Əlaqə Arxiv
news Image
2014.09.20
08:29
| A A A
Rusiya Azərbaycana ən müasir silahlarını satmaq istəyir
Asim Mollazadə: " Azərbaycan həm Rusiyadan, həm də digər ölkələrdən ən müasir texnika və silah ala bilər və alır da "

Rusiya İctimai Palatasının İctimai diplomatiyanın və xaricdəki həmvətənlərə dəstək komissiyasının üzvü Sergey Markov bildirib ki, ölkəsi Azərbaycanla hərbi-texniki əməkdaşlığı genişləndirməyə, o cümlədən, ən yeni silah sistemlərini satmağa hazırdır. Azərbaycan onları həm strateji tərəfdaş, həm də dost ölkə kimi alır.

Bilindiyi kimi, Azərbaycan özünün hərbi texnika və silaha ehtiyacının bir hissəsini daxili imkanlar hesabına ödəyir. Bundan başqa, ölkəmiz bu sahədə Rusiya, Ukrayna, Türkiyə, İsrail, Pakistan və digər ölkələrlə də əməkdaşlıq edir. Azərbaycan son illər müqavilə əsasında Rusiyadan silah və hərbi texnika alır. Görülən işlər də ondan xəbər verir ki, Azərbaycan Ordusunun arsenalı daim yeni və müasir hərbi texnika ilə zənginləşdirilir. Rusiya nümayəndəsinin açıqlamasından isə belə çıxır ki, bu ölkə Azərbaycana yeni silah sistemləri satmaqda maraqlıdır.

Bu fonda Azərbaycan Rusiyadan ən müasir silahları, məsələn, "İskəndər M" raketlərini ala bilərmi?

Hərbçi ekspert Üzeyir Cəfərov bu məsələyə müsbət baxdı: "Bir neçə gün bundan öncə Bakıda Müdafiə Sənayesi Sərgisi təşkil olundu. Bu sərgidə ev yiyəsi kimi Azərbaycanın öz hərbi-sənaye kompleksi məhsullarını nümayiş etdirmək üçün daha çox imkanlara malik idi. Burada Rusiyanın "Rosoboroneksport"un nümayəndələri də iştirak etdi. Habelə, Türkiyə, İsrail və digər ölkələrdən də sərgiyə gələnlər vardı. Hazırda Azərbaycana hərbi, hərbi-texniki əməkdaşlıqla bağlı olaraq çoxsaylı dövlətlər maraq göstərir. Rusiya da Azərbaycana daha çox silah-sursat satmaqda, ölkəmizin ordusunu öz istehsalı olan məhsullarla zənginləşdirməkdə maraqlıdır. Bir sözlə, Moskva həmişə bu işdə maraqlı olub və zaman-zaman bu istiqamətdə müəyyən işlər görülüb. Rusiya Müdafiə Sənayesi, o cümlədən güc strukturlarının nümayəndələrinin Azərbaycana və əksinə səfərləri son zamanlar daha tez-tez olur. Bu yaxınlarda da belə bir məlumat çatdırıldı lki, Rusiyanın "Rosoboroneksport" şirkəti Azərbaycana 100 ədəd T-90F tankının çatdırılması prosesini 2015-ci ilin əvvəlində yekunlaşdıracaq. Bu proses gedir. İki ölkənin hərbi texniki əməkdaşlığı istiqaməti üzrə ümumiyyətlə, bir çox müqavilələr var və onun davamı da gəlir. Tərəflər maraqlandığı sahələr, o cümlədən hərbi texnikalar, helikopterlər, onların təmiri və Azərbaycana satılması ilə bağlı çoxlu müzakirələr aparır. İndi birdən-birə Rusiya istehsalı olan məhsullardan imtina edə bilmərik. Çünki, 2010-cu ildə Azərbaycan Rusiya ilə böyük bir saziş imzalayıb. Burada göstərilir ki, Azərbaycan Rusiyadan silah və hərbi texnika alacaq və bu proses 2017-ci ilə qədər davam edəcək. Bir qonşu kimi Rusiya özünün hərbi sənaye kompleksini təklif edəndə uyğun şərtlər daxilində onu alırıq. Son illər ölkəmiz həmçinin, İsraildən 4 milyard dollarlıq hərbi-texniki avadanlıq alıb. Bu sırada Türkiyə də mühüm yer tutur. Ona görə də Rusiyanın təklifi fonunda Azərbaycan rahat şəkildə özünə sərf edən texnikanı alır və bu proses davamlı olaraq həyata keçirilir. Bu proses alınan avadanlığın ölkəmizin müdafiə və təhlükəsizliyinin ən yüksək səviyyədə təmin edilməsi anına qədər davam edəcək".

Millət vəkili Asim Mollazadə də bu məsələdə problem görmədiyini diqqətə çatdırdı: "Azərbaycan bütün sahələr üzrə Ermənistanı çıxmaq şərtilə dünyanın istənilən ölkəsi, o cümlədən Rusiya ilə əməkdaşlığa hazırdır. Azərbaycan Silahlı Qüvvələrini müasir silahlarla təmin etmək üçün imkan olan hər bir yerdən onu alaraq, ölkə ordusunu regionun müasir, ən güclü ordusuna çevirir. Ona görə də, bu sahədə Rusiya əməkdaşlıqda hansısa bir problem görmürəm. Azərbaycan həm Rusiyadan, həm də digər ölkələrdən ən müasir texnika və silah ala bilər və alır da. Azərbaycan özü də hərbi sənaye kompleksi yaradaraq, yerli silah istehsalını dünya miqyasına çıxarır. Onun üçün də Rusiya Azərbaycana müasir silahlar verməyə hazırdırsa, buna müsbət baxırıq".

Sizin Reklam Yeriniz