news Image
2014.09.24
07:49
| A A A
Azərbaycan və Türkiyə şahinlərindən düşmənə sərt mesaj
"Hərbi hava qüvvələrinin birgə təlimləri Azərbaycanı istəməyən, ona xor baxan ermənilərə, onların havadarlarına böyük bir mesajdır" "Qarşılıqlı təcrübə mübadiləsi gənc Azərbaycan Ordusu üçün çox mühümdür"

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri hələ davam etməkdədir. Müdafiə Nazirliyindən verilən xəbərdə deyilir ki, təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanları yerinə yetirilib.

Qeyd edək ki, aviasiya vasitələrinin iştirakı ilə keçirilən birgə təlimlərin növbəti mərhələsi sentyabrın 22-dən başlayıb və oktyabrın 3-dək davam edəcək. İki qardaş ölkə arasında ilk təlimlər isə sentyabrın 13-20 arasında keçirildi.

Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitələri, o cümlədən, MiQ-29, F-16 qırıcı, Su-25 hücum və C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-24, AH-1W Super Cobra döyüş və Mi-17, Sikorski UH-60 döyüş-nəqliyyat helikopterləri iştirak edir. Buradan belə görünür ki, tərəflər hərbi aviasiya sahəsində də əməkdaşlığı gücləndirirlər.

Maraqlıdır, bu proses nədən qaynaqlanır və təhlükələrə qarşı birgə mübarizə istiqamətində nə vəd edir?

Hərbçi-ekspert Üzeyir Cəfərov vurğuladı ki, Türkiyə və Azərbaycanın hərbi qüvvələri, o cümlədən, hərbi aviasiyaları arasında birgə təlimlərin keçirilməsi düşündüyümüzdən də dərin məna kəsb edir: "Bu təlimlərin siyasi və hərbi anlamı həddindən artıq böyük və dərindir. Zamanı keçəndən sonra tədricən bəzi məsələlərə aydınlıq gətiriləcək. Ona görə də, iki qardaş ölkə arasında keçirilən bu təlimlərə adi təlim kimi baxmaq düzgün olmazdı. Hər halda hesab edirəm ki, bu hamımızın çoxdan arzuladığı birgə təlimlərdir. Türkiyə Silahlı Qüvvələrinin ən müasir hərbi təyyarələri Azərbaycan məkanında, zabitlərimizlə bərabər qarşıya qoyulan vəzifələri yerinə yetirirlər. Bunun özü Azərbaycanı istəməyən, ona xor baxan ermənilərə, onların havadarları və digərlərinə böyük bir mesajdır. 1918-ci ildə olduğu kimi Türkiyə Silahlı Qüvvələri yenə də Azərbaycanın yanındadır. Bundan sonra ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsi baxımından da qardaş ölkə şahinləri yanımızda olacaqlar. Sonuncu dəfə 2001-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrinin şahinləri Azərbaycanda olmuşdu. O zaman onlar Bakı səmasında nümunəvi çıxışlar həyata keçirdilər. İndi isə birgə hərbi təlimlərdə iştirak edirlər. Türkiyəli pilotlar azərbaycanlı həmkarları ilə bir yerdə Miq-29 qırıcısı, Türkiyə Silahlı Qüvvələrinin arsenalındakı F-16, "S-130 Herkules" hərbi nəqliyyat təyyarəsi, AH1W kobra və "M17 Sikorski" nəqliyyat vertolyotlarında bir yerdə təlimlərdə iştirak edirlər. Qeyd edim ki, əvvəlcə təlimlər sentyabrın 13-20 arası üçün nəzərdə tutulmuşdu. Amma sentyabrın 22-dən hərbi təyyarələrlə bağlı başlanan birgə təlimlər oktyabrın 3-dək davam edəcək. Bu tendensiya nədən xəbər verə bilər? Türkiyə NATO-nun sayılıb-seçilən ordularından birinə sahibdir. Bu mənada Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanın yanında olması o anlama gəlir ki, tezliklə Qarabağ məsələsində bir dönüş olmalı, torpaqlarımızın azad olunması istiqamətində praktiki addımlar atılmalıdır. Bir sözlə, hərbi təyyarələrin iştirakı ilə keçirilən birgə təlimlərin dərin mənası vardır. Bir müddətdən sonra burada baş verən proseslərin dərin mənasının nədən ibarət olduğunu yəqin ki, eşidəcəyik. Bu təlimlərin bir sıra açılmayan nüansları var ki, onlar da uzun illərdən sonra təhlilçilər tərəfindən cəmiyyətə açıqlanacaq. Regionda baş verən hadisələr, dünyada baş verən münaqişələr fonunda Türkiyə hərbi hava qüvvələrinin Azərbaycan Silahlı Qüvvələri ilə bir yerdə uzunmüddətli təlimlər həyata keçirməsi heç də sıradan adi bir hadisə deyil. Məsələyə geniş yanaşmaq lazımdır. Bildiyim qədər ilin sonuna qədər Türkiyə, Azərbaycan və Gürcüstan arasında da belə bir hərbi təlimlər keçiriləcək. 2014-2015-ci illər üçün bu istiqamətdə konkret proqramlar mövcuddur. Ona görə də, belə başa düşürəm ki, hərbi aviasiyanın iştirakı ilə keçirilən təlimlər də gözəl effekti olacaq bir təlimlərdir".

Millət vəkili Asim Mollazadə qardaş ölkələrin hava qüvvələri arasında qarşılıqlı təcrübə mübadiləsinin Azərbaycan ordusu üçün çox mühüm olduğunu qeyd etdi: "Azərbaycan Türkiyə münasibətləri çox yüksək səviyyədə inkişaf edir. Təhlükəsizlik, enerji, mədəniyyət, təhsil sahəsində geniş əməkdaşlıq qurulub. Yəni artıq elə bir sahə yoxdur ki, orada bir millətin iki dövlətinin strateji əməkdaşlığı olmasın. Azərbaycan hava qüvvələri ilə Türkiyə şahinlərinin birgə təlimlərini də yüksək qiymətləndirirəm. Zənnimcə, bu sahədə əməkdaşlıq daha da artmalıdır. Qarşılıqlı təcrübə mübadiləsi gənc Azərbaycan Ordusu üçün çox mühümdür".