news Image
2012.07.17
06:30
| A A A
Türkmənistanı Azərbaycana qarşı qaldıran üçüncü qüvvə
Rövşən İbrahimov: “Türkmənistan İran və Rusiya ilə münasibətləri pozmaq istəmədiyi üçün bu gərginliyi yaradır” Elman Nəsirli: “Türkmənistanın mövqeyində istər Xəzərin statusu ilə, istərsə də “Kəpəz” yatağı ilə bağlı olan məsələlərdə Niyazov dövrünə qayıdışın səbəblərini axtararkən Rusiyanın müəyyən siyasi dairələrini

Artıq uzun müddətdir ki, rəsmi Aşqabadla Bakı arasında "Kəpəz" yatağının bölüşdürülməsi məsələsi aktualdır. Demək olar ki, zaman keçdikcə məsələnin həll olunmaması iki ölkə arasında münasibətlərin müəyyən məqamlarda gərgin həddə yüksəlməsinə gətirib çıxarır. Necə ki, son günlərdə bu hal müşahidə olunur. Xatırladaq ki, sözügedən yataq azərbaycanlı neftçilər tərəfindən aşkar edilsə də, türkmən qonşularımız bu yataqda onların da payı olduqlarını iddia edirlər. Siyasi ekspertlər isə hesab edirlər ki, Türkmənistan bu məsələdə qarşıdurmanı müəyyən üçüncü qüvvənin təhriki ilə yaradır.

Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri, beynəlxalq münasibətlər üzrə fəlsəfə doktoru, dosent Rövşən İbrahimov da hesab edir ki, Türkmənistanın bu məsələdə təhrik edilməsi doğru məlumatdır: "Çünki əsas etibarı ilə Türkmənistanın zaman-zaman "Kəpəz" yatağı barəsində məsələləri gərginləşdirməsi birbaşa ona təsir edən xarici amillərlə əlaqələndirilir. Ümumiyyətlə, bunlara nəzəri cəhətdən baxsaq, hal-hazırda Türkmənistanın həmin yatağı işlətməsi üçün heç bir imkanları yoxdur. Türkmənistan texniki cəhətdən buna hazır deyil. Çünki, Xəzər dənizində neft kəşfiyyatı aparılması üçün onlara lazım olan bütün texniki avadanlıqlar ancaq Azərbaycana məxsusdur. Odur ki, Azərbaycan da məntiqli olaraq bunları onlara təqdim etməyəcək. İkincisi, Türkmənistanda istehsal olunacaq neftin bazarlara çıxışı üçün lazım olan infrastruktur yoxdur".

Analitik onu da bildirdi ki, Türkmənistan son zamanlar Avropa İttifaqı ilə "Transxəzər" qaz kəmərinin inşası barəsində danışıqlar aparır: "Bunun nəticəsində də iki müqaviləyə imza atıb. Ona görə də müəyyən öhdəlikləri həyata keçirməlidir. Fəqət birincisi, Azərbaycan həmin "Transxəzər" qaz kəmərinin iştirakında indiyə qədər iştirak etmir. Bu kəmər isə Türkmənistan və Azərbaycan olmaqla iki sahillidir. Eyni zamanda həmin kəmərə ciddi bir narazılıq və etiraz edən iki region ölkəsi var. Bunlar Rusiya və İrandır. Türkmənistan da həmin bu iki ölkə ilə münasibətləri pozmaq istəmədiyi üçün və Avropa İttifaqı ilə imzaladığı müqavilənin öhdəliyini üzərindən atması məqsədi ilə bu gərginliyi yaradır. Burada Türkmənistan Rusiyanın və İranın reaksiyasını nəzərə alaraq belə edir".

Rövşən İbrahimov Azərbaycanın ümumiyyətlə bu layihədə iştirak etmədiyini vurğuladı: "Ona görə də Azərbaycanın "Transxəzər" məsələsi ilə bağlı İran və yaxud Rusiya ilə nəsə problemi yoxdur. "Kəpəz"ə gəlincə, Azərbaycan öz addımlarını atıb. Birincisi, Türkmənistana nota verildi. İkincisi də, bizim hərbi donanmamız həmin regiona yerləşdirildi. Mümkün ola biləcək kəşfiyyat işlərinin qarşısını aldı. Odur ki, kəşfiyyat xarakterli olan tədqiqatların uzunmüddətli nəticəsi yoxdur".

Digər siyasi-ekspert Elman Nəsirli isə hələ eks-prezident Saparmurat Niyazovun dövründə Azərbaycan-Türkmənistan ikitərəfli münasibətlərinin xeyli gərgin olduğunu bildirir: "Hətta o vaxtlar Türkmənistan öz səfirini geri çağırdı. Azərbaycan da analoji addımı atmağa məcbur oldu. Yəni, səfirliklər səviyyəsində əlaqələr məhdudlaşdı. Hətta Türkmənistan tərəfi o zaman Xəzərdə hərbiləşmə kursu da seçdi. Bunların hamısı bir daha təsdiqləyir ki, Xəzərin statusu ilə bağlı məsələlərdə ciddi fikir ayrılığı var idi. Xususi ilə də Türkmənistan tərəfi bizim "Kəpəz" yatağına qarşı iddialarla çıxış edirdi. Türkmənistan hesab edirdi ki, bu yataq məhz ona məxsusdur. Azərbaycan tərəfi də fərqli mövqedə idi. Ona görə də belə centilmen sayağı saziş əldə edildi ki, nə qədər ki, bu məsələ dəqiqləşməyib, həmin mübahisəli sahədə işlər görülməsi qeyri-müəyyən vaxta qədər saxlanılsın. Türkmənistanın sonrakı prezidenti Qurbanqulı Bərdiməhəmmədovun da fəaliyyəti dövründə münasibətlərdə istiləşmə tendensiyası özünü göstərdi. Hətta "Transxəzər" layihəsinin reallaşması məsələsində Türkmənistan və Azərbaycan ortaq mövqedən çıxış etməyə başladılar. Yəni, qeyd etdilər ki, heç bir Xəzəryanı dövlət bu məsələyə qarışa bilməz. "Transxəzər"də hər iki dövlət başqalarının ərazisinə daxil olmadan öz sektorunda kəmərin çəkilişini həyata keçirir. Bu dərəcədə ortaq mövqedən çıxış etmə var idi. Amma maraqlıdır ki, birdən-birə Türkmənistanın mövqeyində dəyişiklik görünməyə başlayıb. Onu da qeyd etmək lazımdır ki, ümumiyyətlə, böyük siyasətdə birdən-birə heç nə baş vermir. Deməli, Türkmənistanın bu mövqeyində baş verən dəyişiklik konkret məqsədyönlüdür. Burada təbii ki, müəyyən qüvvələrin təsirini və etimalını nəzərdən qaçırmaq olmaz. Türkmənistanın bu məsələni yenidən qabartması ona dəlalət edir ki, artıq bu prosesdə müəyyən xarici qüvvələr fəallaşıblar. Xüsusi ilə də Azərbaycanın "TransAnadolu" layihəsini həyata keçirməsi, Azərbaycan qazının Avropaya çıxarılması məsələləri və "West-Nabucco" layihəsinin reallaşdırılması ilə bağlı məsələlərin hamısı Türkmənistanın özündə də müəyyən mənada natarazlıq yaradıb. Çünki artıq söhbət "Transxəzər" layihəsindən getmir. Burada söhbət birbaşa Azərbaycan qazının Avropaya çıxarılmasından gedir".

Politoloq eyni zamanda burada Rusiya faktorunu da qeyd edir: "Rusiya şübhəsiz ki, Azərbaycan qazının bütövlükdə alıcısı olmaq istəyirdi. Azərbaycan qazının artıq "TransAnadolu" xətti ilə reallaşacağı, neft ixracatının 50 milyard kubmetrə çatdırılması məsələləri öz həllini tapması Rusiyanın müəyyən siyasi dairələrində narazılıqla qarşılanıb. İndiki halda Türkmənistanın mövqeyində istər Xəzərin statusu ilə, istərsə də "Kəpəz" yatağı ilə bağlı olan məsələlərdə Niyazov dövrünə qayıdışın səbəblərini axtararkən Rusiyanın müəyyən siyasi dairələrinin adını qeyd etmək olar. Onlar Türkmənistanın indiki radikal mövqeyinin formalaşmasında müəyyən rol oynayırlar. Əks təqdirdə Türkmənistanın son mövqeyinə qədərki yanaşmalarını xronoloji olaraq izləsək, rəsmi Aşqabadın həm Xəzərin statusu, həm də "Kəpəz" yatağı ilə məsələlərdə Bakıya olan münasibəti radikal deyildi. Ortaq məxrəcə gəlmələr, ortaq yanaşmalar tendensiyaları daha geniş idi. İndi isə fərqli kursun şahidi oluruq. Odur ki, Rusiyanın müəyyən hərbi-siyasi dairələrinin bu prosesdə iştirakı istisna deyil".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs