news Image
2014.09.26
07:59
| A A A
Xəzərin statusunun qeyri-müəyyənliyindən faydalanan cinayətkarlar
Zahid Oruc: "Dənizin statusunun müəyyənləşməsi burada cinayətkarlığa qarşı mübarizənin daha effektli aparılmasına öz təsirini göstərəcək" Fərəc Quliyev: "Xəzəryanı ölkələrin narkobiznesə, terrora, qaşaqmalçılığa qarşı mübarizə kimi məsələlər ətrafında bir-birilə müqavilələri var"

Qazaxıstandan olan ekspert Miras Daulenov belə bir iddia ilə çıxış edib ki, Xəzərin statusunun müəyyən olunmaması burada narkotrafik və digər cinayətkarlığa qarşı səmərəli mübarizə aparmağa imkan vermir. Qeyd edək ki, adətən cinayətkarlar öz əməllərini müəyyən boşluqların, prosesi nizamlayan qanunların və nəzarətin olmadığı ərazilərdə daha asanlıqla həyata keçirirlər. Bu mənada Xəzərin statusunun müəyyən olunması həm də regionda cinayətkar ünsürlərə qarşı mübarizənin daha effektiv alınmasına imkan verə bilər.

Millət vəkili Zahid Oruc qeyd etdi ki, dənizin statusunun müəyyənləşməsi, burada cərəyan edən bütün, o cümlədən cinayətkarlığa qarşı mübarizə prosesinə də öz müsbət təsirini göstərəcək: "Xəzərin statusunun müəyyənləşməsində maraqlı olan ilk dövlət Azərbaycandır. Bu dənizin statusunun müəyyənləşməsində ilk təşəbbüs və siyasi iradə məhz ölkəmizin ümummilli lideri Heydər Əliyev tərəfindən hələ o zamanlar, məsələ ətrafında dəqiq baxışlar olmayan dövrdə, edilmişdi. Heydər Əliyev bununla da Xəzər regionunun konflikt və müharibələr deyil, sülh və əməkdaşlıq zonası kimi gördüyünü ifadə etdi. Hesab edirəm ki, sonradan üç Xəzəryanı dövlətin bu prosesə qoşulması da hər halda kompromisin tapılmasına imkan açdı və azı Rusiya, Qazaxıstan, Azərbaycan aparıcı rolla önə çıxsınıar. Türkmənistanla İranın məsələyə fərqli yanaşması, müxtəlif yataqlara və onun bioloji ehtiyatlarına qarşı münasibəti də sona qədər müxtəlif sərt danışıqların predmeti oldu. Statusun müəyyən olunmaması, o cümlədən, burada nəzarət tədbirlərinin mükəmməl həyata keçirilməsinə də bu və ya digər formada mənfi təsir göstərdi.


Mütəşəkkil cinayətkarlıq, silah qaçaqmalçılığı, narkotik maddələrin Xəzər üzərindən daşınmasının nə dərəcədə həyata keçilirdiyini bilmək üçün konkret məlumatlara malik olmaq lazımdır. Ancaq hesab edirəm ki, Həştərxanda keçriləcək qarşıdakı zirvə görüşü ona yönəlməlidir ki, Xəzər ətrafında tam konsensus tapılmalı, onun statusu müəyyənləşməli və dövlətləri razı salan model işlənib hazırlanmalıdır. Bundan sonra artıq onun hərbi tərəfi də böyük önəm daşıyacaq. Bilirsiniz ki, orada müxtəlif hərbi donanmalar yerləşdirilir. Hər bir dəniz donanmasının kvotası, onun bütövlükdə təhlükəsizlik həyatına bu və ya digər formada təsirini göstərmiş olur. Bir müddət öncə Rusiya orada hərbi əməliyyatlara başlayanda, dərhal bu müxtəlif beynəlxalq dairələrdə ciddi qıcıq və narahatlıqla qarşılandı. Ona görə də, hesab edirəm ki, baxışlar burada bir mühüm məqamda birləşir. O da ondan ibarətdir ki, həqiqətən də status ətrafında illərlə danışıqları davam etdirmək ənənəsinə son qoyulmalı, bu ətrafda ortaq məxrəc tapılmalı və beləliklə, Xəzər hamının sülh dənizi kimi istifadə olunmalı, onun ehtiyatlarından xalqlar bəhrələnməlidir. Aydındır ki, dənizin statusunun müəyyənləşməsi burada cinayətkarlığa qarşı mübarizənin daha effektli aparılmasına da öz təsirini göstərəcək. Bu həm də vəzifə bölgüsünə gətirib çıxaracaq, eyni zamanda, hər bir ölkənin məsuluyyət tədbirləri sıxlaşacaq və bu da avtomatik olaraq, Xəzər üzərindən hər hansı qeyri-qanuni əməliyyatların qarşısını kəsmiş olacaq".

Millət vəkili Fərəc Quliyev qazaxıstanlı ekspertin yuxarıda səsləndirdiyi həmin fikirlərlə razı olmadığını söylədi: "Hesab edirəm ki, son zamanlar Qazaxıstan özünə qarşı Rusiya tərəfindən olan təpkilər, xüsusən də Gömrük İttifaqı məsələsində Astana ilə Moskva arasında bəzi məsələlərin üst-üstə düşməməsi, konkret olaraq Ermənistanın quruma dəvət olunmasında onlar arasındakı fikir ayrılığı, bu tipli məsələlərin ortaya çıxması, habelə Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların artıq Qazaxıstana da təsirini nəzərə alsaq, vəziyyət o yerdədir ki, bu ölkə birmənalı şəkildə Kremlin dediklərini demək məcburiyyətində qalıb. Çünki, sadaladığım məsələlər təhdid xarakterlidir. Bundan da əlavə bəzi rusiyalı siyasətçilər və politoloqlar tərəfindən həmin istiqamətdə açıq çağırışlar da səsləndi. Onlar, hətta prezident Vladimir Putin özü də Qazaxıstanda Nursultan Nazarbayevə qədər dövlətin ümumiyyətlə, olmadığını ifadə etmişdilər. Belədə bu ölkəyə ərazi iddiaları etməyə başladılar. Ona görə Qazaxıstan bəzi məsələlərdə Rusiyanın dediyini məcburən demək vəziyyətindədir. Yoxsa, Qazaxıstanın özünün bu məsələlərlə bağlı olaraq problemi yoxdur. Xəzərin statusu ilə bağlı olaraq, artıq de-fakto müəyyən anlaşma və razılaşmalar vardır. Artıq Xəzərdə karbohidrogen ehtiyatlarının istehsalı ilə bağlı olaraq, bölgülər bilinir. Xəzərdə elə yerlər də var ki, orada artıq bunun əhəmiyyəti qalmır. Ona görə ki, bu yollar ümumi xidmətdə olur. İkincisi, Xəzəryanı ölkələrin narkobiznes, terrora, qaşaqmalçılığa qarşı mübarizə kimi məsələlər ətrafında bir-birilə müqavilələri vardır və istənilən əməliyyatı həyata keçirmək imkanlarına malikdirlər. Üstəlik, İnterpol vasitəsilə də əməkdaşlıq mövcuddur. Bu istiqamətdə səyləri birləşdirmək mümkündür. Ona görə də, hesab etmirəm ki, bu gün Xəzərin statusu ilə bağlı olaraq ortaya atılan məsələ, məhz deyilən söhbətlərə hesablanıb. Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsilə bağlı olaraq bu yaxınlarda müqavilə imzalandı. Bu məsələdən də demək olar Rusiya şoka düşdü. Ümumiyyətlə, bütün dünya bunun tez və rahatlıqla həll olunacağını gözləmirdi. Azərbaycan Prezidenti də bu konsorsiumda təmsil olunan dövlətləri "bizim komanda" deyə adlandırdı və bir komanda olaraq burada ortaq layihə həyata keçirməyə başladılar. Bu məsələdə Rusiya və onun tərəfdarları təbii ki, qıcıqlanır. Onlar özləri demək istədiklərini belə məqamlarda, təzyiq altında saxladıqları bəzi ölkələrə, o cümlədən Qazaxıstana dedizdirir. Hesab edirəm ki, qazaxıstanlı ekspertin söylədiyi həmin məsələnin kökündə məhz bu amil dayanır".