Əlaqə Arxiv
news Image
2014.09.30
08:32
| A A A
Ermənistanda iqtidar devrilir
Hatəm Cabbarlı: “Bütün hallarda nümayişlərə ABŞ və Avropanın müəyyən siyasi dəstəyi ola bilər” Rasim Ağayev: “Əgər Serj Sarkisyan Aİİ sənədlərinə imza atarsa, vaxtı ilə Ermənistan parlamentindəki güllələnmə hadisəsinə oxşar hadisələr təkrar oluna bilər”

Ermənistanın Avrasiya İttifaqına daxil olacağı gün yaxınlaşdıqca ölkədə sosial-siyasi narahatlıqlar da artmaqda, vəziyyət daha gərgin xarakter almaqdadır. Bu, özünü daha çox kütləvi etiraz aksiyalarının keçirilməsində də göstərir. Belə ki, Ermənistan parlamentində təmsil olunan üç müxalifət partiyası – "Çiçəklənən Ermənistan", Erməni Milli Konqresi və "İrs" artıq etiraz aksiylarına start verib. Onların təşkil etdiyi mitinqlər Abovyan şəhərinin mərkəzi meydanında baş tutub. Ölkənin digər bölgələrindən mitinqlərə qatılmaq üçün avtobuslar pulsuz xidmət göstərib. Müxalifət Ermənistan prezidenti Serj Sarkisyanın dərhal istefa verməsini vacib sayır və məqsədlərinə çatmaq üçün daha geniş aksiyaların təşkil olunacağını bildirir. Artıq müxaliflər ölkənin Gömrük İttifaqına qoşulacağı günə mitinq təyin edib. Bu fonda İrəvanda anti-Rusiya mitinqlərinin təşkil olunması adi hala çevrilib. Məlumatlara görə, müxalifətə bəzi Qərb dairələri də maliyyə və digər yardımlar edir. Məqsəd Ermənistanda hakimiyyət dəyişiklyini həyata keçirməkdir. Ölkədə ağır sosial-iqtisadi durum isə müxaliftəin özünə daha böyük tərəfdar toplamasına səbəb olub. Bu mənada keçrilən aksiyalar fonunda Ermənistanda hakimiyyət dəyişikliyinin olması istisnalıq təşkil etmir. Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı bildirdi ki, Ermənistan üçün bu gün xarici siyasətdə əhəmiyyətli olan məsələ Gömrük İttifaqına (Gİ) və Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olmaqdır: "Ermənistanın Aİİ-yə üzv olması siyasi məntiqə ziddir. Belə ki, Ermənistanın Rusiya və Aİİ-yə üzv olan digər dövlətlərlə quru sərhəddi yoxdur. Aİİ-yə üzv olan dövlətlər arasında bu günə qədər belə bir nümunə yoxdur. Ümumiyyətlə, praktikada quru sərhədləri olmayan dövlətlərin bir-biri ilə gömrük imzalamasında problemlərin yaşanması müşahidə edilir. Ermənistan Aİİ-yə üzv olacağı təqdirdə, iqtisadiyyatı inkişaf etməyəcək. Çünki, daha ucuz istehlak mallarının ölkəyə gətirilməsi Ermənistanda onsuz da zəif olan istehsala böyük zərbə vura bilər. Bu ərəfədə də Ermənistanda mitinqlərin təşkil edilməsi Aİİ-nə üzv olmaqla bağlı ictimai rəyin hökumətlə eyni olmadığını göstərir".

Politoloq qeyd etdi ki, Ermənistanda keçirilən mitinqləri iki aspektdən nəzərdən keçirmək lazımdır: "İlk növbədə Rusiyadan müxtəlif güzəştlərin qopardılması və ictimai rəyin Rusiya tərəfində olmadığın göstərməsi baxımından həmin mitinqləri hökumətin özü təşkil edə bilər. Digəri də Ermənistanda müəyyən siyasi qüvvələrin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olmasına qarşı çıxdığının göstəricisidir. Bütün hallarda nümayişlərə ABŞ və Avropanın müəyyən siyasi dəstəyi ola bilər. Amma keçirilən mitinqlərin Ermənistanda hakimiyyət dəyişikliyinə gətirəcəyi inandırıcı deyil. Nümayişlərə çıxanların sayının azlığı, həm də Ermənistan müxalifətindəki parçalanma mitinqlərin ciddi nəticə verməyəcəyi haqqında fikir formalaşdırır. Bundan başqa, hər nə qədər Ermənistan daxili siyasətdə müəyyən problemlər yaşasa da, hökumət hələlik ölkə daxilində nəzarəti əlində saxlaya bilir. Bu baxımdan son günlər orada yaşanan hadisələr ölkə daxilində və ya Rusiya siyasətində ciddi dəyişiklik yaratmayacaq".

Digər politoloq Rasim Ağayev hesab edir ki, Ermənistan hakimiyyəti bilərəkdən Aİİ-nə üzv olmaq prosesini uzatmaq istəyindədir: "Ortaq məxrəc axtarırlar. Ermənistan bilir ki, Aİİ-nə üzv olacaqsa, daxildə ciddi böhran vəziyyəti yarana bilər. Avropadan da uzaqlaşmaq istəmir. Amma faktiki olaraq, bu dəqiqə Gömrük İttifaqının sənədlərinə imza atacaqlarını, Aİİ-nə qatılacaqlarını bəyan ediblər. Ancaq bütün bunların nəticəsində Serj Sarkisyan getməyəcək. Çünki, Ermənistanda elə bir qüvvə yoxdur. Digər tərədən Ermənistan boşalıb. Qalanlar da hökuməti qoruyurlar. Amma Ermənistanda milli ruhlu şəxslərlə bərabər, tarixən terrorist meylli insanlar da çox olub. Əgər Serj Sarkisyan Aİİ sənədlərinə imza atarsa, vaxtı ilə Ermənistan parlamentindəki güllələnmə hadisəsinə oxşar hadisələr təkrar oluna bilər".

Sizin Reklam Yeriniz