdən bu günə qədər terrorizmə qarşı mübarizə aparıb. İndiyə qədər ABŞ-ın və beynəlxalq təşkilatların terrora qarşı bütün çağırışlarında Azərbaycan öz dəstəyini əsirgəməyib. İŞİD-ə qarşı mübarizəyə də dəstək verməsi Azərbaycanın dünyada nüfuzunun, yerinin daha da möhkəmləndirməsini bərqərar edər. Eyni zamanda Azərbaycanın terrora qarşı mübarizə aparmaq niyyətini də növbəti dəfə ortaya qoymuş".

Sizin Reklam Yeriniz