Əlaqə Arxiv
news Image
2014.09.18
15:35
| A A A
Elmar Məmmədyarov: “Həmsədr ölkələr tərəfindən də bəyan edildiyi kimi, mövcud “status-kvo” qəbuledilməzdir”

Xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 18-də Azərbaycanda səfərdə olan Polşa xarici işlər nazirinin müavini Tomaş Orlovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin mövcud inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

 

T. Orlovski Polşa tərəfindən Azərbaycanın Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizliyin təmin olunmasında rolunun yüksək qiymətləndirildiyini qeyd edib. O, beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün NATO əməliyyatlarına verdiyi töhfələrinə görə də Azərbaycana təşəkkürünü ifadə edib.

 

E. Məmmədyarov Azərbaycanın də enerji və infrastruktur layihələri və qarşılıqlı faydalı əməkdaşlıq şəbəkəsi vasitəsilə region və onun hüdudlarından kənarda sabitliyə töhfə verdiyini deyərək, 20 sentyabr tarixində "Əsrin müqaviləsi"nin iyirmi illiyinin qeyd olunacağını və bu çərçivədə Bakıda Cənub Qaz dəhlizinin genişləndirilməsi və Trans-Anadolu layihəsinin təməl qoyma mərasiminin keçiriləcəyini bildirib.

 

Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin region üçün əsas təhlükə mənbəyi olduğunu qeyd edərək, ATƏT Minsk qrupunun həmsədr ölkələri tərəfindən müxtəlif səviyyələrdə bəyan edildiyi kimi, mövcud "status-kvo"nun qəbuledilməzliyini vurğulayıb. E. Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb.

 

Avropa İttifaqı (Aİ) ilə əlaqələrə dair aparılan müzakirələr əsnasında Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlığın dövlətlərin imkanları və fərqli maraqları nəzərə alınaraq, inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

 

E. Məmmədyarov Azərbaycanın Aİ ilə enerji sahəsində strateji tərəfdaşlığa malik olduğunu qeyd edərək, ölkəmizin digər sahələrdə də Aİ ilə strateji tərəfdaşlıq münasibətləri qurmaq niyyətini ifadə edib.

 

Görüşdə regional proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Sizin Reklam Yeriniz